AILE

Övladlığa uşaq götürənlərin sayı niyə azalır?

Baxış sayı: 1. 348
Övladlığa uşaq götürmə sayı son 10 ildə azalıb. Belə ki, 2006-cı ildə Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürülsə də, 2014-cü ildə belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə düşüb. Ötən illərə nəzər saldıqda həm də görürük ki, övladlığa götürmə qaydalarında zaman-zaman dəyişikliklər edilib, nəzarət mexanizmi gücləndirilib. Bəs bu azalmaya səbəb nədir?
 
Azalma ilə bağlı adətən düşünülür ki, prosedur qaydaları çətin ola bilər. Lakin hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, qaydalarda heç bir sərtlik yoxdur, əksinə uşağın mənafeyi düşünülür: “Azərbaycan Respublikasının qanunvericiliyində uşaqların övladlığa götürülməsi ilə bağlı müəyyən olunan normalar, şərtlər, tələblər heç də onların sərtliyinə dəlalət etmir. Onların mövcudluğu uşağın mənafeyinin qorunması, sağlam şəxsiyyət kimi formalaşma zərurətindən irəli gəlir. Dövlət və qanun uşağın mənafeyini düşünüb bu tələbləri müəyyən edib. Ailə Məcəlləsində övladlığa götürülmə ilə bağlı tələb olunan şərtlərə baxanda görürük ki, bir dənə də artıq tələb, süründürməçiliyə dəlalət edən şərt yoxdur. Məsələn, uşağı övladlığa götürmək istəyən şəxsin sağlamlığı haqqında arayışı, işləməsi, məhkumluğu olmaması kimi məsələləri götürək. Təsəvvür edin ki, dövlət bu şərtləri müəyyən etmir və yoluxucu xəstəliyin daşıyıcısı olan bir şəxsə uşaq övladlığa verilir. Yaxud valideynlik hüququndan məhrum edilmiş bir şəxsə necə uşaq övladlığa vermək olar? Müddəalardan hansısa olmasaydı, bu, qanunda boşluq olması demək olardı”.
 
C.Cəfərlinin sözlərinə görə, övladlığa uşaq verilmə sayının statistikada azalmasının səbəbi kimi ümumiyyətlə, Azərbaycanda ailələrdə uşaq sayının az olmasını görür: “Məsələn, 70-80-ci illərin ailələrində 3 və daha artıq uşaq olurdu. 50-60-cı illərdə mövcud olan ailələrdə uşaq sayı daha çox idi. Amma getdikcə ailənin planlaşdırılması adı altında uşaqların sayı azalır. Bu, ümumi tendensiyadır və dünyanın başqa ölkələrində də müşahidə olunur”.
 
 
Hüquqşünas qeyd etdi ki, övladı olmayan ailələrdə bu məsələlərlə bağlı təbliğat getməlidir.
 
Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, azalmanın səbəbləri müxtəlif ola bilər: “Məsələn, əvvəlki illərdən fərqli olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı az ola bilər. Əgər budursa, çox gözəldir. Bu o deməkdir ki, dövlət tərəfindən valideynlərin, uşaqların hüquq və vəzifələri ilə bağlı aparılan maarifləndirmə tədbirləri də öz təsirini göstərib. İndi əlimdə o statistika olmadığı üçün tam dəqiq də deyə bilmirəm”.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2005-ci illərdə internat müəssisələrində valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 2400-dən çox idisə, 2012-ci ildə bu rəqəm 757, 2013-də 685, 2014-15-ci illərdə isə 600-dən bir qədər çox olub.
 
Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli deyir ki, son illər küçələrə uşaqların atılması halları da azalmağa doğru gedir: “Dolayısı ilə övladlığa götürülən uşaqların sayının az olmasında bunun da təsiri var. Həm də ola bilsin ki, cütlüklər ailədən kənardan uşaq götürməkdənsə, müasir tibbin imkanlarından istifadə edərək valideyn olmağı seçirlər. Bu gün süni mayalanma ilə uşaq sahibi olmaq daha rahat başa gəlir, nəinki övladlığa götürmək prosedurlarını keçmək. Sənədləşmə məsələləri çətindir, gözləmə müddəti uzundur. Hələ bir çox insanlar prosesin mərhələləri ilə bağlı xəbərsiz olurlar. Bu kimi halları səbəb kimi görürəm”.
 
V.Akifli qeyd etdi ki, maarifləndirmə tədbirlərinin rolu böyükdür. Bu istiqamətdə daha geniş şəkildə iş aparılmasına ehtiyac var: “Düzdür, biz kimsəsiz uşaqların ailələrdə böyüməsi sahəsində nə qədər maariləndirmə xarakterli tədbirlər, təlimlər keçiririk. Amma bizim bu maarifləndirməmizdən çox süni mayalanma ilə bağlı məlumatlar işıqlandırılır. Kütləvi İnformasiya Vasitələrində, reklam çarxlarında çox güclü reklam gedir. Bu da insanları istiqamətləndirir. Nə ilə bağlı maarifləndirmə işi geniş şəkildə gedirsə, gündəmdə də o daha çox olur. Ona görə biz valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrdə böyüməsi ilə bağlı maarifləndirmə işinin əhatəsini artırmalıyıq. Təlimlər, treninqlər vasitəsilə insanlara övladlığa uşaq götürməyin yolları, şərtləri haqda məlumat verilməlidir. Hüquqi və psixoloji yardımı ailəyə əvvəlcədən keçmək lazımdır. Bizə də müraciət edənlər çox olur. Ofisə dəvət edirik ki, gəlsinlər ətraflı məlumat verək. Amma sonra görürük ki, arxasınca düşmürlər. İstəyən çoxdur, amma sonrası üçün addım atmırlar. Çünki çox məqamda məlumatsız olurlar, özləri dəqiq bilmədikləri üçün işin arxasınca getmirlər. Məlumatlı olsalar nəyi, necə edəcəklərini, hansı məsuliyyəti daşıyacaqlarını bilsələr, məncə, dava çox kimsəsiz uşaq ailələrdə böyüyər”.
 
1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva isə təcrübəsində elə bir azalma müşahidə etmədiyini bildirdi: “Düzdür, məndə ümumi statistika yoxdur. Amma öz təcrübəmə əsasən deyə bilərəm ki, hər hansı azalma yoxdur. Əvvəlki illərdə olduğu kimi, bizdə yenə də ildə 50-55 uşaq övladlığa verilir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir