valideyn ve usaq

Övladlığa uşaq götürməklə bağlı hansı dəyişikliklər gözlənilir?

Baxış sayı: 868

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərin sayı minlərlədir. Ancaq vətəndaşların prosesdə tam olaraq iştirakı  istək olaraq qalır.

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan əsas məsələ Ailə Məcəlləsinə edilən dəyişikliklə bağlı olub. Komitə üzvləri övladlığa uşaq götürməklə bağlı bəzi təkliflər irəli sürüblər. Təkliflərdən biri ailənin orta aylıq gəliri ilə bağlıdır. Əgər orta aylıq gəlir yaşayış minimumunun məbləğindən azdırsa, həmin ailə övladlığa uşaq götürə bilməz.

Bəzi imkanlı ailələr var ki,  illərlə övladlığa uşaq götürə bilmir. Prosedur mürəkkəb olduğundan  ailələr övlad sahibi olmaqdan əllərini üzür.

Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə edilən təkliflərdən belə anlamaq olur ki, sənəd qəbul olunacağı təqdirdə imkansız ailələr övlad sahibi ola bilməyəcək. Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.8-ci bənd əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqların övladlığa götürmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının iki mislindən) az olan şəxslər (ögey ata, ögey ana), yaxın qohumlar (nənə-baba, bacı-qardaş, valideynlərin bacıları, onların övladları istisna olmaqla) övladlığa uşaq götürə bilməzlər.

Ailə Məcəlləsinə edilən dəyişikliklərlə bağlı səslənən təkliflər nə dərəcədə doğrudur?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirir ki,  övladlığa uşaq götürmək gedib bazardan nəsə almaq demək deyil:

“Bu,  insan  taleyidir. İnsan taleyini də dövlət çox normal qaydada ölçüb-biçməlidir. Həmçinin, övladlığa uşaq götürən ailə sabah uşağı xoşbəxt və sağlam böyüdə biləcəksə, uşağı böyütmə gücündə olacaqsa, əksinə, uşağa problem yaratmayacaqsa, qanunvericilik əsasında  prosedur həyata  keçirilə bilər”.

Musa Quliyev qeyd edir ki, ilk növbədə  övladlığa uşaq götürmə proseduru Azərbaycan vətəndaşlarına  şamil edilir:

“Hətta  xaricdə yaşayan vətəndaşlara də övladlığa uşaq vermək mümkündür. Çox zaman xəstə uşaqları humanist məqsədlə xarici vətəndaşlara  verilir. Ancaq sağlam uşaqlar xarici vətəndaşlara verilmir. Bu, dünya təcrübəsində də belədir”.

Sədr müavininin sözlərinə görə, əslində övladlığa uşaq vermə prosesi çətin olmalıdır:

“Ailənin o uşağı böyütmək üçün bütün imkanlarının olub-olmadığı öyrənilməlidir. Digər əsas məqam ailənin tam olması ilə bağlıdır. Əgər ailə tam deyilsə, bu zaman övladlığa uşaq götürmək istəyən qadının psixoloji durumu öyrənilməlidir. Həmçinin, övladlığa uşaq götürmə prosesində yaş faktoru da önəmlidir. Şəxs nə həddindən artıq yaşlı, nə  də gənc olmalıdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirir ki, komitədə bu məsələ geniş müzakirə olunub:

“Övladlığa uşaq götürmə  prosesi sadə məsələ deyil. Qanun layihəsi ətrafında  geniş müzakirə apardıq. Xeyli təkliflər səsləndirildi. Güman ki, bir neçə təkliflər də olacaq. Qanun layihəsi plenar iclasa tövsiyə edilib”.

valideyn

Övladlığa götürülmüş uşaqlarla bağlı yoxlama olacaq

Azərbaycanda övladlığa götürülən uşaqların əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyəti ilə bağlı monitorinq aparılacaq. Bununla bağlı Ailə Məcəlləsinə “Övladlığa götürmədən sonra monitorinq” adlı yeni 119-1-ci maddə əlavə edilməsi təklif olunur.

Təklif edilən yeni maddənin 119-1.1-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir