Pakistanlı oğlanla azərbaycanlı qızın məhəbbəti – MÜSAHİBƏ

Baxış sayı: 467

Onlar ailə qurmaq üçün mübarizə aparıblar. Tək məqsədləri xoşbəxt ailə qurmaq olub və bu məqsədlərindən dönməyiblər. İki illik mübarizədən sonra istəklərinə çatıblar. Nə ayrı-ayrı ölkələr, nə məsafə, nə də ailələr onların sevgisinə mane ola bilib. Onlar düşünür ki, sevginin nə dili, nə dini, nə də vətəni var…

“Ailə” rubrikamızın bu dəfəki qonaqları pakistanlı Kaşif Əli və həmyerlimiz Turanə Əlidir. 4 ildir ki, ailə qurublar. Əvvəlcə müsahiblərimizin tanışlıq tarixçəsindən başlayaq…

O, fərqli idi…

Onların yolu təhsil aldıqları ali məktəbdə kəsişib. Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alan Turanə dekanın təklifi ilə qrupunu dəyişib və Əlinin olduğu qrupa keçib. Tanışlıqları da məhz bu andan başlayıb: “Universitetin ilk günü idi. Dekan otağa girdi və buradan br qızın digər qrupa keçməli olduğunu dedi. Düşünmədən əlimi qaldırıb qrupumu dəyişmək istədiyimi bildirdim. O vaxtdan da Əlini yaxından tanıdım. Onunla münasibətimiz çox yaxşı idi. Hər dəfə ailəsindən, ölkəmizə gəldikdən sonra yaşadığı çətinliklərdən danışırdı. Əslində elə gördüyüm gündən Əli mənə çox doğma gəlmişdi”.

Əli deyir ki, Turanəni digər qızlardan fərqləndirirmiş. Ən çox da gələcək həyat yoldaşının sadəliyi onun diqqətini çəkib: “Turanə kosmetika vurmurdu. Çox sadə idi. Xasiyyəti də yaxşı idi. Onun uşaq kimi saf, təbii olması məni çəkdi və anidən qərar verdim ki, bu qız mənim həyat yoldaşım olmalıdır. 2005-ci ildən Azərbaycandayam. Bu müddət ərzində çox insanla rastlaşdım. Amma Tutu (Turanəyə Tutu deyə müraciət edir – A.Ə.) onların hamısından fərqli idi. Sonra birlikdə Qız Qalasına getdik. Orada ailələrimiz haqqında danışdıq və bu görüşdən sonra münasibətlərimiz daha da doğmalaşdı. Bütün dərslərdə artıq birlikdə otururduq. Hətta tənəffüslərdə də birliktəydik. Artıq dekabr ayında evlənmə təklifi etdim”.

“Qızım, hər şey üçün tezdir, vəssalam…”

Turanə deyir ki, bu təklifi gözləmədiyi üçün təəccüblənib: “Ailəsi başqa ölkədə yaşayırdı və mən tanımırdım. Daha sonra məni ailəsi ilə “skayp”da danışdırdı. Hətta bacıları ilə də tez-tez yazışırdım. Onlar razı idi. Amma mənim ailəm Əli əcnəbi olduğu üçün qətiyyən razı deyildi. Bizi ayırmaq üçün əllərindən gələni edirdilər”.

Turanə məsələni atasına özü danışıb. Lakin yenə də “yox” cavabı ilə qarşılaşıb: “Anamla bacılarımın razı olmadığını bilirdim. Amma mənim geri addım atmaq fikrim yox idi. Atamla danışdığım gün ömrümdən ömür getdi. Atam bir kəlmə dedi ki, “qızım, hər şey üçün tezdir, vəssalam…” Sonra anama demişdi ki, qıza de, o fikri beynindən çıxarsın. Bundan sonra sözün həqiqi mənasında qırğınlar başladı və onları heç bir yolla razı sala bilmirdim”.

“Hər şərdə bir xeyir var”

Həmin il Əli Pakistana qayıtmalı imiş. Lakin viza ala bilmədiyi üçün Azərbaycanda qalmalı olub. Turanə deyir ki, Əlinin gedə bilməməsi də bir qismət idi. Çünki o getsəydi, hər şey başqa cür olacaqdı… Bundan sonra münasibətlər daha da istiləşməyə başlayıb: “2 il mübarizədən sonra Əli ilə mənim münasibətimi qəbul etdilər. İndi Əli ən çox sevdikləri kürəkənləridir”.

Müsahiblərimiz həm Azərbaycanda, həm də Pakistanda özlərinə toy ediblər.

Sevgi elə həmin sevgidir…

Əcnəbi ilə ailə həyatı qurmağın müsbət və mənfi tərəflərinə gəldikdə isə, müsahiblərimiz deyir ki, fərqi yoxdur, istər əcnəbi olsun, istərsə də yerli, əsas olan düzgün insanı seçə bilməkdir: “Əgər ailə həyatı qurduğunuz insan həqiqətən sizə uyğun və düzgün adamdırsa, bu zaman sizin üçün hər şey yaxşı olur. Əsas olan aranızdakı sevgi və bir-birinizə dəyər verməyi bacarmaqdır. Bunlar oldusa, heç bir məsafə, dil sizin xoşbəxtliyinizə mane ola bilməz. Çünki hamımız insanıq və hər kəsdə ürək eynidir. Sevginin əcnəbisi, həmyerlisi olmur. Bu gün bir oğlumuz var və qızımızın da yolunu gözləyirik. Bəzilər düşünür ki, öz millətimizə nə olub ki, əcnəbi ilə ailə qurursuz? Amma sevgi millətə, dilə, rəngə baxmır axı… Sevgi elə sevgidir”.

“Susmağı bacarırıq”

Müsahiblərimiz ev işlərində də bir-birinə kömək edirlər. Turanə deyir ki, Əli heç vaxt dilinə gətirməz ki, bu, mənim işim deyil: “Bir-birimizə həmişə kömək edirik. Bəzən uşağa Əli baxır, mən işlərimi görürəm, bəzən də əksinə olur. İşlərimizi ədalətlə bölürük (gülür)”.

“Kişinin ürəyinə gedən yol mədəsindən keçir” deyirlər. Azərbaycan və Pakistan mətbəxi fərqli olduğu üçün Turanəylə yemək məsələsini də müzakirə etdik. Müsahibimiz deyir ki, Əli Azərbaycan mətbəxini çox sevir, amma Turanə də Pakistan mətbəxini sevdiyi üçün evdə ən çox Pakistan yeməkləri bişirilir: “Pakistan mətbəxi damaq dadıma uyğundur. Pakistana getməmişdən öncə internetdən onların yeməkləri ilə maraqlanırdım. Sonra orada baldızlarım mənə öyrətdi. Pakistan yeməklərini dadlı bişirə bilirəm. Bu səbəbdən yemək problemimiz olmur”.

Cütlüyümüz problemlərini susmaqla həll edirlər. Əli deyir ki, əsəbi olan zaman iki tərəf də susmağı bacarsa, o zaman problem yaranmır : “Təbii ki, hər ailədə olduğu kimi, bizim ailədə də müəyyən problemlər olur. Amma biz problemlərimizi susmaqla həll edirik. Çünki insan əsəbi olduqda nə danışdığını bilmir və hadisələri düzgün qiymətləndirməyi bacarmır”.

Xoşbəxtliyin sirri

Xoşbəxtliyin sirrinin nə olduğuna gəldikdə, Turanə deyir ki, həyatda xoşbəxt olmaq üçün səbəblər çoxdur. Sadəcə, onları görməyi bacarmaq lazımdır: “O qədər problem olur ki, indiki dövrdə yaşamaq çətindir. İstər maddi, istərsə də mənəvi çətinliklər insanları yorur. Ona görə xoşbəxt ola bilmirlər. Amma xoşbəxt olmağa o qədər səbəb var ki… Sadəcə, görmək lazımdır. Hər iki tərəf xoşbəxt olmağı istədikdən sonra heç bir maneə qalmır. İnsan ailəsi üçün nələrdənsə keçməyi bacarmalıdır. Amma özü olmaqdan da imtina etməməlidir. Həm ailənin tələb etdiyi istəkləri, həm də öz istəklərini bərabər aparmağı bacarmalısan. Bu zaman heç bir çətinlik sənin xoşbəxtliyinə əngəl ola bilməz”.

Əli isə düşünür ki, xoşbəxtliyin sirri həyatda sözün əsil mənasında yarını tapıb ona inanmaqdadır.

“Sevgi dəhşətli hissdir”

Əcnəbi ilə ailə qurmaqdan çəkinən qızlara məsləhət verən Turanə deyir ki, insan sevməkdən və sevgisinin ardınca getməkdən qorxmamalıdır: “Lakin bu o demək deyil ki, hər şeyə kor-koranə yanaşmaq lazımdır. Reallığı da görmək vacibdir. Sevgi dəhşətli hissdir. Kimi sevdiyini bilməlisən və güvəndikdən sonra onun üçün mübarizə aparmaqdan qorxmamalısan”.

Əli isə düşünür ki, insanın niyyəti düzdürsə, o, heç vaxt səhv insanla qarşılaşmaz: “İnsanın özü əməli-saleh, düzgün olduqdan sonra heç bir çətinlikdən qorxmamalıdır. Çünki hər kəsin qarşısına məhz özü kimi insanlar çıxır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir