ramazan

Paklıq, barış, bağışlanma ayı

Baxış sayı: 479

Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. Hələ bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb ki, Şamaxı Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, Ramazan ayı aprelin 2-də daxil olacaq, mayın 2-3-ü isə Ramazan bayramı qeyd ediləcək. Bununla yanaşı, QMİ Qazilər Şurası Ramazan ayının başlaması ilə bağlı fətva da verib.

 

On bir ayın sultanı

İslam dinində bir insanın müsəlman olması üçün kəlmeyi-şəhadət gətirməsi, hər gün namaz qılması, nəfsini tərbiyə etməsi – oruc tutması başlıca şərtdir. Oruc tutan müsəlman çəkdiyi aclıq hissi ilə kasıblara qarşı mərhəmət hissi duyar. Məhz bu kimi səbəblərdən İslamda ilin ayları arasında Orucluq ayı – Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. 30 günün tamamında Orucluq – Ramazan bayramı qeyd olunur. Tarixi müsəlman təqvimi ilə hicrətin 2-ci ilindən (miladi 623-cü il) başlanan bu bayram 27 oktyabr 1992-ci ildə Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

 

Min aydan qüdrətli gecə

Ramazanı müqəddəs edən ən mühüm səbəb məhz bu ayın gecələrinin birində Qurani-Kərimin nazil olmasıdır. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinməsə də, ümumi yanaşma belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biri, tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-nə təsadüf edir. Müqəddəs Qurani-Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılıb: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

 

Oruc tutmaqla pis əməllərdən çəkinmək

Qurani-Kərimin “Əl Bəqərə” surəsinin 183-cü ayəsində yazılıb: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Oruc tutmaqdan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adamorucu pozan hərəkətlərdən imtina etməlidir. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

 

Fitrə canın sədəqəsidir

Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edirlər. Bayram günü hər kəs öz himayəsində olanlar adından kasıblar üçün fitrə zəkatı verməlidir. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

 Seyid Camal Ezimbeyli

Milli-mənəvi dəyərlərə bağlılıq

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirir ki, Ramazan İslam tarixində bütün müsəlmanların təqdir etdiyi, böyük bir duyğu, coşqu, həsrət içərisində gözlədikləri mərhəmət, şəfqət və bağışlanma ayıdır. Onun sözlərinə görə, orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir: “Allah “Qurani-Kərimin nazil olduğu Ramazanın bütün yaradılmışlar üçün mərhəmət, rəhmət, şəfqət, barış, oyanış ayı kimi qəbul olunmasını hökm edib. Sevimli peyğəmbərimiz Məhəmməd (s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Bu mübarək kəlam hər bir müsəlman tərəfindən təqdir olunur. Hamı bu ayın bərəkətindən, rəhmətindən payını almaq üçün oruc tutur, namaz qılır, ibadətini davam etdirir. Hətta İslam dininə etiqad göstərməyən vətəndaşlarımız da Ramazan ayına, oruc tutanlara, ibadət edənlərə hörmətlə yanaşır, öz xeyirxah əməlləri ilə yardımlaşma ənənələrini davam etdirirlər. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Azərbaycan dünyəvi ölkə olsa da, ölkəmizdə dini bayramlar, xüsusən də Ramazan və Qurban bayramları dövlət səviyyəsində, rəsmi şəkildə qeyd edilir. Bu da Azərbaycan dövlətinin və ölkə başçısının milli-mənəvi dəyərlərə bağlılığından qaynaqlanır”.

 

Allah nəzərində bəyənilən əməllər

Onu da əlavə edək ki, orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu müqəddəs Ramazan ayında Allah bütün müsəlmanların ibadətlərini, o cümlədən orucunu, xoş niyyət və dualarını qəbul etsin. Amin!

 

Rufik İSMAYILOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir