TEranE Allahverdiyeva-Monbarbu

Parisdə dolma bişirib, “Şuşanın dağları”nı oxuyan azərbaycanlı

Baxış sayı: 2. 002
Uzun müddət idi ki, Təranə Allahverdiyeva-Monbarbü adlı, əslən Qarabağdan olan vokal ifaçısının Parisdə yaşadığı, “Təranə Paris Baku” ləqəbi ilə məşhurlaşdığından xəbərdar idik. İfaçı ölkəyə gələr-gəlməz, biz də onunla görüşmək istədik. Fikirləşdik ki, yəqin “Bonjour” deyə-deyə, yarıfransız, yarı-Azərbaycan dilində danışacaq. Ancaq müsahibimiz bizi çox təəccübləndirdi. Şirindilli, Qarabağ ləhcəsini unutmayan müsahibimizin dilindən Şuşa kəlməsi düşmürdü. İki qız övladı olan Təranə Allahverdiyeva onlara Ulduza Şuşa və Leyli Şuşa adlarını qoyub. Deyir ki, hər dəfə onların adlarını çəkəndə, Şuşanı xatırlayır. Özü də məhz həyat yoldaşı Erik qızlarının ikinci vətənlərinin Şuşa olduğunu unutmamaları üçün belə bir addım atmağı təklif edib. Cütlüyün bu qərarına yalnız “əhsən” demək olar.
– İki qız övladınız var – Ulduza Şuşa və Leyli Şuşa. Övladlarınızın ad məsələsində deyəsən daha çox sizin sözünüz keçib?
– (gülür) Elə deyil. Erik məni sevəndə mənimlə bərabər mədəniyyətimi, adətlərimi, ölkəmi də sevib. Hərdən düşünürəm ki, elə bil Erik Azərbaycanda anadan olub. Çox zaman forumlarda, sosial şəbəkələrdə hansısa erməni öz lobbiçiliklərini yürüdəndə, Erik ona cavab yazır ki, siz yanlış düşünürsünüz, böyük təşkilatlar sizin haqqınızda bu fikirdədir. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Mən elə şeylərə vaxt tapa bilmirəm. Hərdən deyirəm ki, elə bil sən şuşalısan. Erik mənim vətənimi, ölkəmi çox sevir və hər yerdə onun həqiqətlərini müdafiə edir. O ki qaldı qızlarımın adlarına, onlar dünyaya gələndə, biz belə qərara gəldik ki, hər ikisinə  azərbaycanlı adı qoyaq. Ulduza nənəmin, Leyli isə anamın sevdiyi addır. Anam uşaq vaxtı mənim adımı Leyli qoymaq istəyib. Atam isə onun fikri ilə razılaşmayıb. Həm də milli operamız olan “Leyli və Məcnun”u çox sevirəm.  Qızlarımın ikinci adı da Şuşadır. Fransada əsas addan sonra sən ikinci ad da qoya bilərsən. Bu adı ona görə qoyduq ki, uşaqlar Şuşanı unutmasınlar və bilsinlər ki, onların bir tərəfi azərbaycanlıdır. Qızlarıma Şuşa adının qoyulması Erik tərəfindən yürüdülən çox gözəl fikirdir. Erikin bu fikrini dəstəklədim. O, dedi ki, qızlarımız gələcəkdə maraqlansınlar ki, onların ikinci vətənləri də var.
– Onlar Qarabağ haqqında məlumatlıdırlar?
– Hələ yaşları çox azdır. Böyük qızım Ulduzanın 7, Leylinin isə 6 yaşı var. Onlara müharibə barədə heç nə deməmişəm. Sadəcə olaraq Qarabağdan danışmışam. Müharibə, neqativ hadisələr haqqında heç nə danışmamışam. Gələcəkdə Şuşaya getmək istəsələr, hər şeyi onlara izah edəcəm.
– Azərbaycanca danışa bilirlərmi?
– Çox az. Onlar Fransada böyüyüblər. Fransız dilində təhsil alırlar, çevrələri, dostları fransızlardan ibarətdir. Ona görə Azərbaycan dilində çox da ünsiyyətdə ola biləcəkləri adam yoxdur. Tez-tez anamla danışırlar, o da fransız dilində. Evdə Azərbaycan dilində bir mən danışıram.
– Repertuarınızda ən çox sevilən mahnıların biri də “Şuşanın dağları” mahnısıdır. Heç Şuşanı xatırlayırsınızmı?
– Şuşanı hər zaman xatırlayıram. “Şuşanın dağları” mahnısını bir layihəyə salmışam və konsertlərimdə onu da ifa edirəm. “Azərbaycan ruhu” adlı layihə ilə konsert proqramlarım baş tutub. Biz orada videoçarx vasitəsi ilə Azərbaycanın ümumi görüntüsünü əks etdirmişik, əsas görüntünü isə Qarabağı yönləndirmişik. Mən orda həm də ifadan əvvəl mahnının nədən bəhs etdiyi haqqında tamaşaçılara məlumat verirəm. Bu layihəni bir dəfə təqdim etmişik. Orada Qarabağın işğal olunması haqda danışıram, doğulduğum şəhərə dönə bilmədiyimi deyirəm. Səhnədə Azərbaycandan xalçalar, milli atributlar, xonça, Şəkidən gələn mis qablar qoymuşuq. Bir sözlə, biz o səhnədə Azərbaycan ab-havası yaratmışıq. Hətta bu konsertimdə erməni vətəndaşları da iştirak edirdi. Onlar konsertin sonunda yaxınlaşıb, bildirdilər ki, bu, siyasətdir, biz istəməzdik ki, belə olsun.
Adətən xaricdən gələn vətəndaşlarımızdan hansı müğənnilərimizin orada tanındığını soruşurlar. Məsələn, əminəm ki, Parisdə xalq artistimiz Alim Qasımovu yaxşı tanıyırlar. Çünki  hər il azı bir dəfə muğam ifaçımızı orada konsert verməyə dəvət edirlər. 
– Həqiqətən də Alim Qasımov orada tanınır. Fransız kitabxanasında və bəzi satış obyektlərində onun albomları yer alıb. Təəssüf hissi ilə qeyd edim ki, başqa ifaçılarımızı tanımırlar. Son zamanlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqimizin təbliği ilə bağlı Parisdə caz, muğam kimi layihələrin baş tutması nəticəsində fransızlar bizim musiqiyə maraq göstərirlər. Fransızlar hər şeylə maraqlanan, azad ruhlu insanlardır. Onlar mütəmadi olaraq başqa mədəniyyətlər, musiqilərlə maraqlanırlar. Misal üçün, mən konsert proqramı ilə çıxış edəndə, orada milli musiqilərimizə də kifayət qədər yer ayırıram və proqramımın yarısı caz, yarısı isə milli mahnılarımızdan ibarətdir. Görürəm ki, həm dilimiz, həm də musiqimizlə maraqlanırlar.
– Hazırda Fransada hansı musiqilər daha çox sevilir və dinlənilir?
– İstənilən dövrdə klassikanın öz dinləyiciləri olub və bu yenə də belədir. Klassika heç zaman Fransada dəbdən düşməyib. Bu öz yerində. Hazırda Fransada ən çox sevilən musiqi repdir. Ona hip-hop deyirlər. Orada bu janr ən çox satılan musiqi növüdür. Gənclər bunu daha çox dinləyir və maraq göstərirlər.
– Bizdə ifaçıların əsas gəlir mənbələri el şənlikləridir. Bəs Fransada vəziyyət necədir? Orada toy biznesi varmı? 
– Fransada toylar bir az fərqlidir. Bizdə toyu müğənnilər və aparıcılar idarə edir, onlarda isə DJ-lər. Müğənnini toya qonaq kimi dəvət edirlər və o, ya toyun əvvəlində vals oynanılarkən oxuyur, ya da tort kəsilən zaman. Bu zaman da bəylə gəlinin seçdiyi mahnı yer alır. Toy edən cütlüklər toylarında hansı musiqilərin səslənəcəyini əvvəlcədən müəyyənləşdirirlər. Fransada toydan əvvəl şərab içilir, tanışlıqların əsası qoyulur. Bu ərəfədə caz dinləməyi çox sevirlər. Həmin tanışlıq mərasimində canlı ifa eşitmək üçün ifaçılara müraciət edirlər. Fransada ifaçıların əsas gəlir mənbəyi toylar deyil. Onlar korporativ tədbirlərdən, daha böyük layihələrdən gəlir əldə edirlər.
Noyabrda çoxlu anma gecələri keçirilir və bu gecələrdə ifaçılar daha çox qazanır. Belə ki, noyabrda Halloween bayramı keçirirlər. Bu çox qədim bir adət-ənənəyə söykən bir bayramdır. Fransızlarda buna “Tusen” deyirlər. Onlar bu bayram vasitəsilə dünyasını dəyişən yaxınlarını xatırlayırlar. Bu ərəfədə Fransada qəbiristanlıqlar elə gözəl olur ki, insan ora baş çəkmək istəyir…
– Yəni qəbiristanlıqları bəzəyirlər?
– Xeyr. Fransada qəbiristanlıqlar şəhərin ortasında olur. Qəbiristanlıqlar parkın içərisində salınıb. Doğmalarının qəbrini ziyarət edənlər, həmin parkda dincəlmək imkanı da əldə etmiş olur. Paris çox qədim şəhərdir. Onlar bununla bərabər həm də bayram keçirirlər. Müəyyən mövzu seçirlər və onunla əlaqədar konsertlər təşkil edirlər. İfa olunan musiqilər də məhz o mövzuya həsr olunur.
– Təranə xanım, bildiyimiz qədər, fransızların milli rəqsləri yoxdur. Düzdür? 
– Fransızların milli rəqsi “French cancan”dır. Bu rəqs çox çətindir. Onu hər kəs oynaya bilmir. Rəqsin içərisində akrobatik hərəkətlər var. Bizim rəqsimizin növləri çoxdur və qədim tarixə malikdir.
– İki mədəniyyət, iki sivilizasiya arasında hər hansı çətinlik yaşayırsınızmı? 
– Düzünü desəm, heç bir çətinlik yaşamadım. Fransaya gedəndə ilk çətinliyim dil ilə bağlı oldu. Bununla bağlı gülməli hadisələr yaşadım. Onlarda sözü ifadə edərkən hər hansı hərfi səhvi deyəndə söz tamamilə başqa bir anlam daşıyır. Fransaya yeni gedəndə bu çətinliklərlə üzləşdim və yaxın dostlarım da bilərəkdən bundan istifadə edərək mənimlə zarafat edirdilər. Fransız dilində hər söz iki mənalıdır. Onu da içlərində yaşadıqda öyrənirsən. Universitetdə tələbə yoldaşlarım mənimlə zarafatlaşırdılar. Biz öyrəşmişik ki, kişilərə başımızı əyərək, uzaqbaşı, əllə görüşək. Onlar isə buna əhəmiyyət vermirlər. Kişi və qadınla üzlərini toxundurub görüşürlər. Bir məclisdə mənə dedilər ki, bizim şəhərdə 10 dəfə öpüşüb görüşürlər. Düşündüm ki, böyük bir auditoriyası olan məclisdə hər adamla 10 dəfə görüşsəm, gərək bütün günümü orada keçirim. Təbii ki, bu, bir zarafat idi.
Fransaya getməmişdən əvvəl oradakı ab-havaya özümü öyrəşdirmişdim. Anam fransız dili müəlliməsidir və hər zaman bizə Fransa barədə danışırdı. Anam uşaqlıqdan bizdə xarici dillərə sevgi aşılayıb. Mən Fransanı görməmişdən ora vurulmuşdum. Fransada öz həyat yoldaşımla tanış oldum. Orada xüsusi çətinlik yaşamadım. Düzdür, Fransaya yeni gələndə yeməklərlə bağlı çətinlik çəksəm də, sonra öyrəşdim. Hərdən Azərbaycan yeməkləri də bişirirəm. Bizim milli yeməklərimizin hazırlanması çox vaxt aparır deyə, orada asan başa gələn yeməklər hazırlayıram. Çalışıram ki, uşaqların yeməyinə çox diqqət yetirim. Fransanın yeməkləri çox zəngindir.
– Bəs həyat yoldaşınızla necə tanış oldunuz?
– Onunla tələbə vaxtı tanış oldum. Erik kimi biri ilə ailə qurduğum üçün çox xoşbəxtəm.
– Valideynlərinizin Erikə münasibəti necə oldu?
– Ailəm hər zaman mənə güvənib, Təranə nə etmək lazım olduğunu yaxşı bilir, deyiblər. Ona görə də heç zaman məndən nigaran qalmayıblar. Anam fransız ruhu ilə böyüyüb. Babam anamın adını Luiza qoyub. Anama deyirdilər ki, özünüz Laçında anadan olmusunuz, adınızsa Luizadır.
– Siz Şərq təfəkkürü ilə böyümüsünüz, həyat yoldaşınız isə Qərb. Bu sizin ailədə hər hansı problem yaratdımı?
– Ailədən, insanlardan çox şey asılıdır. Mən öz yarımı tapmışam. Yoldaşımla tanış olanda mənə elə gəlirdi ki, biz 10 ildir bir-birimizi tanıyırıq. O, Azərbaycana bəlkə də 15 dəfə gəlib. Azərbaycanı çox sevir, mətbəximizin vurğunudur. Tez-tez mənə deyir ki, lüləkabab, dolma bişir. Mən onunla çox xoşbəxtəm.
– Musiqi ilə ölkələr arasında nə dərəcədə dostluq münasibətləri qurmaq olar?
– Musiqi sərhəd tanımır. Onunla bir çox məqsədlərə nail olmaq mümkündür. Avropa Oyunları zamanı Fransa mili televiziyasında şərhçi oldum. O qədər yaxşı alındı ki. Mənə dedilər ki, Azərbaycanı tanıyırsınız, canlı efirdə rahat danışa bilərsiniz. Mən də yaranan fürsətdən istifadə etdim. Orada Qarabağdan da danışdım. Redaktor kamera arxasında nə qədər etiraz etsə də, mən Qarabağ həqiqətlərini dünyaya çatdırdım. Verilişdən sonra mənə dedilər ki, sizin danışdıqlarınız haqqında o qədər də məlumatımız yox idi. Avropa Oyunları zamanı ordakı həmkarlarım bildirdilər ki, siz ermənilərlə müharibə vəziyyətindəsiniz, ancaq yenə də onların nümayəndələrini öz ölkənizdə qəbul edirsiniz. Dedim ki, bu, Azərbaycan prezidentinin sülhməramlı addımıdır. Bu o deməkdir ki, biz sülhün tərəfdarıyıq. Məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Onlar buna çox təəccüblənmişdilər. Aprel döyüşlərində ermənilər özlərini Fransada elə təqdim etdilər ki, guya bizimkilər onları bombardman edir, öldürülər. Ancaq mən onlara izah etdim ki, bu, özünümüdafiədir. Əgər biz güllə atırıqsa, buna haqqımız var. Orada erməni mənşəli jurnalistlər çox canfəşanlıq edirlər. Fransada bununla bağlı sənədli ədəbi veriliş verdilər. Guya erməni əsgərləri güllələrin altında qalıb. Mən isə öz iradımı bildirdim və dedim ki, o ölən əsgər yad torpaqda nə axtarırdı ki? Orada informasiya verilmir ki, ermənilər Qarabağı zəbt ediblər. Bunların hamısı düşünülmüş bir siyasətdir. Onlar bizi işğalçı dövlət kimi tanıtmağa çalışırlar. Efir vasitəsilə dedilər ki, guya onları güllələyirik. Onlara davamlı hücumlar edirik. Məlumatlı belə çatdırırlar. Bizim də borcumuzdur ki, bu yalanları ifşa edək. Fransızların bir atalar sözü var: “Yalançı nə qədər çox çığırsa da, bu o demək deyil ki, yalan doğruya çevrilir”. Çalışıram ki, onlar məqsədlərinə nail olmasınlar. Canlı yayımdan istifadə etdim. Dedim biz qaçqınlarımızın sayı üzrə dünyada birinci yerdəyik, 1 milyon qaçqınımız var. Heç kimin öz torpağından öz torpağına qaçan qaçqını yoxdur. Mən danışdıqca onlar çox təəccüblənirdilər.
– Bəs o şərhdən sonra təzyiqlərlə üzləşmədinizmi?
– Xeyr. Mən siyasətlə məşğul olmuram. Sənətimlə məşğul oluram. Danışmaq imkanım olsa, danışıram. Mən Qarabağda anadan olmuşam. Nə var onu deyirəm. Hələ ki təzyiqlərlə üzləşməmişəm. Hər zaman hər şey diplomatik həll olunub. Mən “Sarı gəlin” mahnısını oxuyanda, erməni mahnısıdır deyirlərsə, bunu qəbul edə bilmərəm. Onların deməkləri ilə deyil ki. Hərdən deyirəm ki, mahnının adı “Sarı gəlin”dir. “Sarı” da, “gəlin” də bizim sözdür. Onlara sözün kökünü izah edirəm. Elə “Dolma”nın özü doldurmaq sözündən gəlib. Bu o deməkdir ki, yarandığı yer haradır. Ermənilər bizim hər şeyimizi oğurlayır, öz adlarına çıxarırlar. Onlar xaricdə çox güclüdür. Biz sussaq, onlar şər və böhtanlarına başqalarını da inandıra bilərlər. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir