oyuncaqlar

Oyuncaq seçimi uşaqlar haqqında nə deyir?

Baxış sayı: 1. 651

Günümüzdə uşaqlarla bağlı məsələlərdən biri də oyuncaqların seçimidir. Belə ki, hazırda uşaqların oynaması üçün saysız-hesabsız oyuncaq növləri var. Texnika, texnologiya inkişaf etdikcə, bu say günü-gündən artır. Yaxın rəfiqəm, bu yaxınlarda övladı ilə oyuncaq mağazasına getdikləri zaman yaşadıqlarını mənimlə bölüşdü. O, qeyd edir ki, ən böyük problemi seçim edərkən yaşayıblar: “Uzun müddətdir ki, oğlum yeni oyuncaq istəyirdi. Həftəsonu qərara gəldik ki, birlikdə oyuncaq mağazasına gedib, ona yeni oyuncaq alaq. Əslində, düşünürdüm ki, oyuncaq almaq elə də uzun zaman almaz. Amma təəssüf ki, bir oyuncaq almaq planladığımızdan da çox çəkdi. Səbəb isə oğlumun seçimdə çətinlik çəkməsidir.  Gah oyuncaq maşın götürür, gah müxtəlif rəngli toplara tərəf gedir, gah da böyük ayını seçir. Ən sonda ev tikmək üçün inşaat dəstini götürdük. Məsələ burasındadır ki, həmin oyuncaq dəstindən evdə çoxdur. Nəyə görəsə, məhz bu oyuncağı seçdi. Son vaxtlar müşahidə edirəm ki, tikməklə, qurub yaratmaqla bağlı oyuncaqlara daha çox maraq göstərir”.

 

Rəfiqəmin söhbəti zamanı məndə maraqlı bir sual yarandı:  Görəsən, uşaqların oyuncaq seçimi onların şəxsi keyfiyyətləri, xarakterləri ilə bağlı ola bilərmi? Bu sualın cavabını mütəxəssislərlə söhbətdə tapmağa çalışdım.

 

Mütəxəssislər, uşaqların seçdikləri oyuncağın onların zəkası, maraq dairəsi və xarakterlərinin inkişafına təsir etdiyini deyirlər. Uşaqların oynadıqları əşyalar valideynlərə ciddi mesaj ötürür. Yaxşı olar ki, bu seçimlər zamanı uşaqlarını yaxşı müşahidə etsinlər. Araşdırmalara görə, oyuncaq topla oynayan uşaqların böyüdükləri zaman ya təşkilatçı, ya memar, yumşaq tüklü heyvan oyuncaqları seçənlər ictimaiyyətlə əlaqələr mütəxəssisi və ya psixoloq, uzaqdan pultla idarə edilən maşınlarla oynayanların inşaat və ya avtomatika mühəndisi, taxtadan olan oyuncaqlara və ya oyun xəmirinə maraq göstərənlərin isə rəssam, yaxud heykəltəraş olma ehtimalı yüksəkdir.

Türkiyəli psixoloq Ethem Kocabaş uşaqların fikir və düşüncələrini ifadə etmələrində oyuncaqların böyük rolu olduğunu bildirir: “Əslində, bunu anlamaq elə də çətin deyil. Oyuncaq seçimi uşaqların maraq dairəsinin hansı istiqamətdə inkişaf etdiyini, hazırda hansı fikir və düşüncədə olduğunu göstərir. Yaşa uyğun oyuncaq seçimi, uşağın zəka inkişafını sürətləndirir. Oyuncaq seçimi zamanı keyfiyyətinə də önəm vermək lazımdır”.

 

Mövzu ilə bağlı fikir bildirən psixoloq Vəfa Əkbər qeyd etdi ki, uşağın hansı oyuncaqla oynaması onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər: “Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə, təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olurlar ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Yaxud da evdə qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, oyuncağıdır. Bu zaman uşağı sadəcə, başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir, oğlanlar başqa oyuncaqlarla oynamalıdırlar deyib, onu başqa oyuncağa yönləndirmək olar”.

 

“Gənc Psixoloqlar” ictimai birliyinin baş katibi Rövşən Uğur deyir ki, uşağın xarakterinin inkişafında oyuncaqlar xüsusi önəm daşıyır: “Uşaq özünü, ətrafını oyun ilə tanıyır, öyrənir və bilir. Oyuncaq seçərkən valideynlər çox diqqətli davranmalı və bilməlidirlər ki, düzgün oyuncaq seçimi ilə uşaqlarının əqli inkişafına dəstək olurlar. Bu səbəbdəndir ki, uşağın xarakterinin inkişafında oyuncaqlar xüsusi önəm daşıyır. Ona görə də, seçim zamanı öyrədici tipli oyuncaqlardan istifadə edilməlidir. Buna misal kimi uşaqlar üçün hazırlanan xüsusi növ konstruksiya oyunları, məntiq ilə hədəfə aparan yolu göstərən oyunların seçimi məqsədəuyğundur. Uşaq oyun oynadığı zaman ətrafındakılar ilə əlaqədə olduğu üçün nitqi, hafizəsi, motorikası, duyğu, düşüncə və hissləri inkişaf edir”.

R. Uğur elektronikalı oyuncaqları məsləhət görmür: “Bundan başqa bəzən ailələr uşağa elektronikalı oyuncaqlar alırlar. Bunlar uşağın oyun prosesi zamanı başqaları ilə sosiallaşmasının qarşısını alır. Çünki elektronikalı oyuncaq çox funksiyanı özü icra edir və bu da uşağın təkbaşına oynamasına şərait yaradır. Nəticədə oyun və oyuncağın uşağın yaradıcılığına heç bir töhfəsi olmur”.

Psixoloq bildirdi ki, bəzən valideynlər oğlan uşaqlarının qızların üstünlük verdiyi oyuncaqlarla oynamasından narahatlıq keçirirlər və oğlan övladlarına gəlinciklər və bu kimi oyuncaqlarla oynamağı qadağan edirlər: “Ancaq bilməlidirlər ki, uşaqlar böyükləri örnək götürürlər və uşağın model kimi gördüyü insanlardan biri də anadır. Yəni tutalım, ana evdə yemək bişirir, qabları yuyur və digər növ ev işləri ilə məşğul olur. Evdəki uşaq da onun bu hərəkətlərini öz oyuncaqları ilə təkrarlayırsa, bu, olduqca normal haldır. Lakin bunu sərt qarşılamaq, uşağa bu oyuncaqlarla oynamağı qadağan etməklə, onda həmin oyuncaqlara qarşı olan marağı daha da artırmış olurlar”.

Həmsöhbətim son olaraq qeyd etdi ki, hər uşaq eyni xarakterdə olmadığı üçün bəziləri oyuncaqlarını illər ərzində saxlayır, bəziləri isə əlində olan oyuncaqlarını qırıb dağıdırlar və nəticədə valideynlərdən ona yeni oyuncaqlar almasını tələb edirlər: “Valideynləri və ya qohumları tərəfindən çoxlu oyuncaq alınan uşaqda bir müddət sonra qane olmamaq və özündə olan onlarla oyuncağa baxmayaraq, qonşudakı uşaqlarda gördüyü oyuncaqlardan istəmək kimi bir xüsusiyyət formalaşa bilir. Buna görə də, alınacaq əşyaların miqdarını normada saxlayıb, uşağınıza yaş dövrlərinə uyğun olan oyuncaqlar almaq lazımdır”. (“Kaspi.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir