payiz

Payız depressiyası – bu bəladan necə qurtulmalı?

Baxış sayı: 141

Payız fəslinin son günlərini yaşayırıq. Amma sentyabr ayından etibarən günlərin qısalması, hava temperaturunun aşağı düşməsi insanların da psixoloji durumuna, əhvalına mənfi təsir edir. Adına mövsümi depressiya dediyimiz payız depressiyası və onun yaratdığı problemlər bu yazının mövzusu olacaq.

Tibbi mənbələrə istinad edərək xatırladaq ki, payız depressiyası mövsümi depressiya olaraq da bilinir. Payızın gəlməsi ilə birlikdə başlayır və yayın əvvəlinə qədər davam edir.

Mövsümi dəyişikliyə bağlı olaraq saç tökülmələri, iştahsızlıq, mədə problemləri, baş ağrısı kimi bəzi narahatlıqlarla birlikdə də müşahidə edilə bilir və əsasən hər il eyni dönəmlərdə təkrar olunur.

Sıxıntı və çarəsizlik duyğusu, nəşəsiz və əsəbi bir ruh halı, yuxusuzluq, ya da daha çox yatmaq istəyi, səhərlər yorğun və bitkin şəkildə oyanma, hərəkətlərdə yavaşlama, keçmişlə bağlı peşmanlıq və günahkarlıq duyğuları depressiya əlamətləridir. Xüsusən də payız aylarında bu əlamətlərə daha tez-tez rast gəlinməkdədir.

Depressiya diaqnozu ilə müraciət edənlərin 65 faizini payız depressiyası yaşayanlar təşkil etməkdədir. Bu baxımdan bütün depressiya halları içində ən çox görülən növ sayılır.

 

Payız depressiyasının səbəbləri nələrdir?

Bu mövzuda müxtəlif arqumentlər irəli sürülsə də, iki ayrı səbəb üzərində dayanılır. Bunlardan birincisi, payız və qışın gəlişi ilə birlikdə azalan günəş işığının hormonları və yuxunu düzənləyən bioloji saatın pozulmasına səbəb olmasıdır. İkinci səbəb olaraq isə yenə günəş işığının azalması səbəbi ilə beyindəki kimyəvi maddələrin ifrazında problemlər olması və bu problemlərin insanları depressiyaya açıq hala gətirməsidir. Hər iki halda da kifayət qədər günəş işığına çıxmağın problemi həll etdiyi düşünülməkdədir.

Bu halda payız depressiyasına bioloji və psixoloji səbəblər olaraq iki ayrı pəncərədən baxmaq mümkündür.

 

Bioloji səbəblər:

Bahar və yay mövsümü ilə bərabər günəş işıqları dünyaya dik bir bucaq altında gəlir və gözlərimiz yolu ilə bədənimizdə kimyəvi enerjiyə çevrilir. Bu proseslər zamanı xoşbəxtlik hormonu olaraq bilinən serotinin istehsalı artır. Eyni şəkildə beynimizdə yer alan epifiz də melatonin istehsalına cavabdehdir və bu hormon qaranlıq, işıqsız və dar auralarda istehsal edilir və yuxu hormonu olaraq da bilinir.

Gözlərimiz işıq enerjisini kimyəvi enerjiyə çevirə bildiyindən bu hormonların istehsalına birbaşa təsir edən bir funksiya həyata keçirməkdədir. Buna görə də payızda günəş işıqlarının zəifləməsi xoşbəxtlik hormonunun yaranmasını azaldıb, yuxu hormonunun istehsalını artırdığı üçün beyin kimyasının dəyişməsinə və buna bağlı olaraq da depressiyaya yol açmaqdadır. Mövsümi depressiya payızın gəlməsi ilə başlayır və qış vaxtı da davam edir. Amma yay vaxtı qaynaq günəş işığına öyrəşən insan bədəni, payızın gəlməsilə birlikdə birdən-birə azalan günəş işığının yoxluğu ilə ayaqlaşma məsələsində sıxıntı yaşayır və bu səbəblərə bağlı olaraq payız depressiyası daha çox  müşahidə edilməkdədir.

 

Psixoloji səbəblər:

Psixoloji səbəblər içində ən bilinəni payızın insanları hüzünləndirməsidir. Xüsusən gənclər üçün yay sevgiləri və işıltılı günlərin sonu mənasına gəlir. Yarpaqların quruyub, saraltdığı günlərin ardınca boz qış günlərinin və soyuq havaların gələcəyini bilmək, qapalı yerlədə qalmaq zorunda olmaq, dənizin, günəşin və yayın hərəkətli günlərinin bitəcəyini düşünmək depressiv ruh halını tətikləməkdədir.

Eyni şəkildə yaşlı insanlar mövsümi dəyişikliklərdən daha çox zədə alır. Xüsusən payız və qış aylarının onsuz da emosional bir quruluşda olan yaşlıları daha həssas, qırılğan hala gətirdiyi, buna görə yaşı irəliləmiş insanlarda depressiyanın daha ağır seyr edə biləcəyi unudulmamalıdır.

payiz

Payız depressiyasının əlamətləri:

(Əlamətlər bilinən depressiya əlamətlərilə demək olar ki, eynidir.)

– Bədbəxt, istəksiz və ümidsiz olma halı

– Yuxu pozğunluqları; yuxusuzluq və ya həddən artıq yuxulu olmaq

– Özünü suçlu hiss etmə və dəyərsizlik hissi

– Diqqət əksiklikləri, fokuslanmama

– Həddən artıq çəki almaq və ya çəki itirmək

– Əsəbilik, gərginlik

– Daimi bir üzgünlük halı

– Yorğunluq, halsız və bitkin olmaq durumu

– Qayğı pozuqlulqları

– Ölüm və intihar düşüncələri, intihara yönəlmə.

Fəsil dəyişkənlikləri özünü insanların sinir sistemində də göstərir. Ən çox isə insanların sinir sistemi payz-qış aylarında həssas olur. İlin bu fəsli əksər insanlarda depressiya əlamətləri ilə müşahidə edilir. Bu fəsillərdə depressiya əlamətlərinin olması günəş şüasının az olması ilə əlaqədardır. Bu dəyişiklik sutkalıq ürək ritminin sayının dəyişməsi və hormonların miqdarının azalması ilə əlaqədar olur. Əsasən də melatonin hormonunun azalması insanlarda payız-qış depressiyasının baş verməsinə səbəb olur.

 

Fəsillə əlaqədar depressiyanın əmələ gəlməsinə digər amillərin də təsiri var:

– yuxu müddətinin uzanması

– yuxuya getmənin çətinləşməsi

– əhval-ruhiyyənin hava ilə əlaqədar olaraq aşağı düşməsi

– daxili narahatçılıq hissi

– iştahanın artması

– cinsi həvəsin azalması və impotensiya

– hava ilə əlaqədar oynaqlarda ağrıların artması

– fiziki gücün zəifləməsi

– sosial problemlərin artması

– hava səbəbli dostlardan uzaqlaşma.

Mütəxəssislər fəsil dəyişkənliyi ilə əlaqədar olan depressiyanın müalicəsi üçün yaz fəslinin gəlməsinin gözləməməyi məsləhət bilir. Belə ki, 1-2 həftə müalicə ilə əlamətləri aradan qaldıraraq şən əhval-ruhiyyə ilə qışı başa vurmaq olar. Həkimə müraciət etmədikdə isə evin işıqlarını gur yandırmaq və müxtəlif üsullarla dostlarla əlaqə saxlamaqla depressiya əlamətlərini 50% azaltmaq mümkün olur.

 

Əhməd Qəşəmoğlu: “Bu, insanın harada yaşamasından asılıdır”

Deprtessiya ciddi bir duyğu durum pozuqluğudur və zamanında düzgün müdaxilə edilərək müalicə edilməzsə, nəticələri neqativ ola bilir.Xüsusən ağır depressiya halında insanın intihara meyli olacağı və bu istiqamətdə bir davranışa girəcəyi bilinməlidir.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, birmənalı olaraq bu, sosiologiyada da araşdırılan bir məsələdir. Onun sözlərinə görə, bu, sözügedən halın hansı ərazidə baş verməsi ilə bağlıdır: “Elə ərazi ola bilər ki, orda payız depressiyası güclü ola bilər. Ya da elə ərazi olar ki, orda heç bilinməz. Bu, həmin ərazidəki problemlərin, əhalinin sosialı-iqtisadi vəziyyətlə bağlıdır. Psixoloji olaraq da təsir edir. Yağıntılar çoxaldıqca insanların problemləri çoxalır, soyuqlar düşdükcə qızınma, paltarla bağlı problemlər çoxalır. Ərzağın qiyməti artır. Bu da çox güclü, sosial, iqtisadi problemlər yaradır. Nəticədə insanların psixologiyasına da bu durum təsir edir. İqlimin özü bir başqa cür təsir edir”.

Müsahibimiz dedi ki, yazda qanın oynan vaxtıdır. Bu zaman insanın əhvalında yüksəlmə yaşanır: “Eyni zamanda qanın artıq oyanmanın başa çatması baş verir. Payızda mürgüləmə vaxtıdır. Payızın qidalarının tərkibində də dəyişikllik olur. Ət yeməkləri çoxalır. Qanın öz tərkibinə qidaların da təsiri ola bilər. Elmi obyekt kimi baxmaq olar payız sindromuna. Eyni zamanda ölkədə demoqrafik vəziyyətdən asılıdır. Elə ərazilər var ki, ora gənclər şəhəridir. Əksinə, payızın düşməsi ilə daha çox romantik əhval-ruhiyyə yaranır. Yaşlıların çox olduğu yerdə, iqlimdən asılı olaraq revmatizmi çox olan adamlar ola bilər. Bu məsələyə diferensial yanaşmalar mütləqdir. Bəzisində depressiya çoxala, bəzilərində azala bilər”.

Payiz

Necə qurtulaq?

Bir qrup alim hesab edir ki, “payız depressiyası” işığın azalması ilə  “bioloji saatların” pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normada isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir. Başqa bir yanaşmaya görə isə orqanizmdə  melatonin hormonunun artması “payız depressiyası”na səbəb olur. Fizioloji səbəblərdən başqa “payız depressiyası”nın psixoloji səbəbi də var. Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünəinamsızlıq, əhvalsızlıq yaradır. Bütün bunlardan əlavə isə xroniki stresslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur. Mövsümi depressiyanın əsas əlamətləri isə aşağıdakılardır:

Yuxu müddətinin artması, oyanmaqda çətinlik, səhərlər yorğunluq hissi, gün boyu yuxulu olmaq. Bəzən erkən oyanmaq və yenidən yuxuya gedə bilməmək müşahidə olunur. Əhvalın, özünüqiymətləndirmənin aşağı düşməsi, kədər, ağlamağa meyllilik, narahatlıq, həyata marağın azalması, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə, həyəcanlılıq, əsəbilik, tez özündən çıxma, daxili gərginlik, stressli situasiyalara dözümsüzlük, iştahanın artması, çəkinin artmasına səbəb olan un məmulatları və şirniyyata kəskin meyldir. Fiziki əlamətlər isə oynaqlarda və qarında ağrılar, gücsüzlük, tez-tez qrip olma, sosial problemlər, sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq.

Qeyd edək ki, mövsümi depressiyalara istənilən yaşda rast gəlinir. Lakin 18-30 yaş arası insanlar bu depressiyaya daha çox meyllidir.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir