Natevan Abdulla

Patriarxal gücün psixologiyası – Natəvan Abdullanın araşdırması

Baxış sayı: 545

Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə dünyanın bir çox qabaqcıl dövlətləri öz siyasətini cəmiyyətdə patriarxallığın qadın hüquqlarını üstələməsinin qarşısını almaq, yaxud onu zəiflətməklə cinslərarası sosial bərabərliyi təmin etməyə çalışmaq üzərində qurub. Bu baxımdan qadınların iş dünyasında, sosial mühitdə daha da fəal olmaları üçün bir sıra addımlar atıblar.

Amma fərqli mədəniyyətlərdə kök salmış dəyərlər zəncirini qırmaq, o kökləri qurutmaq elə də asan iş deyil. Fərqli cəmiyyətlərin fərqli mədəniyyətlərindəki həmin köklər kişilik hegemoniyasıdır. Sistemin bəzi çarxları bu hegemoniyanı qırmaq, zəiflətmək mübarizəsindən insanların cins baxımından tək tipli olması üçün istifadə edir.

Bu gün qadın haqları uğrunda mübarizənin fonunda unisex (təkcins) həyat tərzinin təbliğ olunması heç də normal hal deyil. Barama kimi bir-birinə dolanmış bu ideologiyaları ayırmaq və əslində, nəyi təbliğ etdiyimizi anlamaq üçün sosial cinsiyyət rollarını oynayarkən kişilik hegemoniyasını anlamaq lazımdır.

Birinci növbədə cinsiyyət anlayışımız təkcə qadın yönümlü düşünməyimizə və qadınlıq rollarının üzərinə düşən vəzifələrə diqqət çəkməyimizə xidmət etməməli, əksinə, kişilik rollarını və hər ikisi arasındakı əlaqələri ayırd edə bilməyimizə kömək etməlidir.

Qadınlıq və kişilik arasındakı fərqləri şərh edərkən bunun, təkcə insanların məişətdəki rollarını yox, qurumları, siyasətin formasını, gündəlik danışıq dilimizi, ifadə şəkillərmizi də formalaşdığını anlamalıyıq. Cinsiyyət anlayışının elm və sosial həyat üçün böyük ilham potensialı daşımasına baxmayaraq, “kişilik” ilə bağlı düşüncələrin “qadın haqları” ifadəsinin kölgəsində qaldığını, feminizm mübarizəsinin necə də təktərəfli olduğunu göstərir.

Bu baxımdan bir çox sosioloqun kişilik anlayışının cəmiyyətdəki rolunu və yerini əxz edən araşdırmalarına müraciət etməkdə fayda var. Məsələn, avstraliyalı sosioloq Reyvin Konnellin “Hegemonik kişilik” nəzəriyyəsindən istifadə edərək, yaşadığımız zaman və məkana aid dominant kişilik motivləri olan müharibə, siyasət, cinsəllik mövzularını anlamağa çalışa bilərik.

Bəs “Kişilik hegemoniyası” nəzəriyyəsi nədən bəhs edir?

Konnellin “Kişilik hegemoniyası” nəzəriyyəsindən söz açmazdan əvvəl mövzunu daha da dərindən anlamağımız üçün italiyalı sosialist nəzəriyyəçi Antonio Qramşinin “Mədəniyyət hegemonluğu” nəzəriyyəsinə nəzər salaq. Elə Konnell də öz nəzəriyyəsini bunun əsasında formalaşdırıb.

“Mədəniyyət hegemonluğu” nəzəriyyəsi müxtəlif  həyat tərzinə sahib olan cəmiyyətlərdə hakim təbəqənin öz iyerarxiyasını qurması və qeyri-bərabər güc münasibətlərini normallaşdırmasıdır. İdari sistem öz xeyrinə öz mədəniyyət anlayışını bütün cəmiyyətə mənimsətməyə çalışır, fərdlərin hüquq və azadlıqlarını məhdudlaşdıraraq yalnız öz uyğun gördüyü formada yaşamaları üçün yeni bir sistem formalaşdırır. Beləcə, bərabərsizlik sosial quruluş kimi qaçılmaz olur. Bunun təbii hal kimi qəbul olunması üçün sosial islahatlar aparılır. İqtidarda olanın mənimsədiyi həyat tərzini, dəyərlərini bütün bir cəmiyyətə diktə etməsinə, açıq və şüuraltı formada beyinlərə yeritməsinə, öz dəyərlərinə uyğun sosial quruluş formalaşdırmasına sosioloq “Mədəniyyət hegemoniyası” adını verib. Bu nəzəriyyədən təsirlənərək Konnell də “Kişilik hegemoniyası” nəzəriyyəsini yaradıb. O, zamana və cəmiyyətə görə dəyişkənlik göstərən kişilik hegemoniyasını üç fərqli formada müəyyənləşdirir: patriarxlıq, iqtisadi və psixoloji (katetik) münasibətlər.

Patriarxlıq və sosial cinsiyyət anlayışlarının təsiri ilə iqtisadiyyatın, istehsalatın ağırlıq verdiyi sahələr haqqında demək olar ki, məlumatlıyıq. Amma cəmiyyətin psixoloji baxımdan “kişilik hegemoniyası” altında olmasını anlamaqda çətinlik çəkirik.

“Kişilik hegemoniyası”nın ilk iki şərtinin bir sıra sosial islahatlarla dəyişməsinin, bu sahələrdə bərabərliyin təmin olunmasının asan olduğunu düşünə bilərik. Bu baxımdan hakimiyyəti bərabərlik uğrunda yetərincə həvəsli siyasət yürütməməkdə günahlandıran feministlər və bəzi sosioloqlar əsirlərlə cəmiyyətlərin mədəniyyətlərinə kök salmış üçüncü – psixoloji kişilik hegemoniyasını gözardı edirlər.

Bunu Konnellin fikri ilə əsaslandırsaq deyə bilərik ki, duyğulara və ehtiraslara bağlı münasibətlər də sosial cinsiyyət anlayışının əhatə dairəsinə daxildir. Cəmiyyətdəki “kişilik hegemoniyası”nın davamlılığı, normallaşdırılması baxımından bu elementlər güclü təsirlərə malikdir.

Psixoloji baxımdan “kişilik hegemoniyası” birbaşa özünü göstərməsə də, ailə, iş, dövlət qurumlarında formalaşdırıcı təsir gücünə malikdir. Cəmiyyətin oturuşmuş bu mədəniyyət norması kişiləri də bir çox məsələdə təhkimli halına salır. Məsələn, hər kişinin hərbi xidmətdə olması məcburiyyəti, tarix dərslərinin demək olar ki, müharibələr və hərbi tarix üzərindən formalaşdırılması, böyüdüyümüz coğrafiyadan asılı olaraq sünnət məsələsi, ailədə kişinin güc strukturu olmaq məcburiyyəti və sair kimi məqamlar göstərir ki, “kişilik hegemoniyası” əslində, əksər cəmiyyətlərdə və mədəniyyətlərdə hava-su kimi normal qəbul olunur.

Digər tərəfdən, kişilik və zorakılıq anlayışları əsrlərdən bəri demək olar, bərabərləşdirilib. Bu demək deyil ki, qadınlar zorakılığa, şiddətə əl atmırlar. Amma “kişilik hegemoniyası” anlayışı çərçivəsində qeyd etdiyimiz bütün bu detallar mədəniyyət baxımından zorakılığın kişilərə daha uyğun görüldüyü, kişilərin zorbalıq etməsinin cəmiyyətdə daha anlaşıqlı və qadına nəzərən daha normal qarşılandığı reallıqdır.

Kişilərin vətən sevgisi, qadın sevgisi, sahib olmaq və hökm etmək arzusu uğrunda zorbalıq etməsi və zorakılığa əl atması qadına nəzərən adi və yumşaq qarşılanır.

Digər tərəfdən, homoseksual biri lezbiyan bir fərddən daha çox zorakılığa məruz qalır və alçaldılır. “Kişilik hegemoniyası” nəzəriyyəsinə görə, bu güc psixologiyasını özündə mənimsəməmək, yəni bu mədəniyyətlərdə güclü olmaq varkən “zəif” olmağı seçmək aşağılıq sayılır. Buna görə də homoseksuallar “kişilik klubu”ndan qovulmuş, psixoloji sürgünə məruz qamış insanlardır.

Siyasi arenalarda, çayxanalarda, içki məclislərində kişilərin çoxluq təşkil etməsi də kişilik hegemoniyası mədəniyyətinin əsas göstəricisidir.

Gündəlik həyatdan misal gətirsək, hegemonik psixologiyaya sahib kişilərin qadınlara qarşı mikro-zorakılıqlar tətbiq etdiyinə şahid ola bilərik. Buna bir qadının danışarkən sözünün kəsilməsi, ailədə qadın fikirlərinin yetərincə önəmsənilməməsi, qadınların əsirlərlə müəyyənləşdirilmiş cinsiyyət rollarından kənara çıxmasının (ana olmaqdan imtina etmək, evlənməkdən imtina etmək, sərbəst həyat tərzi yaşamaq, açıq-saçıq geyinmək, yemək bişirməyi bacarmamaq, ev işlərindən imtina etmək və s.) qınaqla qarşılanması və sairi misal göstərə bilərik.

Hegemonik kişilər öz düşüncələrini başqa cür kişilərdən və qadınlardan üstün tutur, adi bir söhbəti belə savaş həddinə çatdıra bilirlər. Belə insanlar ev işləri, uşaq baxımı, xəstəyə baxmaq kimi “önəmsiz” məsələlərlə məşğul olmağı özlərinə yaraşdırmırlar. Onlara görə, həyatın bu “detallar”ı yalnız qadınların icra edəcəyi kiçik işlərdir. Bütün bu işlərin icrası da qadına və qadınlıq anlayışına bağlıdır. Beləcə, arxa fonda bir qadın bir kişinin gündəlik həyatını asanlaşdırmaq üçün rol alır. O qadının cəmiyyətdəki adı “ana”, “həyat yoldaşı”, “qız övladı”dır.

Hegemon kişi – arzu obyekti mütləq əks cins olan hiperseksual qadını daima “ehtiyacı”nı təmin edə biləcək bir cinsi subyekt kimi görür. Bu düşüncənin ən qəddar varinatında isə cinsəlliyin normallığına özlərini inandırıb bunu haqlı ehtiyacları kimi görürlər. Onlar qadınları, xüsusilə həyat yoldaşlarını, analarını, yaxud qızlarını öz arzu və ehtiyacları olan azad fərdlər kimi görməkdən imtina edirlər.

“Kişilik hegemoniyası” nəzəriyyəsini anlamağa çalışmaq buna qarşı mübarizədə bizə kömək edə bilər. Kişilik və qadınlıq üzərinə düşüncələr bir-iki məqalə, yaxud çıxışlarla məhdudlaşmalı deyil. Sosial cinsiyyət rolları, hamını təktipləşdirməyə çalışan sistemin bəzi çarxlarına fayda verəcək səthi və bayağı təbliğatların mahiyyətini dərk etmək üçün bu nəzəriyyəni sosial bərabərlik mübarizəsində mənimsəmək lazımdır. Yoxsa bu səthi yanaşma sistemin işinə yarasa da, insanları yaralayan silaha çevrilə bilər. Yəni cinsiyyət bərabərliyini təmin etmək yalnız kişilik hegemoniyası psixologiyasını cəmiyyətdə zəiflətmək və cinslərarası sosial bərabərliyi təmin etmək üzərinə qurulmalıdır.

Marksist yazıçı Terri İqltonun “Mədəniyyət” kitabında dediyi kimi, “Mədəniyyətin qurulması üçün insanın təkcə özünü reallaşdırması kifayət deyil. Bu, həm də, bir çox məsələdə insanın öz öhdəsindən gəlməyi bacarması ilə bağlıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir