oyuncaq

Oyuncaqların uşaqların psixologiyasına mənfi və müsbət təsirləri nələrdir?

Baxış sayı: 2. 014

Oyuncaqlara münasibət fərqlidir: Kimisi oyuncağı uşaqları məşğul edən vasitə, kimisi də valideyn üçün pul tələsi hesab edir. Əksər valideynlər isə oyuncaqları alan zaman onların uşaqlarına necə təsir edəcəyi barədə düşünmürlər. Bəs oyuncaqların uşaqlara, onların sağlamlığına, psixologiyasına mənfi və müsbət təsirləri nələrdir?

Uşaq psixoloqu Narınc Rüstəmova bu və digər suallara aydınlıq gətirdi.

 

Oyuncaqlar xəyal gücünü artırır

Narınc xanım deyir ki, oyun və oyuncaqların uşaqların fizioloji və psixoloji inkişafında çox böyük rolu var:

“Oyuna və oyuncaqlara uşaqların başını qatmaq üçün istifadə olunan vasitə kimi baxmaq olmaz. Uşaqlar ünsiyyəti oyuncaqlar üzərində öyrənir. Oyuncaqları ilə düzgün rəftar edə bilən uşağın insanlarla da ünsiyyəti yaxşı alınır”.

Psixoloqun sözlərinə görə, uşaqların çoxu hansısa bir oyuncağa bağlanır və onu dostu kimi görür. Süfrədə öz dostuna da yer açmaq, onunla birgə yemək yemək, onunla yuxuya getmək istəyirlər. Valideynlər isə çox vaxt bunu başa düşmürlər. Daha əvvəl özlərinin də uşaq olduğunu, oyunlar oynadığını unudan bəzi valideynlər oyuncaqlara pul tələsi kimi baxırlar. Ancaq, psixoloqlar heç də bu fikirdə deyillər. Elm sübut edib ki, oyun oynamaq uşağın inkişafına müsbət təsir edir. Oyuncaqlar uşağın yaradıcılığının artmasına, xəyal gücünün inkişaf etməsinə və müəyyən sahələrdə bacarıqlar qazanmasına kömək edir.

 

Hər yaşın öz oyuncağı

Narınc Rüstəmovanın sözlərinə görə, hər yaşın öz oyuncağı var: “Körpələrin səsli və rəngli oyuncaqlarla oynaması məqsədə uyğundur. Səsli oyuncaqlar uşağın diqqətini cəlb edir, fırlanan, hərəkət edən oyuncaqlar onlar üçün daha maraqlı olur”.

Ona görə də valideynlər çalışmalıdır ki, qırmızı, yaşıl, sarı və mavi rəngli oyuncaqları alsınlar. Çünki körpə təkcə bu 4 rəngi tanıyır. Bu rənglər uşaqların diqqətini korreksiya edir, daha intellektual olmalarına, görmə qabiliyyətlərinin inkişafına kömək edir.

Yumşaq, tüklü oyuncaqlar 3 yaşdan sonra uyğundur. Oyuncaqların etiketlərinin üzərində hansı yaşa uyğun olduğu qeyd olunur. Buna diqqət etmək lazımdır.

 

Oyun uşaqların ən ciddi məşğuliyyətidir

Narınc xanım bildirir ki, bahalı oyuncaqlar almaq yerinə uşağın inkişafına kömək edəcək çox funksiyalı oyuncaqlar alsalar daha yaxşı olar:

“Valideynlər uşağın oyuncağı sındırmasını birmənalı şəkildə yaxşı qarşılamır. Oyuncağını sındıran uşaq dəcəl adlandırılır və sındırılan oyuncağın yerinə yenisi alınmır. Ancaq bu, düzgün deyil. Uşaqlar hər şeyi öyrənmək istəyirlər. Ona görə də oyuncaqları sökürlər, açıb içinə baxmaq istəyirlər. Bu normal haldır. Bunları etməyən, oyuncaqlarını sökməyən, araşdırmayan uşaqda isə anormallıq ola bilər. Adətən belə uşaqlar yaşıdlarından geri qalırlar.

Böyüklər uşaqların oyuncaqlarına, oyunlarına hörmət etmir. Uşaq oyun oynayan zaman onu çağırır, oyundan ayırırlar. Halbuki, oyun oynamaq uşaqların ən ciddi məşğuliyyətidir”.

 

Oyuncağın qiyməti yox, keyfiyyəti əsas götürülməlidir

Psixoloq bildirir ki, uşağa oyuncaq alarkən keyfiyyət əsas götürülməlidir:

“Oyuncağın təhlükəsizliyi uşağın sağlamlığı üçün çox vacibdir. Valideynlərin çoxu ya uşağın istəyinə görə, ya da qiymətini nəzərə alaraq oyuncaq seçimi edirlər. Əslində isə seçim meyarları fərqli olmalıdır.

Kanadada uşaq oyuncaqlarındakı təhlükəni aradan qaldırmaq məqsədilə Kanada İstehlakçı Məhsul Təhlükəsizliyi Aktı (CCPSA) adlı sənəd mövcuddur. Buna əsasən, valideynlər oyuncağın üzərində Avropa Birliyi təhlükəsizlik işarəsi (CE) olub-olmadığına diqqət etməlidirlər. Bu işarə oyuncağın təhlükəsizlik standartları baxımından Avropa Birliyinin normalarına uyğun şəkildə hazırlandığını göstərir.

Ekspertdən tövsiyə

Uşaqlara oyuncaq seçərkən aşağıdakı məqamlara diqqət etmək vacibdir:

1. Uşağın yaşı nəzərə alınmalıdır;
2. Uşağa zərər verməyəcək oyuncaqlar seçilməlidir;
3. Kimyəvi boyalardan istifadə olunaraq hazırlanan oyuncaqlardan istifadə olunmamalıdır;
4. Azyaşlı uşağa kiçik hissələrə parçalanan oyuncaq vermək olmaz;
5. İti kənarları olan oyuncaqlardan uzaq durmaq lazımdır;
6. Tez çirkləndiyi üçün tüklü oyuncaqlar doğru seçim deyil.

Oyuncağın təhlükəsizliyi ilə bağlı bu cür xəbərdarlıqlar oyuncaqların üzərində yazılır. Bunlara diqqət etmək və oyuncağı almadan əvvəl həmin yazını oxumaq məqsədəuyğun olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir