kitab

Pandemiyanın zərər vurduğu kitab sənayesi

Baxış sayı: 814

Dünyanın hər yerində kitab bazarları böhranla üzləşib. Mütəxəssislərin bir qismi vəziyyəti pandemiya ilə bağlayırlarsa, bir qismi, ümumən kitaba marağın azalması, mütaliə üçün internet resursların mövcudluğu və başqa səbəblərlə əlaqələndirirlər. Məsələn, Rusiya kitab bazarı son on ildə ən böyük itki ilə qarşılaşıb. İnternet vasitəsilə satış təşkil etmək, elektron formatlar da koronavirus böhranı ilə mübarizədə acizdir. Naşirlər offlayn satışları təşkil etmək üçün bütün cəhdləri göstərsələr də, uğursuzluqla üzləşirlər.

2020-ci ilin ilk üç rübündə Rusiyada 255 milyon nüsxə kitab nəşr olunub. Ekspertlər bu rəqəmin bir il əvvələ nisbətən 20% az olduğunu bildirirlər. İlin sonuna qədər azalma, internet üzərindən alış-verişə olan tələbin aşağı düşməsini də nəzərə alaraq, bu, ümumiyyətlə son illərin böhranından bəri ən güclü geriləmə hesab edilir. Mütəxəssislər, ümumiyyətlə, Rusiyanın kitab sənayesinin xarici bazarlardan daha pis vəziyyətdə olduğunu qeyd edirlər. Rusiyadakı satışlar, məsələn, ABŞ-da (dünyanın ən böyük kitab bazarı) və Böyük Britaniyadakı (üçüncü ən böyük bazar) satışlardan daha çox azalıb. Bu mənada Rusiyada vəziyyət ABŞ, Böyük Britaniya və ya Fransadakından daha ağırdır.

İnternet Nəşrlər Assosiasiyasının rəhbəri Vladimir Xaritonov rus bazarının daha böyük həssaslığının səbəbini ölkədə pandemiya başlamazdan əvvəl onlayn kitab satışlarının xarici ölkələrdə olduğu kimi qurulmaması ilə əlaqələndirir: “Rusiyada internet mağazalarının infrastrukturu hələ o qədər də inkişaf etməyib, bölgələrdə kifayət qədər kitab satış məntəqəsi yoxdur. Həmçinin   oxucuların kütləvi şəkildə onlayn kitab almaq vərdişləri formalaşmayıb. Məsələn, Novosibirsk, Krasnodar, Xabarovskdakı onlayn mağazaların anbarlarına çoxlu kitab yerləşdirdik və bölgələrə uyğun reklam kampaniyalarına başladıq, amma işə yaramadı”.

“Alpina” nəşriyyat qrupunun baş direktoru Aleksey İlyin də bu fikri təsdiqləyir: “ABŞ-dakı nəşriyyatçılar yaxşı işləyirlər, çünki 20 ildən çoxdur ki, pərakəndə satışların yarısından çoxunu təşkil edən nəhəng “Amazon” var.  Bu şirkət ABŞ-ın istənilən yerində mallar təqdim edə bilər. Kitab almaq istəyən hər bir amerikalının ağlına ilk gələn “Amazon” olur. Təəssüf ki, həmişə kitab mütaliəsi ilə nümunə göstərilən Rusiyada belə bir sistem qura bilmədik. Xüsusən Rusiyanın ucqarlarında vəziyyət daha çətindir. Pandemiya isə ən böyük zərbəni elə kitab sənayesinə vurdu”.

 Optimal olmayan variant

“Bizim nəşriyyatlar korona böhranı ilə necə mübarizə aparır? Vəziyyətdən çıxış yollarını nədə görürlər?” sualları ətrafında söhbətləşdiyimiz naşirlərin fikirləri vəziyyətin heç də qonşu Rusiyadan yaxşı olmadığını deməyə əsas verir. Xüsusən, onlayn kitab satışı ilə bağlı infrastrukturun təşkil olunmaması, kitab mağazalarının azlığı, elektron kitab satışı ənənəsinin olmaması və bunu formalaşdırmağa cəhdin yoxluğu bu sahədəki böhranı dərinləşdirən məqamlardır. Pandemiyanın yaratdığı çətinliklər, sərt karantin rejimi,  ali və orta ümumtəhsil məktəblərinin distant təhsilə keçməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, ümumən, insanların diqqətlərini daha çox sosial problemlərin həllinə yönəltməsi, belə deyək, kitab oxumaq halında olmamaları da, təbii ki, kitabçıların bazarına təsirsiz ötüşməyib. Ölkədə karantin rejiminin qapatdığı kitab mağazalarının fəaliyyət göstərməməsi,  nəşr sənayesinə,  xüsusən  “sürprizlər” yaşadır.

Pandemiyanın zərər vurduğu kitab sənayesi

Çıxış yolu nədədir?

“Qanun” nəşrlər evinin rəhbəri  Şahbaz Xuduoğlu yaranan çətinliyi COVİD-19 pandemiyası ilə əlaqələndirir: “Başa düşürük ki, həyatımız gərginləşib. İndi virusa yoluxanların sayı artır, vəziyyət gərginləşir. Dövlət bununla bağlı tədbirlər görməlidir. Bütün hallarda bu, ümumi gələn bəladır. Hamımız birlikdə bu bəlaya qalib gəlməliyik. Amma hesab eləmirəm ki, kitab dükanlarının bağlanması ən optimal variantdır. Bəlkə də daha fərqli tədbirlər görmək olardı. Həftə sonları onlayn satışlar da qadağan olunub. Axı bizdə onlayn satışlar da yayğın bir üsul deyil”. Naşir, bununla belə internet üzərindən kitab satışlarını həyata keçirməyə çalışdıqlarını deyir: “İnternet satış üzərindən bütün  növ ədəbiyyat alınır. Bu, əlbəttə zövqə baxır. İndi daha çox özünüinkişaf kitabları, detektiv əsərlər alınır. Son vaxtlar tarixlə bağlı kitablara maraq artıb. Xüsusən, 44 günlük müharibədən sonra bu əsərlərin satışında artım var. Ümidimizi itirmirik. Artıq bir ildir pandemiya şəraitində işləyirik. Kitab mağazaları işləmir. Buna baxmayaraq, biz nəşriyyatı qoruyub saxlayırıq. Yenə əvvəl olduğu kimi, hər gün yeni bir kitab nəşr edirik. Bizi yaşadan ümiddir”.

 Kitab mağazalarını açıq saxlamaq olardı…

“Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq “bu böhranda, şübhəsiz, daha çox mənfi təsirə məruz qalan sahələrdən biri də kitab sənayesidir” deyir: “Son illərdə müəyyən inkişaf olsa da, hər kəsə məlumdur ki, ölkəmizdə kitabçılığın vəziyyəti ürəkaçan deyil. Pandemiya dövründə isə gəlirlərin kəskin azaldığını nəzərə alsaq, bu vəziyyət daha da ağırlaşıb. Hazırda insanlar gündəlik tələbat mallarının alınması ilə kifayətlənirlər, əllərindəki pulları ölçülü-biçili xərcləyirlər. Kitab isə çox təəssüf ki, əksər insanlarımız üçün zərurət hesab olunacaq vasitə deyil, istehlak siyahısında son yerləri tutur. Gəlirlər azaldıqca, kitab o siyahıda öz yerini başqa ehtiyaclara verməli olur. Son 2-3 ildə bir sıra gənc dostlar da kitabçılıq sahəsinə üz tutmuşdular, canlanma var idi, kiçik də olsa, yeni nəşriyyatlar yaranmağa başlayırdı. Hazırda isə görünən budur ki, onlar fəaliyyətini dondurublar, yaxud birdəfəlik dayandırıblar. Bu sahəyə hər hansı formada dövlət qayğısı olmasa, kitabçılığın gələcəyi yaxşı görsənmir”. Naşir deyir ki, internet üzərindən kitab satışını təşkil etməyə nail olsalar da, sonradan müharibə şəraiti yaranıb: “Pandemiyanın birinci dalğasında kitab mağazaları bağlı olanda nəşriyyatlar, eləcə də “Parlaq imzalar” satışı onlayn formada həyata keçirirdi. Biz iki ay müddətinə çox əlverişli, o günə qədər etmədiyimiz formatda endirim kampaniyası və ölkə üzrə pulsuz çatdırma xidməti həyata keçirdik. Oxucularımız da çox razı qaldılar. Sözün əsl mənasında komanda olaraq gecə-gündüz çalışdıq və deyə bilərəm ki, pandemiyanın birinci dalğasından az zərərlə çıxmağı bacardıq. Sonra yay fəsli… Yay ayları kitabçılıq üçün zəifləmə dövrüdür, bu müddətdə nəşriyyatlar daha çox payız-qış mövsümünə hazırlaşırlar. Sonra Vətən Müharibəmiz başladı. Şanlı müharibəmiz və döyüş meydanında qəhrəmanlıq əsərləri yazan əsgərlərimiz biz naşirlərə də, oxuculara da kitabı və demək olar, hər şeyi unutdurdu. Qələbə sevinci ilə planlar qurub qışa, yəni kitab mövsümünə başlamaq istəyirdik ki, pandemiyanın ikinci dalğası bizi haqladı və indi də ikinci qapanma başlayır”. Naşir əksər şirkətlər kimi, növbəti qapanmaya hazır olmadıqlarını deyir: “İndi insanların gəliri daha da azalıb, o baxımdan onlayn satışda da yüksək nəticənin baş verməsi mümkün deyil”. Naşir pandemiya dövründə kitab nəşri üçün az da olsa müraciətlərin olduğunu deyir:   “Əvvəlki vaxtlara nisbətdə çox az müraciət olur. Müəlliflər hazırda yazmaqdan və kitabdan daha zəruri məsələlər haqqında düşünürlər. Doğrusu, ölkədə kitab əhval-ruhiyyəsi də yoxdur”.

Elektron kitab satışına gəlincə, naşir bildirir ki, bu satış ənənəsi müxtəlif səbəblərdən ölkəmizdə formalaşmayıb. Belə ki, əksər kitabların PDF variantının əlçatanlığı da buna mane olur: “Çox güman ki, gəlirlərin daha da azaldığı bu şəraitdə, oxucuların bir çoxu almaq istədikləri kitabları digər dillərdə PDF şəklində oxumağa başlayacaq”.

Naşir vurğuladı ki, kitab mağazalarının bağlı olması isə nəşriyyatların işinə, ümumiyyətlə, mane olur: “Nəşriyyatların özləri hər nə qədər onlayn satışla məşğul olsalar da, kitab satışlarının əsas və böyük hissəsini kitab mağazaları vasitəsi ilə həyata keçirirlər. Bu halda isə nəşriyyatların gəliri kəskin azalır. Beləliklə, bu sahə ilə bağlı olan insanların da maddi vəziyyəti ağırlaşacaq. Qapanma müddətinin artırılma ehtimalının da olduğunu nəzərə alsaq, tərcüməçi, redaktor kimi, nəşriyyatlarla birbaşa bağlı olan bir çox insanlarla da əməkdaşlıq dayanacaq. Əksər sahələr kimi kitabçılıq sənayesi də kiçilərək “sağ qalmaq” yolunu tutacaq. Bu da, onsuz da çətinliklə ayaqda qalan kitabçılıq sənayesini çox ağır duruma salacaq. Düşünürəm ki, qapanmada kitab mağazalarını istisna etmək mümkün idi. Bu, həm də simvolik bir addım olardı. Necə ki, bioloji ehtiyac baxımından marketlər açıqdır, necə ki, fiziki sağlamlıq üçün apteklər açıqdır, eləcə də ruhi ehtiyac baxımından da kitab mağazalarını açıq saxlamaq olardı. Onsuz da, təəssüf ki, kitab mağazalarında nə növbə var, nə də insan izdihamı”. İki il əvvəl və ya keçən illə vəziyyətlərini müqayisə edən naşir bildirir ki, 2020-ci ilə böyük planlarla başlasalar da, heç hədəflərinin 50%-ni həyata keçirə bilməyiblər. Bununla belə ümidlərini itirmirlər: “Olsun, əsas odur ki, bu boz ildə ordumuz şanlı qələbə qazandı, necə deyərlər, Vətən bağı al-əlvandır! Bu, bütün çətinlikləri unutdurmağa kifayət edir və gələcəyimiz üçün çox böyük ümidlər bəxş edir. Allah şəhidlərimizə rəhmət etsin! Bir ömür onlara borcluyuq!”

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir