kokelmek

Özbaşına arıqlamaq üsulları ölümə səbəb ola bilər – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 693

Qarşıdan yay fəsli gəlir. Bu isə o deməkdir ki, artıq insanlar onların çəkisini ört basdır edən qalın paltolardan, paltarlardan çıxıb, nazik rəngarəng paltarlar geyinəcək, həmçinin dənizə üz tutacaqlar. Məhz buna görə də bir çox insanları necə arıqlayım sualı düşündürür.
Qışda alınan çəkilər, yaz-yay mövsümünün yaxınlaşması ilə bir anda atılmaq istənir və çarə dietalarda axtarılır. Kimisi qaçmaq, idman etməklə, kimisi dieta ilə, kimisi isə arıqlama dərmanları vasitəsi ilə aldığı kilolardan qurtulmağa çalışır. Bütün bunlardan bir fayda görməyənlər isə ən son variant olaraq mədə kiçiltmə əməliyyatına girir. Təsadüfi deyil ki, arıqlama dərmanlarının reklamları da məhz yaz-yay aylarında daha çox olur.
Maraqlıdır, bəs ən düzgün arıqlama yolu nədir? Həkim məsləhəti olmadan tətbiq edilən dietaların, dərmanların zərəri ola bilərmi?
Bu gün apteklərdə satılan arıqlama dərmanlarına nəzər salsaq, onların bəzilərinin içərisində Azərbaycan dilində tətbiq etmə və ya tərkibi barədə məlumat olmadığını görərik. Ümumiyyətlə, bu cür dərmanların həkim məsləhəti olmadan qəbulu məsləhət deyil. Çünki arıqlamaqla bərabər, müəyyən fəsadlara yol aça, hətta bu cür dərmanların istifadəsi ölümlə nəticələnə bilər. Ekspertlər bildirir ki, bu dərmanları 2-3 gün içdikdə fəsadlar vermir, amma ən azı 1 ay, 1 ay yarım içildikdə fəsadlaşma başlayır, mədə-bağırsaq, ürək-damar, dəri, əsəb xəstəlikləri, yuxu pozğunluqları, qadınlarda isə ginekoloji xəstəliklər, sonsuzluq, hətta onkoloji xəstəliklər yaranır. Bəzi hallarda həmin vasitələr həyati təhlükəyə, ölüm kabusuna çevrilir.
Arıqlamaq üçün əl atılan yollardan biri də internet vasitəsilə ilə tapılan dietalardır. Dietoloq yanına getməyə imkanı olmayanlar internetə üz tutur. Ancaq nəzərə almaq lazımdır ki, internet səhifələrində yazılan arıqlanma dietaları hər orqanizmə uyğun olmaya bilər. “1 həftədə 5 kiloqram çəki vermək”, “7 günə 14 kilo atmaq” başlıqları ilə diqqəti çəkən bu cür dietalar sağlamlıq baxımından ciddi problemləri də özü ilə gətirir. Həzm və sinir sistemi pozğunluqları, qan azlığı, yorğunluq, halsızlıq, baş gicəllənmələri, ürək bulanma və qusma bunlardan yalnız bir neçəsidir. Şüursuz qidalanma, qeyri-kafi qida elementləri maddələr mübadiləsini bir anda çökdürür. Çəki itkinləri yağ yerinə su və əzələdən olur. Maddələr mübadiləsinin yavaşlaması, verilən çəkilərin və hətta daha çoxunun müəyyən bir müddət sonra sürətlə alınmasına səbəb olur.
Diyetoloq Nərmin Əfəndiyeva mütəxəssis məsləhətindən yararlanmağın çox vacib olduğunu deyir: “Çəki itirmək üçün, əlbəttə, peşəkarın biliklərindən yararlanmaq, onun verdiyi istiqaməti tətbiq etmək məsləhətdir. İnsanlar və orqanizmlər müxtəlifdir. İki insan eyni sürətlə, eyni effektlə çəki itirmir. Çəkinin bu və ya başqa halda olması müxtəlif amillərdən asılıdır: genetik, neyro-humoral, ənənələr, vərdişlər, xasiyyət və sairə. Ona görə də, savadlı dietoloqun məsləhəti çox vacibdir. Arıqlama dərmanları var. Mən öz praktikamda onlardan istifadə etmirəm. Çünki onlardan sonra ”dayandırma sindromu” yaranır. Yəni əvvəlcədən itirilən çəki, dərmanın təsiri bitdikdən sonra asanlıqla geri qayıdır. Çəki atmaq üçün kompleks yanaşma lazımdır: həm pəhriz gözlənilməlidir (sağlam və ya tarazlaşdırılmış qidalanma), həm fiziki yük verilməlidir (onsuz sağlam arıqlama mümkün deyil), həm vərdişlər və ənənələr dəyişməlidir. Evdə-qonşuda demotivatorlar olanda xüsusi iş aparılmalıdır. Bir də artıq çəkini itirməyə çalışmaq üçün yayı gözləmək lazım deyil. Sağlam həyat tərzi ilə yaşayan insan daima çəkisinin qeydinə qalmalıdır”.
Arıqlamanın digər yolu isə yuxarıda qeyd etdiyimiz kimi, mədə kiçiltmə əməliyyatlarıdır. Mədə kiçiltmə əməliyyatları adətən bədəndəki artıq çəkiləri idmanla, dieta ilə ata bilməyən və yanaşı olaraq piylənmə nəticəsində hər hansısa bir patologiya əmələ gələn insanlarda həyata keçirilir. Ekspertlərə görə, əgər insanın bədən çəkisi 135-in üstündədirsə və o yanaşı olaraq dieta, idmanla məşğul olub arıqlamağa cəhd edib arıqlaya bilməyibsə və ya arıqlayıb amma qoruya bilməyibsə, o zaman əməliyyat şərtdir. Bədən çəkisi 135-in altında olan bir insanın mədə kiçiltmə əməliyyatı edilməsi isə qadağandır. Çünki istənilən sadə əməliyyat bədən çəkisinin 40 faizini apara bilər. Tutaq çəkisi 90 kiloqram olan bir insan əməliyyat edilsə, o insan 50 kiloqrama qədər arıqlayacaq və nəticədə o insan əvvəlkindən də effektsiz görünüşə malik olacaq. Çəkisi 135-dən aşağı olan insanlar dietoloq yanına və fitness zallarına yönəldilir. Məsələn 170 kiloluq insanın idman və dieta ilə arıqlaması mümkün deyil. Burada bir neçə əməliyyat növündən söhbət gedir, yəni pasinetin olduğu sağlamlıq vəziyyətinə və hansı əməliyyatın onun üçün daha effektiv olduğuna baxaraq bu prosedura seçilir. Seçilən əməliyyatın növündən əməliyyat zamanı istifadə olunacaq sərfiyyat materialları dediyimiz stepler və kartusların marka, həmçinin sayından asılı olaraq bu cür əməliyyatların qiyməti dəyişə bilir.
Qeyd edək ki, hazırda piylənmədən dünya əhalisinin 7 faizi əziyyət çəkir. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9 faizdən 20 faizə qədərində piylənmə, 25 faizdən çoxunda isə artıq bədən çəkisi var. ABŞ-da isə bu, müvafiq olaraq 25 faiz və 50 faizdir. Azərbaycanda yaşı 65-dək olan insanlar arasında aparılan tədqiqatlara görə, ölkədə əmək qabiliyyətli insanların orta hesabla 30-40 faizində piylənmə, 25-30 faizində isə artıq çəki var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri də fast-fud yeməklərinə olan marağın artmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir