emeliyyat

Özəl klinikaların fantastik əməliyyat QİYMƏTLƏRİ – SİYAHI

Baxış sayı: 3. 439

Dövlət xəstəxanalarında pulsuz həyata keçirilən və ya uzağı 50-100 manata başa gələn əməliyyatlar özəl klnikaların “bespredel” qiymət siyasəti nəticəsində “od qiymətinə” olub.

Özəl klinikalar bu məsələdə o qədər “irəli gediblər” ki, hətta adi əməliyyatların, məsələn, el arasında burunda və boğazda “artıq ət” adlandırılan adenoidlər və tonzillitin əməliyyatının qiymətini 500-1000 manatadək müəyyənləşdiriblər.

Gencaile.az xəbər verir ki, “virtualorg.az” qış mövsümündə “artıq ət” probleminin kəskinləşməsini nəzərə alaraq klinikalar arasında həmin əməliyyatın qiyməti ilə bağlı sorğu keçirib.

Mərkəzi Klinikadan bildirdilər ki, burun və boğazda artıq ətin kəsilməsi əməliyyatı 1000 manata başa gəlir. Üstəlik, 49 manat ödəyərək xəstəni müayinə etdirmək tələb olunur. Bu qiymətlərə əməliyyat öncəsi müayinələr daxil deyil. Yəni müayinələrin qiymətləri də nəzərə alınarsa, burun-boğazın artıq ətindən xilas olmaq üçün 1200-1300 manat lazımdır.

“Vital klinika”da burun-boğaz əməliyyatı 600-650 manata başa gəlir. Yalnız burunun əməliyyatı 300 manatadəkdir, lakin boğazın əməliyyatı burun əməliyyatından bir qədər bahadır.

Klinikadan onu da dedilər ki, qiymətləri əsasən həkimlər təyin edirlər. Çünki burun və ya boğazda əlavə problemlər baş verə bilər ki, bu da qiymətlərə təsir edir.

“Modern hospital”da burun-boğazdakı artıq ətdən 738 manat ödəməklə xilas olmaq olar. İşdir, yalnız burundan əməliyyat olunmaq istəyirsinizsə, o zaman qiymət 600 manata düşür. Boğazın əməliyyatı isə burunun əməliyyatından 38 manat bahadır. Əməliyyatın lazerlə aparılması da qiymətlərə təsir edir.

Nəsrəddin Tusi klinikasında da burun-boğaz əməliyyatları mümkündür. Burada həm burunda, həm də boğazdakı artıq əti kəsdirmək üçün 665 manat ödəmək lazımdır. Burunda əməliyyat 465, boğazda əməliyyat isə 565 manatdır. Müayinələrin qiyməti əməliyyatın qiymətinə daxil deyil. Müayinələr isə 150-200 manata başa gəlir.

“Turan” klinikasında qiymətləri yalnız həkim müəyyənləşdirir. 30 manat ödəməklə həkimin qəbuluna düşəndən sonra əməliyyatın qiymətini öyrənmək mümkündür. Amma qiymət 300-500 arasında dəyişir.

“Lanset” klinikasında burun-boğaz əməliyyatı 650 manatdır. Lakin bu klinikada da son qiyməti həkim söyləyir. Həkimin müayinəsi və ümumi analizlər əməliyyatın qiymətinə daxil deyil.

Göründüyü kimi, artıq ət baş bəlasına çevrilib. Özəl klinikaların qiymət siyasəti nəticəsində xəstələr bu klinikalardan uzaq düşməyə məcbur olublar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir