Fexri agayev

Öz gələcəyini düşünmək vaxtı – Fəxri Ağayev yazır

Baxış sayı: 966

Bu yazıda hər kəs üçün həssas olan bir mövzuya toxunmaq fikrindəyəm. Bu, bir insan həyatına sığmayacaq vacib məsələyə həsr olunub. Mən insanın məsuliyyət və sevgisi barədə düşüncələrimi bölüşmək istəyirəm.

Demək olar hər birimiz həyatımızın müəyyən məqamlarında övladlarımızın gələcəyini düşünmək zərurətini dərk etməyə başlayırıq. İnsan öz missiyasını sadəcə şəxsi istək və ambisiyaları reallaşdırmaqda deyil, həm də uşaqların, ailənin gələcəyinin təhlükəsiz və firavan təminatında görməyə başlayır.

İnsan inkişafın təbii təkamül prosesini o zaman keçirir ki, öncə uğurlu şəxsiyyət kimi formalaşmağa can atır, daha sonra isə uşaqlarının gələcəyi barədə düşünməyə başlayır. Bu zaman o, cəmiyyətin inkişafına diqqət yetirməyin vacibliyini anlayır. Cəmiyyət qarşısındakı sosial məsuliyyət barədə digər yazımda söz açaram, indi isə mövzumuzun əvvəlinə qayıtmaq istəyirəm.

Öncə tipik bir sahibkarı nəzərdən keçirək. Kiçik biznesə başladığı andan etibarən, sahibkar öz şirkətinin bütün sahələrində iştirak etməyə başlayır: kadrların seçiminə, onların təliminə, təchizatçılarla işin qurulmasına, satış məsələsinə, işgüzar görüşlərə, sərgilərdə iştiraka və digər məsələlərə diqqət yetirir. Biznesin artım səviyyəsinə görə, sahibkar idarəetmə funksiyalarının bir hissəsini muzdlu menecerlərə ötürür. Lakin işdən bütövlüklə ayrılmaq mümkün olmur.

Üstəlik, müəyyən müddət keçdikdən sonra, sahibkar və şirkət arasında valideyn və övlad arasındakı münasibətlərə bənzər emosional münasibətlər formalaşır. Zənnimcə, işgüzar adamların əksəriyyəti mənim sözlərimi təsdiq edə bilər.

Biznes inkişaf etdikcə sahibkarın ixtiyarında olan, yaxud onun birgə sahib kimi fəaliyyət göstərdiyi şirkətlərin sayı da durmadan çoxalır. Bununla da iş məsuliyyəti sürətlə artır, vaxt isə getdikcə tükənib, ehtiyat qıtlığına çevrilir.

Beləcə, gərgin iş illərlə, bəzən hətta on illərlə uzanır. Bu cür gərgin və yaradıcı iş insana təcrübə bəxş edir, maliyyə uğurları gətirir, cəmiyyətdə mövqe tutmağa kömək edərək ona hörmət və nüfuz qazandırır. Uşaqlar artıq böyüyüb, bəziləri hətta xaricdə təhsil almağa müvəffəq olub. Artıq uğurlu biznes və rifah uşaqların gələcəyini düşünməyə imkan yaradır.

Çoxları övladlarının həyatını o cür qurmağa çalışır ki, onlar gələcəkdə bu biznesi davam etdirsinlər, həyatlarında heç bir ehtiyac duymasınlar. Məsələni belə qoymaq olar: gələcəyi necə qurmalı? Biznes strukturunun satışa çıxarılmasını və həyatı bank depozitlərindən asılı etmək variantını nəzərdən keçirmək istəmirəm. Amma varislərə işlək biznes strukturunu miras qoymaq istəyirsənsə, o zaman nə etmək lazımdır?

Hər şeydən əvvəl ilk baxışda sadə görünən suala cavab vermək lazımdır: mənim özümü və aktivlərimi kim qoruyacaq? Kimsə bu suala belə cavab verir: “Tutaq ki, çox şeyə görə mənə borclu olan tanışlarım və qohumlarım. Mən öz aktivlərimi onların adına yazdım və ailə üzvlərim onlara nəyin məxsus olduğunu bilir”. Amma burada bir məsələ var: hüquqi cəhətdən düzgün tərtib olunmamış hər hansı öhdəlik, necə deyərlər, centlmen sazişindən başqa bir şey deyil. Bu cür öhdəliyin yeganə zəmanəti yalnız…adamın sağlığıdır. Miras kimi vacib məsələdə
təsadüfə bel bağlamaq olarmı? Düşünürəm ki, bu çox böyük sadəlövhlükdür.

 

Yaxşı, bəs neyləməli?

İlk növbədə onu anlamalısan ki, əmlakın, aktivlərin, biznesin qorunmasının və sərvətin varislərə problemsiz ötürülməsinin yeganə qarantı – qanundur. Sizə verilən vədlər və şifahi zəmanətlər yalnız o vaxta qədər qüvvədə ola bilər ki, qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsini tələb etmək imkanınız var. Bu öhdəliklər heç vaxt və heç bir halda başqalarına, hətta sizin qohumlarınıza və partnyorlarınıza belə ötürülməli deyil. Heç zaman!

Əgər biz bu faktı qəbul ediriksə, onda sahibkar hazırlığa elə bu dəqiqədən başlamalıdır. Yeri gəlmişkən, gənclərə və işə təzə başlayan biznesmenlərə tövsiyə edərdim ki, öz bizneslərini qanun əsasında və şəffaf şəkildə qursunlar. Bu halda, nə indi, nə də gələcəkdə problem yaranmaz.

 

Beləliklə, nədən başlamalı?

Dərk etmək lazımdır ki, dəyişikliklər dövrü hökmən gələcək. Məsuliyyyət isə sizin üzərinizdədir. İşlərin qaydaya salınmasını heç bir halda sonraya saxlamaq olmaz. Buna vaxt çatmaya bilər. Günü bu gün başlayın. Vacib olan heç də əldə olunmuş sərvətin həcmi və miqdarı deyil, bu sərvətin düzgün sənədləşdirilməsi, hüquqi dillə desək, onun qanuni aspekti əsasdır. Əgər o, qanunla tərtib olunmayıbsa, yaxud öz adına, varislərinin adına deyilsə, onda bu, problemdir və bu problemi yalnız özünüz həll edə bilərsiniz.

Mülkiyyətə aid sənədlərin qaydaya salınması həyatı təhlükəsiz edir, hətta deyərdim ki, onu xeyli dərəcədə asanlaşdırır. Biznesi leqallaşdırmaq üçün qanunun qarşısında şəffaf olmaq mütləqdir. Öz işinin və varislərinin qarşısında məsuliyyət məhz bundan ibarətdir; övladlarına məhəbbət də məhz budur.

Qüsursuz tərtib olunmuş mülkiyyət hüququnu miras almaqla, siz onu gələcəkdə bir çox xoşagəlməz hallardan qorumuş olur, övladlarınızı ölkəmizin layiqli və hörmətli vətəndaşları edirsiniz. Bunun praktikada necə edilməsi barədə öz seminar və konsultasiyalarımda ətraflı danışacağam.

Dünya dəyişir. Azərbaycan dəyişir. Qazanılmış sərvətin həcmi, yaxud miqdarı deyil, ilk növbədə onun mənbəyi əsas amilə çevrilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir