masin

Parkinq problemi: dünyada və bizdə, qiymətlər, əcaib şərtlər və daha nələr…

Baxış sayı: 1. 360

Bakıda sürücülərin ən böyük başağrısı heç şübhəsiz ki, park yerləri ilə bağlıdır. Şəhərin mərkəzində təcili işin var, maşınla yola çıxırsan, amma… Ya park yerləri doludur, ya da park yeri gedəcəyin yerdən xeyli uzaqdır. Uzaqlığı boş verin, insanı ən çox incidən park yerinin dolu olması və bəzən saatlarla maşınla şəhəri başdan-ayağa dolaşmaqdır. Üstəgəl, nəzərə alanda ki, paytaxtda park yerlərinin qiyməti heç də aşağı deyil. Bir saat üçün 1 manat, 2 saat üçün 3 manatın ödənildiyi park yerləri bəzən şəhərdəki bir neçə saatlıq xidmətin 5-6 manata başa gəlməsi ilə nəticələnir.

 

Azərbaycan oxucusunu narahat edən bu mövzunu bir daha araşdırmışıq. Dünya park yeri problemini necə həll edir? Cərimələr, park yeri üçün mövcud məkanın azlığı nələrə gətirib çıxarır? Ümumən bu problemdən çıxış yolu necədir?

 

Park yeri salmaq üçün yüz milyonlarla vəsait xərclənir və… Əvəzini belə çıxırlar

Öncə ondan başlayaq ki, Honq Konqda  Kouloon bölgəsindəki parkinq yerinin aylıq 1300 dollara kirayələndiyi məlum olub. “Business Insider”in xəbərinə görə, ultra lüks yerlərin yerləşdiyi Ho Man Tin rezidansındaki parkinq sahəsi dünyanın ən bahalı maşın parkinq yeri sayılır. Dünyada yaşam maliyyəsinin ən yüksək olduğu yerlərin başında gələn Honq Konqda bəzi lüks evlərin qiyməti 70 milyon dolları keçir.

Bir çox sürücülərin böyük dərdi olan avtopark xidmətlərinin məbləği Avropada pik həddə çatıb. Misal olaraq, aylıq avtopark xidmətləri Londonun şəhər mərkəzində orta hesabla 1,083, West Enddə isə 1,014 dollarla hesablanır.

Bu rəqəmlər siyahının 25-ci sırasında yer alan və hazırda iqtisadi böhran yaşayan Yunanıstanın paytaxtı Afinanın ayda orta hesabla 388 dollar olan parkinq məbləğindən %161 daha yüksəkdir.  Avropada ilk 25-liyə girən şəhərlər (aylıq ödəniş üzrə) aşağıdakı kimidir:

parking ile ilgili görsel sonucu

Sürix – 822$; Roma  -744$; Cenevrə – 705$; Oslo – 612$; Amsterdam  – 587$; Vyana  – 575$; Kopenhagen – 567$; Stokholm  -546$; Milan -518$; Birmingham -496$; Mançester – 429$; Moskva – 421 $.

Almaniya, Fransa və İspaniya Qərbi Avropa miqyasında məqbul parkinq qiymətlərini tətbiq edir. Şərqi Avropadakı bir çox ölkələrin parkinq qiymətləri isə 200 dollardan daha aşağıdır:  Sofiya -184$; Varşava – 153$; Tiran -144$; Zagrep və Bükreş – 144$.

 

Orta Şərqdə isə Dubay və Abu Dabidə 4,08 dollarla ən uyğun parkinq qiymətlərinə sahib şəhərlər sayılır.

Amma nəzərə alaq ki, park yerlərinin özü də olduqca bahalıdır. Yəni şəhərdən asılı olaraq, haradasa park yeri salmaq böyük pullar hesabına başa gəlir. Məsələn, 2016-cı ildə Londonun South Kensington bölgəsində 650 min dollar kimi rekord bir qiymətə park yeri satılmışdı. Nyu-Yorkda park yerlərinin kvadrat metri orta hesabla 15 min dollardır. Tokioda isə park yerinin bir kvadrat metrini 32 min dollara satın almaq olar. Honq Honqda isə bu rəqəm 40 min dollardır.

Adi hesablama: bir park yeri üçün milyon dollarlarla vəsait xərclənir. Daha sonra həmin yerin gəlir gətirməsi üçünsə park yerinin saatı üçün böyük məbləğ müəyyən edilir.

Avtomatik parkinq sistemi Avropa, Şimali Amerka, Cənubi-Şərqi Asiyada geniş tətbiq olunur. Ənənəvi dayanacaq yerlərində bir maşın üçün 27.5 kvadrat metr tələb olunursa, avtomatik parkinq yerlərində 15 kvadrat metr tələb olunur. Avropadakı standartlara görə, əgər şəhərdəki maşın sürücülərinin 60 faizi üçün parkinq problemi yoxdursa, bu, şəhərin qlobal problemləri kateqoriyasına daxil olmur.

parking ile ilgili görsel sonucu

Ayrı-ayrı ölkələrin təcrübəsinə diqqət yetirək. Finlandiyada ödənişli və havayı dayanacaq yerləri var. Ödənişli parkinqlər əsasən yer altında yerləşir və pul parkinq avtomatlarına ödənilir. Ölkənin əksər şəhərlərində parkinqə bələdiyyə və polis nəzarət edir.

Dünyanın ən bahalı dayanacaqlarının digər siyahısında isə müəyyən qədər fərqlər var. Bu siyahıdan isə məlum olur ki, lider London şəhəridir. Bu şəhərdə bir maşının bir aylıq parkinq xərci 1000 dollar təşkil edir. İkinci yerdə Uest-End dayanır. Orada da ingilislər aylıq parkinq xidməti üçün 956 dollar ödəyirlər.  3-cü yeri Amsterdam paylaşır – aylıq 805 dollar. 4-cü yerdə Honkonqdur – aylıq 745 dollar. 5-ci yerdə Sidney dayanır – aylıq 657 dollar.

Osloda gündəlik parkinq qiyməti 90 dollardır

Manxettendə parkinqin bir saatı 1 dollardan 3 dollara qədərdir. Parkinq yerlərindəki avtomatlar hər zaman qəpik pulları qəbul edir, hətta kreditlə və ya aylıq kartlarla da ödəmək mümkündür. Nyu York polisi ildə qüsurlu parkinqə görə 10 milyon dollar cərimə yazır.

Tokioda aylıq parkinq xidmətinin məbləği 744 dollar təşkil edir. Rayonundan asılı olaraq məbləğlər 300-500 dollar arasında “vurnuxur”.

Dehlidə günlük parkinq qiyməti 1.5 dollardır. Ən bahalı parkinq qiymətləri Avstraliya və Cənubi Avropadadır. Osloda gündəlik parkinq qiyməti 90 dollar təşkil edir. Bununla yanaşı, quru rəqəmlər real mənzərəni təsvir etməyə imkan vermir. Dayanacaqların müxtəlif şərtləri, bonuslar burada mühüm rol oynayır. Avropanın bir çox ölkələrində maşını uzun müddət saxlamaq olmaz. Tutaq ki, Venada cəmi 2 saat maşını saxlamaq mümkündür ki, bu da saatı 1 avro deməkdir. Brüsseldə isə maşını 2 saatdan 3 saata qədər saxlamaq mümkündür. Bu, 2-3.50 avro təşkil edir.

parking ile ilgili görsel sonucu

Helsinkidə isə parkinq yerləri ilə bağlı yazılmış qanunlar var. Dayanacağın yeri mərkəzə yaxınlığına görə dəyərləndirilir. Parkinq yeri mərkəzə nə qədər yaxındırsa, o qədər bahalıdr. Helsinqforsun mərkəsində maşını cəmi bir saat parkinq yerinə qoymaq üçün 4 avro ödəmək lazımdır. Ondan bir qədər uzaqda, adına boz deyilən sahədə maşını 2 saatlığına parkinq etmək mümkündür. Amma saatı 2 avro (ümumilikdə 4 avro) olmaq şərtilə.

Mərkəzdən ən uzaq sayılan, yaşıl rəngli bölgədə isə maşınları 4 saatlığına, cəmi 1 avroya saxlamaq mümkündür. Bazar günləri bir çox parkinq yerləri pulsuzdur, bəziləri isə heç şənbə günləri də pul götürmür.

 

 

Bəs pulsuz dayanacaq harada var?

Tel-Əvivdə  pullu dayanacaqlarla yanaşı, 29 pulsuz dayanacaq var. Amma bu şəhərdə pulu olanların da maşınına yer tapması çətin məsələdir. Bütün şəhər zonalar üzrə bölünüb: şəhər sakinləri öz rayonlarında pulsuz parkinq etdirirlər. Yad rayonda isə parkinq məbləğinin 50 faizini ödəyirlər. 70 yaşdan yuxarı və əlil sürücülər maşınlarını şəhərin istənilən yerində saxlaya bilər və buna görə hansısa məbləğ, ya da cəza ödəməli deyil. Şəhərə gələn qonaqlar isə səhər saat 9-dan axşam 5-ə qədər maşınlarını istənilən dayanacaqda saxlaya bilərlər. Axşam 5-dən sonra xüsusi ayrılmış dayanacaqlar onların xidməti istifadəsinə verilib.

Parisdə pulsuz dayanacaq tapmaq qəliz məsələdir. Amma avqust ayında bütün yeraltı dayanacaqlar sürücülərdən pul almır. Başqa vaxt isə səhər saat 9-dan axşam 7-yə qədər bütün dayanacaqlar pullu sayılır. Parkinq qiyməti isə saatı 1.20-dən 3.60 avrodur. Amma Parisdə ən qəliz məsələ dayanacaq pulunun ödənmə formasıdır. Burada parkinq pulunu nə nəğd, nə bank kartları ilə ödəmək mümkündür. Bunun üçün xüsusi parkinq kartı olan “Paris Carte” almaq lazımdır. Onu bütün köşklərdən tapmaq mümkündür. Qiyməti isə 15 avrodan 40 avroya qədərdir. Kartın qiyməti isə günlərin sayından asılıdır.

Yerüstü dayanacaqlarla yanaşı, Parisdə yeraltı dayanacaqlar da var. Orada da maşını 1 saat saxlamağın xərci 2.5 avrodan 4 avroya qədərdir. Amma Parisin elə yerləri də var ki, orda sutkalıq dayanacaq məbləği 15-48 avro arasındadır.

Parisdə ən sərfəli dayanacaq seçimi gündəlik ödəmə sistemi ilə fəaliyyət göstərənlərdir. Orada 24 saatlıq parkinq qiyməti 9 avro təşkil edir. Paris qeydiyyatı olan, yerli sakinlər üçünsə dayanacaq tarifləri su qiymətinədir. Onlar 1 aylıq parkinq kartını 4 avro ödəməklə əldə edirlər. Amma bu halda da maşınlarını ancaq evlərinin yanında saxlaya bilirlər.

Almaniyanın paytaxtında dayanacaqlar ancaq mərkəzdə ödənişlidir. 1 saatlıq qiymətlər isə 1 avro ilə 5 avro arasında “oynayır”. Reyxstaqa nə qədər yaxınsansa, parkinq qiymətləri də o qədər bahadır. Pulsuz dayanacaq xidməti isə əksər hotel və əyləncə mərkəzlərində var.

parking ile ilgili görsel sonucu

Berlində də sutkası 5 avroya olan yerüstü dayanacaqlar mövcuddur. Berlin sakinləri, daha dəqiq desək, paytaxt qeydiyyatı olan sakinlər üçün də sərfəli qiymətlər var. “Dayanacaq abunəçiləri” üçün kartlar da açıq satışda var və bunu ancaq şəhər qeydiyyatında olan şəxslər ala bilir. Qiyməti isə kifayət qədər sərfəli – 2 illik kart cəmi 20 avroya.

Londonda pulsuz dayanacaq məsələsi rayonlara müvafiq olaraq müəyyənləşib. Məsələn, Sitidə axşam saat 19.00-dan səhər saat 8.00-ə qədər parkinq xidməti pulsuzdur. Şənbə günü saat 11.00-dən bazar ertəsi saat 8.00-ə qədər də maşın sahibləri “kefə baxır”, çünki dayanacaq üçün pul ödəmirlər.

Nyu-Yorkda da bazar və bayram günləri maşın sahibləri dayanacaq pulu ödəmir. Əgər hansısa küçələrdə bu qayda keçərli deyilsə, bu, xüsusi nişanlarla öz əksini tapır. Şəhərin istənilən yerində, istənilən vaxt maşınlarını qoyub getmək hüququ ancaq əlillərə və xüsusi icazəsi olan şəxslərə mümkündür.

Mexiko şəhərində də dayanacaqlar üçün pulsuz rejim tamam fərqli qaydadadır. Bu, bazar ertəsi və cümə axşamı günü saat 20.00-dan səhər saat 8.00-a qədər olan vaxtı əhatə edir. Cümə saat 20.00-dan bazar ertəsi saat 8.00-a qədər də mexikolular dayanacaq üçün pul ödəmirlər. Bundan başqa, şəhər sakinləri cəmi bir maşın üçün evlərinin yanında dayanacaq üçün pulsuz yer haqqına sahibdilər.

Sinqapurda isə pulsuz dayanacaqlar əsasən bazar və bayram günləri fəaliyyət göstərir. Bu isə həmin günlər saat 7.00-dan 22.30-a qədərki saatı əhatə edir. Bəzi yerlərdə maşınları ancaq gecə saatlarında dayanacaqlara pulsuz qoymaq mümkündür. Tokioda isə küçələrdə pulsuz dayanacaqlar nəzərdə tutulmayıb. Şəhər sakinlərinin dayanacaqla bağlı hər hansı güzəştləri yoxdur.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir