yemek

Paxla, göbələk, dondurma… daha hansı məhsullar uşaqlar üçün təhlükəlidir?

Baxış sayı: 162

Lənkəran və Masallıdan olan 4 azyaşlı bu günlərdə paxladan zəhərlənib. Belə ki, Masallı sakini, 6 yaşlı Mustafa Əliyev, Lənkəran sakini, 6 yaşlı Əli Axundov, rayonun Yuxarı Nüvədi kənd sakini, 6 yaşlı Zeynəb Əlizadə və Separadi kənd sakini, 3 yaşlı Cəfərsadiq Məmmədovun vəziyyəti pisləşib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən uşaqların müayinəsi zamanı onlara “Favizm” – qanın parçalanması diaqnozu qoyulub. Azyaşlıların paxladan zəhərləndiyi məlum olub. Azyaşlılara lazımi tibbi yardım göstərilib və qan köçürülüb. Vəziyyətləri orta-ağır olaraq qalır…

Bir neçə gün əvvəl də iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya göndərilib. Bu səbəbdən də həkimlər valideynləri diqqətli olmağa çağırır, 5 yaşadək olan uşaqlara paxla verilməməsini məsləhət görürlər. Onlar favizm xəstəliyi olan böyük insanlara da paxladan istifadə etməməyi tövsiyə edir.

Ümumiyyətlə isə ekspertlər bir çox məhsul, tərəvəz və qidalar var ki, uşaqların onlardan istifadəsinin yolverilməz olduğunu bildirir. Lakin bəzən valideynlər ya məlumatsızlıqdan, ya da səhlənkarlıqdan bu məsləhətlərə əməl etmir, bu da bəzi hallarda xoşagəlməz hadisələrə səbəb olur.

Məsələn, bəzən uşaqlara göbələk yeməklərinin verildiyinin şahidi oluruq. Halbuki, həkimlər göbələyin yalnız 7, hətta bəzən 12 yaşdan sonra uşağa verilməsini tövsiyə edir. Çünki göbələk həzm üçün çox çətindir və uşaqda həzm pozğunluğu yarada bilir. Düzgün seçilməyən göbələk isə, nəinki uşaqlarda, hətta böyüklərdə zəhərlənməyə, ağır fəsadlara yol açır. Məsələn, bu günlərdə İranda göbələkdən kütləvi zəhərlənmələr baş verdi. Məlumata görə göbələkdən 721 nəfər zəhərlənib, onlardan artıq 9-u dünyasını dəyişib, 50 nəfərin vəziyyəti isə ağır olaraq qalır…

Dondurma da bəzən uşaqlar üçün təhlükə mənbəyi ola bilir. Ekspertlər qeyd edir ki, uşaqlara dondurma verməzdən əvvəl mütləq şəkildə məhsulun tərkibi ilə tanış olmaq lazımdır. Əgər dondurmanın tərkibində süni bitki mənşəli yağlar, aromatizatorlar, emulqatorlar varsa, həmin dondurmanın uşağa verilməsi yolverilməzdir. Bundan əlavə, eyni vaxtda bir neçə dondurma yemək bədəni soyudur və xəstəliyə gətirə bilər.

Eyni zamanda körpələrə şokolad və kakao əsaslı məhsulların verilməsi tövsiyə edilmir. Çünki konfet və digər şirniyyatlar körpə və uşaqlarda mürəkkəb formalı allergiyanın yaranmasına səbəb ola bilir.

Əksəriyyət uşaqlar sosiska və kolbasaları çox sevir. Bəzən valideynlər uşaq üçün olan kolbasaların, eləcə də südlü kolbasa məhsullarının uşaqlar üçün təhlükəsiz olduğunu düşünür. Lakin ekspertlər bildirir ki, istənilən halda kolbasa və ya sosiska məhsullarının tərkibində çoxlu yağ, duz və qida əlavələri var ki, bu da bir çox hallarda uşaqlarda fəsadlar yaradır.

Ekspertlər tərəvəz turşularının da uşaqlara verilməsini tövsiyə etmir. Məlum olduğu kimi, təkcə uşaqlar deyil, hətta böyüklər də bəzən bu cür turşulardan zəhərlənə bilir.

 

Bəs daha hansı məhsullar uşaqlar üçün tövsiyə edilmir?

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı fikirlərini açıqlayan həkim Vaqif Qarayev deyir ki, qan azlığı olan uşaqlarda paxlalar qanı parçalayır, anemiya yardır. Bu da uşaqlara ziyan olur. Təkcə uşaqlar deyil, favizm xəstəliyi olan böyüklərdə də paxla fəsadlara səbəb ola bilir. Bunun üçün ildə bir dəfə  analiz vermək lazımdır. Bəzən çox nadir hallarda qan azlığı xəstəliyi üzə çıxır. Dondurma əgər keyfiyyətli deyilsə, əlbəttə ki, uşaqlar üçün təhlükəlidir. Göbələyin uşaqlar üçün təhlükəli olması isə inandırıcı deyil. Çünki göbələk faydalı məhsuldur. Sadəcə, düzgün göbələk seçilməlidir.

Kolbasa və sosiskanın isə uşaqlara verilməsinin hər zaman qəti əleyhinə olmuşam. Təkcə uşaqlar deyil, böyüklərə də tövsiyə etmirəm. Çünki ölkəmizdəki bu məhsullar heç də keyfiyyətli deyil”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir