motivasiya

Özümüzü necə motivasiya edək? – GƏNCLƏRƏ TÖVSİYƏ

Baxış sayı: 156
Bəzi insanlar pessimist ruhlu olur. Buna ətrafda baş verən hadisələr, ailə-məişət problemləri, insanlarla arasındakı münasibətlər və ya elə havanın özü də səbəb ola bilər. Bu zaman insanlar mənfi istiqamətdə düşünməyə, özlərini həvəsdən salmağa meyilli olurlar. Hətta bacara biləcəkləri işi belə görməkdən imtina edirlər. Sanki kiminsə onları motivasiya etməsini gözləyirlər. Amma belə olmamalıdır. İnsan gərək özü-özünün motivatoru olsun. Özünə, gücünə güvənsin, düşüncələrini idarə edə bilsin, daim özünü müsbət fikirlərlə motivasiya etsin. Bəs düşüncələrimizi pozitivə necə yönəldək? Bu, insanın özündən nə dərəcədə asılıdır? Bu suallar ətrafında psixoloqla söhbətləşdik.
Psixoloq Aidə Səlim deyir ki, düşüncələrimizi dəyişməyi bacarmaq, həyatımızı dəyişmək üçün atılan ilk addımlardan biridir: “Digər sözlə desək, həyatda hər şey həqiqətən də beyində düşüncələrlə başlayır. Gün ərzində pozitiv olmaq istəyiriksə, bizi xoşbəxt edən işlərlə məşğul olmalı, bizə gərginlik gətirən işlərdən uzaq durmalıyıq. Adətən insanlar “pozitiv düşüncə” deyəndə, sadəcə olaraq, hər şeyin yaxşı tərəfini görməyi nəzərdə tuturlar. Ancaq əslində, pozitiv düşüncə situasiyadan asılı olmayaraq, vəziyyətə uyğun alternativlər tapa, problemin həllinə yönəlmiş, rasional qərarlar verə və real vəziyyəti idarə edə bilməkdir”.
Psixoloqun sözlərinə görə, düşüncələrimizi pozitivə yönləndirmək istəyiriksə, daha çox bizi nəyin xoşbəxt etdiyini müəyyənləşdirməli, bu 3 suala cavab tapmalıyıq: “nəyi oxuyuruq?”, “nəyi dinləyirik?”, “nəyi izləyirik?” Çünki gündəlik həyatımızda vərdiş halına gətirdiklərimiz bizim düşüncələrimizə, pozitiv olub-olmamağımıza bilavasitə təsir göstərir. Adi bir örnəklə, istisna halları nəzərə almasaq, deyə bilərik ki, hər gün ancaq həzin musiqiləri dinləyən birinin təbii ki, düşüncələrini müsbətə çevirmək çətin olar”.
A.Səlim bildirdi ki, ümumilikdə pozitiv düşüncəyə yalnız onu vərdiş halına gətirməklə nail ola bilərik: “Məsələn, iş masamızda və ya otağımızda bizə müsbət təsir edən cümlələr yazılmış kağızlar, şəkillər asa bilərik. Günə bir neçə idman hərəkəti, açıq havada yürüş etməklə başlayaraq da bunu edə bilərik. Çünki daimi olaraq hərəkətsiz qalmaq, heç bir dəyişiklik etmədən, sadəcə bir yerdə olmaq da insanı neqativə kökləyir. Neqativ düşüncələr ağlınıza gəldikdə isə, səsli şəkildə özünüzə pozitiv cümlələr söyləyin. Yəni “Əks aynalama metodu”ndan istifadə edin. Pozitiv düşüncəyə sahib olmaq birbaşa olaraq fərdin özündən asılıdır. Həyatımızdakı hadisələri ətraf mühitlə birgə biz özümüz formalaşdırırıq. Bu hadisələr isə bizim emosiyalarımızı əks etdirir. Bir həqiqəti yadda saxlamaq lazımdır ki, əhatəmizdəki dünya bizim öz əksimizdir. Biz özümüzə qarşı necəyiksə, ətraf da elə olacaq”.
Müsahibimiz deyir ki, hər kəs özünü motivasiya etməyi bacarar: “İnsan həqiqətən də dəyişmək, həyatındakı neqativlərdən xilas olmaq istəsə, ətrafı ona mütləq kömək edəcək. Əgər kiminsə sevindiyini görürsünüzsə, bu o deməkdir ki, beyninizdə artıq şüuraltı olaraq sevinc hissi var, ətraf mühit sizə tərəf gələn xoşbəxtlik barəsində siqnal ötürür. Çünki bizi əhatə edən dünya öz daxili dünyamızdır. İnsanın əhvalının yaxşı olmasına gəldikdə isə, həm psixoloji, həm bioloji, həm də sosioloji faktorlar buna təsir edə bilər. Bu zaman həmin insanın psixi cəhətdən sağlamlığından, kənar təsirlərə nə dərəcədə məruz qalmağından da çox şey asılıdır. Deyərdim ki, insanın bu dünyadakı ən böyük motivasiyası məhz  özüdür.
İnsan özünü necə motivasiya edə bilər? İlk addım olaraq, həyatda nə istədiyini bilmək lazımdır. Çünki hədəfiniz olmadan özünüzü motivə etmək bir az çətin olacaqdır. Hədəflərinizi yazın, niyə məhz onu istədiyinizi tez-tez xatırlayın. Biz nə üçün sevdiyimizi və istədiyimizi unutduğumuz zaman o işi etməkdən yorulur, imtina edirik. Ona görə də hədəflərinizi və onları niyə istədiyinizi tez-tez özünüzə xatırladın. Gündəlik görməli olduğunuz işlərin siyahısını tutun, rejimli yaşayın. Ən kiçik uğurda belə özünüzü mükafatlandırın. Məsələn, soruşmaq istərdim ki, ən son nə vaxt özünüzə nə isə hədiyyə etmisiniz? Xatırlamırsınızsa, onu bu gün edin. Həftənin bir gününü sadəcə özünüzə ayırmaqla da bu hədiyyəni edə bilərsiniz. Hədəfiniz nə olursa-olsun, ona çatmaq üçün daha çox iki şeyə ehtiyacınız var: bu işə doğru hərəkətə keçmək və qərarlı olmaq. Güzəran psixologiyasında deyildiyi kimi, “hərəkətdə bərəkət var”.
Psixoloq mühitin pozitiv düşüncəyə təsiri məsələsinə də toxundu: “Hazırkı dövrdə ətraf mühitin insanların yaşam tərzinə təsiri həddən artıq böyükdür. Sadəcə, bunu müsbətə doğru yönləndirmək lazımdır. Məsələn, sizdən hər dəfə bir mövzuda kömək istəyirlər, bir gün artıq yorulursunuz. Ancaq əgər kimsə sizdən kömək etməyinizi istəyirsə, bu o deməkdir ki, o insan ağlına gələn, düşüncələrində olan bütün imkanlardan istifadə edib. Ətrafınızdakı problemləri həll etməkdə insanlara yardım edə bilirsinizsə, deməli, siz həm də təcrübə qazanırsınız. Və öz həyatınızda o problemin yaranmasının da bir növ qarşısını alırsınız. Ətrafınızda nə qədər çox pozitiv ruhlu insanlar olarsa, bu sizə müsbət təsir edəcək. Həyatınızda neqativ nə varsa, uzaqlaşdırın. Daima şikayət edən, hər şeyə narazılığını bildirən, sizə mənfi enerji ötürən insanlardan, sizi neqativə aparan mahnılardan kənar olun. Təmiz havada çox olun, yuxu rejiminizə diqqət edin. Ən əsası, özünüzü olduğu kimi sevin və qəbul edin. Həyatınıza pozitiv düşüncəni dəvət etməkdən çəkinməyin. Siz istəsəniz, o mütləq gələcək”.
Günel Azadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir