usaq

Övladlığa götürməylə bağlı yeni idarəetmə modeli nə vəd edir?

Baxış sayı: 834

Ölkəmizdə övladlığa götürmədə yeni idarəetmə modeli yaradılır. Prezidentin yeni fərmanı ilə DOST xidmətləri sırasına övladlığa götürmə üzrə xidmətlər əlavə edilib.

Övladlığa götürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli işlənir.

Övladlığa götürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığa götürmənin ləğvini tələb etmək, Azərbaycan vətəndaşı olan uşaqları əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək fərmanla agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.

Yeni fərmanı müsbət dəyərləndirdiyini deyən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, isti ev, ailə tərbiyəsi və valideyn qucağının olması uşağın sağlam böyüməsində və gələcəkdə daha da inkişaf etməsində mühüm amillərdir:

“Uşaq evlərinin əleyhinə deyiləm. Əlbəttə, uşaq evlərində çox dəyənətli və mehriban insanlar işləyir. Amma hər halda ailə başqadır. Lakin uşağı başqalarına təhvil verərkən ilk növbədə valideyn olmaq istəyən insanların özlərini müəyyən yoxlamalardan keçirmək lazımdır. Bu yoxlamalar həm psixoloji cəhətdən, həm də onların uşağa olan səmimi münasibəti baxımından olmalıdır. Çünki uşaq bir şəxsiyyətdir. Bəzən deyirik ki, “uşaqdır və ağlı heç nə kəsmir”.

Xeyr, bu, belə deyil. Uşağın şəxsiyyət kimi böyüməsində valideynin böyük rolu olmalıdır. Ona görə də valideyn olmaq istəyən insanları psixoloji cəhətdən yoxlamaq, həmçinin onların maddi durumunu bilmək çox vacibdir. Etiraf edək ki, son zamanlar hətta xarici ölkələrdə belə uşağı övladlığa götürüb əməyini istismar edirlər və onu qul kimi işlədirlər. Amma həqiqətən də səmimi qəlbdən uşaq sevən insanların övlad sahibi olmaq arzusu yaxşı haldır”.

S.Qocamanlı qeyd edir ki, ölkəmizdə uşaqlar xarici vətəndaşlara övladlığa verilən zaman dövlətimiz bunu ciddi nəzarət altında saxlamalıdır:

“Həmin uşağın gələcəyi, onun necə yaşaması və böyüməsi, hansı mühitdə olması çox vacibdir. Övladlıq götürmək istəyən insanlarla müqavilə bağlayanda mütləq dövlətimiz də öz şərtlərini qoymalıdır. Azərbaycan tərəfi bildirməlidir ki, övladlığa götürüləcək uşaq bizim vətəndaşımızdır, amma biz onu daim nəzarətdə saxlayacağıq. Yəni, dövlətimiz vətəndaşına olan diqqətini azaltmayacaq. Bəlkə sabah həmin valideynləri uşağı çölə atacaqlar? O qədər belə hallarla rastlaşmışıq ki…

Amerikada və Avropa ölkələrində belə hadisələr çox yaşanıb. Ona görə də gərək müəyyən yaşa kimi dövlətimiz həmin uşağın taleyini nəzarət altında saxlasın. Prezidentin bu sahədə yeni fərmanını və dəyişiklikləri müsbət hesab edirəm. Çünki atılmış uşaqlarımızın hər birinin isti ocağa ehtiyacı var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir