kitab

Övladlarınıza erkən yaşdan kitab oxuyun

Baxış sayı: 1. 664

Pedaqoq Sonnur Kükürtə görə, əksər valideynlər uşaqlarına kitab oxumağın faydalarından xəbərsizdirlər. Pedaqoqun şəxsi bloqunda yayımlanmış yazıda erkən yaşlardan uşağa kitab oxumağın onun inkişaf mexanizminə güclü təsir etdiyi və valideynlərlə daha səmimi ünsiyyət qurmasına kömək etdiyi vurğulanır: “Uşağınızla nə qədər birbaşa, göz təması quraraq və yüksək səs tonu ilə danışsanız, onun zehni inkişafı və böyüməsinə bir o qədər çox kömək etmiş olacaqsınız. Kitab oxunan uşaqlarda diqqətin mərkəzləşməsi problemi olmur, üstəlik, uşağın yaddaşı möhkəmlənir. Övladınız üçün kitab oxumaq həm onun mənəvi dünyasının doymasına, həm söz bazasının genişlənməsinə, həm də əqli fəaliyyətinin sürətlənməsinə əvəzsiz kömək edəcək. Ona görə də altı ayından etibarən övladlarınıza kitab oxumaq onun səsinizi daha tez tanıması, həm də sizə daha doğma hiss etməsi üçün olduqca güclü üsuldur”.

Pedaqoq onu da iddia edir ki, uşağınıza nə qədər çox kitab oxusanız, o da kəlmələrlə bir o qədər tez tanıış olacaq, çevrəsindəki əşyalara, hadisələrə dair daha geniş təsəvvürləri formalaşacaq, istəklərini daha sərbəst ifadə edə biləcək. Çünki məhz eşitdikləri sözlər vasitəsilə uşaqların beynində zəngin sosial şəbəkə yaranır, emosional vəziyyətlərə daha tez reaksiyalar verilir. Belə uşaqlar nəyəsə daha diqqətlə baxır, ona toxunmaq, soruşmaq, kəşf etmək istəyir, gördükləri şeylər haqqında daha çox düşünür, uzun müddət unutmurlar. Əgər siz kitab oxuyarkən o da həmin kitaba baxırsa, gördükləri şəkilləri incələyir, daha sonra onları xatırlamağa, onlara oxşar şeyləri aydınlaşdırmağa çalışır. Üstəlik, ona kitab oxuyarkən çıxan səsləri təqlid edir.
Bəs hansı kitablara üstünlük verilməlidir? Valideynlərin mütəmadi olaraq kitab oxuduğu uşaqlar eyni zamanda oxumağa və öyrənməyə də həvəsli və olduqca meyilli olurlar. Buna görə də valideyn olaraq uşağınızın zehni inkişafına kömək edən, onun görmə, eşitmə və hissetmə duyğularını hərəkətə gətirən kitablar seçə bilməlisiniz, çünki bu, olduqca vacib detaldır. Kitabı xüsusi həyəcan və intonasiya ilə oxusanız, oxuduqlarınız vasitəsilə uşağınıza müəyyən duyğular aşılamaqla qalmaz, eyni zamanda hekayəyə də canlılıq qatar, övladınızı dinləməyə həvəsləndirərsiniz.

“Hansı yaşda olursa- olsun, övladınıza kitab oxumaq üçün zaman ayırın. Ona kitab oxumaq ona aşılamaq istədiyiniz fikirləri çatdırmağın, onu əzizləməyin, aranızda güclü mənəvi bağ qurmağın ən yaxşı yoludur”– deyən pedaqoq bununla həm uşağın, həm də valideynlərin bir-birini daha çox dinləmək və daha yaxın olmaq probleminin həll olunduğunu da iddia edir. Çünki övladlarınız sizinlə keçirdiyi hər anı xoşbəxt an kimi xatırlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir