sac

Öz saçını yolanların xəstəliyi

Baxış sayı: 1. 230

Trixotillomaniya – başda və bədənin başqa hissələrində tüklərin qoparılması və yeyilməsidir. Xəstəliyin səbəbləri, problem əsnasında beyində yaranan dəyişikliklər, digər xəstəliklərdən fərqli cəhətləri, narahatlığın dərəcəsini artıran faktorlarla bağlı tədqiqatlar davam edir. Bəzi araşdırmalar nəticəsində aşkarlanmışdır ki, xəstəlik neyrobioloji müddəti əhatə edir və xəstəliyin proqressiv müddətində genetik faktorlar xüsusi əhəmiyyət daşıyır. Eynilə alkoqolizm, patoloji qumar, depressiya və digər psixiatrik xəstəliklərdə olduğu kimi genetik, duyğusal və mühit faktorlarının icmal nəticəsi ortaya çıxır. Lakin mühüm məqam saç qoparmağın müxtəlif xəstəliklərin komorbid əlaməti kimi ortaya çıxmasıdır. Yəni yüksək hərarət, sidik yolu infeksiyası, gün vurması kimi fərqli səbəblərlə ortaya çıxan xəstəliklərdə olduğu kimi saç qoparma da müxtəlif psixiatrik xəstəliklər əsnasında müşahidə olunur.

 

Etimologiya

1889-cu ildə Fransız dermatoloqu Francois Hallopeau tərəfindən saç qoparma xəstəliyinə bu ad verilmişdir. Yunan dilindən tərcümədə triko – saç, tillo – qoparma, maniya – dəlilik mənasını ifadə edir.

 

Trixotilomaniya daha çox kimlərdə müşahidə olunur?

Bütün yaş dövrlərində, etnik qruplarda və sosioekonomik səviyyədə olan insanlarda müşahidə oluna bilər. Problem uşaqlıq dövründə qız və oğlanlarda eyni yayılma dərəcəsində olduğu halda, yetkinlik dövründə 80-90% qadınlarda rastlanır. Cəmiyyət arasında görülmə tezliyi 1-3%-dir.

 

Problem nə vaxtdan başlanır?

Xəstəlik bütün yaş dövrlərində, ən çox isə 11-13 yaş arasında ortaya çıxır. Aparılan tədqiqatların nəticəsində müəyyən hormonal dəyişikliyin problemin yaranma səbəbi olduğu müəyyənləşdirilmişdir. 1 yaşlı uşaqlarda xəstəliyin müşahidə olunduğu tədqiqatlar mövcuddur.

 

Xəstəlik müdaxilə olmadan korreksiya oluna bilər?

Bir insanda xəstəlik gedişatının necə olacağını təsəvvür etmək qeyri-mümkündür. Ümumiyyətlə, korreksion tədbir görülməyən insanlarda problem uzun illəri əhatə edir və simptomların şiddətlilik dərəcəsinin mütəmadi dəyişməsi, hətta uzun illər remissiya olduqdan sonra yenidən residivləşdiyi müşahidə oluna bilər. Qeyd olunan xroniki forma bütün həyat dövrünü əhatə edə bilər. Lakin uşaqlıq və ya erkən uşaqlıq dövründə başlayan bir çox nümunədə trixotilomaniya qısa bir müddət davam edə və anidən aradan qalxa bilər.

 

Trixotilomaniya ağrılıdır?

Bir çox xəstələr bu prosesin daha çox rahatladıcı olduğunu qeyd edir. Qoparmaq üçün yaranan impuls və qarşısıalınmaz saç və ya tükün qoparılması ilə ortaya çıxan rahatlama halı müşahidə olunur. Bəzi xəstələr bunu qaşınma və ya qaşınıldıqdan sonra yaranan rahatlamaya bənzədirlər. Trixotilomanik şəxs gündə yüzlərlə, minlərlə saç və ya tük qopardığı üçün əl, bilək, dirsək ağrıları yarana bilər. Tük soğanaqlarının iltihabı nəticəsində ağrılı folikulitlər yarana bilər.

 

Trixotilomaniyanın terapiyası

Terapiya xəstəliyin etiketinə görə deyil, xarakterik xüsusiyyətlərinə görə tətbiq edilir. Əsasən psixoterapiya və ağırlıq dərəcəsindən asılı olaraq farmakoterapiya aparılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir