vekil Babek Hemidov

Paylaşımları ilə gündəm olan vəkillə MÜSAHİBƏ: “65 yaşlı iş adamı 20 yaşlı xanımla evlənəndə…”

Baxış sayı: 256

Müsahibimiz 13 illik hüquqşunas və vəkillik fəaliyyəti ilə yanaşı, həm də 2014-cü ildən Avropa Şurası tərəfindən seçilmiş Avropa İnsan Haqqları konvensiyası üzrə təlimçi, 2015-ci ildən isə Ədliyyə Akademiyasında İnsan Hüquq və Azadlıqları mövzusu üzrə müəllimi olan, sosial şəbəkədə paylaşımları ilə diqqət çəkən vəkil Babək Həmidovdur.

 

– Sizə ən çox ünvanlanan sualla başlamaq istəyirəm. Təcavüz edənin də, cinayətkarın da, pedofilin, oğrunun da vəkili olur. Onların şəxsiyyətini deyil, hüquqlarını təmsil etsəniz də, yəqin tənqid hədəfi olduğunuz zamanlar olub. Bu, sizə hansısa çətinlik yaradıbmı?

– Olub. Mən bir hərbçinin vəkiliyəm və o şəxs dövlətə xəyanətdə ittiham olunur. Zərərçəkən şəxslərin ailə üzvləri, yaxınları  və ya işdə iştirak edən digər şəxslər tərəfindən sözlü təzyiq və təhqirə məruz qalmışam. Hətta zərərçəkənin yaxınları mənə hücum etməyə çalışıblar, mənə qarşı “erməniyə satqınlıq edəni müdafiə etmək özü elə erməni olmaqdır” kimi cümlələrdən istifadə ediblər. Mən həmin şəxsin cinayəti törətmədiyinə inanırdım. Çünki bununla bağlı kifayət qədər sübutlar da yox idi. Nəticə etibarilə, həmin iş üzrə Ali Məhkəmə müstəqil Azərbaycan tarixində ilk dəfə Apellyasiya məhkəməsinin dövlətə xəyanət maddəsi ilə bağlı olan və müdafiə etdiyim şəxsi təqsirli bilən qərarı ləğv edərək işə yenidən baxılması üçün Gəncə Məhkəmə Apellyasiyasına qaytardı.

Ümumiyyətlə, hər kəsin vəkili olmalıdır. Tutaq ki, azyaşlı uşaqlara qarşı fiziki, cinsi zorakılıqda ittiham olunan şəxs var. Həmin şəxsə də, özünün vəkili olmasa dövlət tərəfindən vəkil təyin olunur. Qanun və dövlət ona “Biz sənə özünü müdafiə etmək üçün şərait də yaratdıq, amma sən təqsirsiz olduğunu sübut edə bildinmi?” deyir. Bu həm də yekunda qəbul ediləcək hökmün ədalətli olması üçündür.

Qanunvericilikdə təqsirsizlik prezumpsiyası var – Bir şəxs haqqında məhkəmənin qanunu qüvvəyə minmiş cinayət hökmü yoxdursa, həmin şəxs təqsirsiz sayılır. Bu hökm qüvvəyə minməyincə, sübutlar olsa belə, biz şəxsə cinayətkar və ya təqsirkar deyə bilmərik. Əgər təqsirləndirilən şəxs cinayəti törətmədiyini deyirsə, haqlı və ya haqsız, vəkil həmin sözün ona açdığı yolla getməlidir.

Mərhum vəkil Elton Quliyevin çox gözəl bir yanaşması var idi: İş həyatında hər kəs ədalətli olmalıdır, sürücü də, fəhlə də, satıcı da, müstəntiq də, hakim də. Amma vəkildən ədalətli mövqe tələb etmək peşə fəaliyyəti ilə bağlı doğru deyil. Vəkil üçün ədalət müdafiə etdiyi şəxsin ona dedikləridir.

 

– Yəni həmin şəxs yalan deyirsə, vəkil də avtomatik yalan danışmış olur.

– Həmin şəxs desə ki, mən bu cinayəti törətməmişəm, vəkil işini o şəxsin cinayət törətmədiyi ilə bağlı sübutlar toplamaqla keçirməlidir. Ona görə də vəkillə görüş konfidensialdır, məhdudlaşdırılmır.

Təsəvvür edin ki, bir adam hər kəsə cinayət törətmədiyini söyləyir, amma vəkilinə bunu etdiyini, məhkəmədə əksini deyəcəyini, bu yöndə müdafiəyə ehtiyacının olduğunu bildirir. Vəkilin ondan eşitdiyi məsələlər “vəkil sirri” sayılır və məhkəmədə sübut kimi istifadə oluna bilməz. Hətta vəkil məhkəmədə cinayət əməlinin ona etiraf edildiyini desə belə, bu sübut sayılmır.

 

– Babək bəy, sosial medianın uğurlu istifadəçisisiniz. Sizi “nəsə olsa, nömrəmi bilirsiniz” cümləsi ilə tanıyırıq. Bu ifadə sizə daha çox müvəkkil qazandırıb yoxsa maneələr yaradıb?

– Hər hansı bir şeyə maneə kimi baxmamışam. Mənim əsas fəaliyyət istiqamətim cinayət işləri ilə bağlıdır, amma hüquqi cəhətdən ailə məsələləri və bundan doğan məsələlər daha rahat işlərdir və bunlara da vaxt ayıra bilirəm. O ki qaldı, məlum statusa, əvvəllər sosial şəbəkə hesabımdan, əsasən də “Instagram”dan, vəkil olduğum cinayət işləri ilə bağlı paylaşım etmək üçün istifadə edirdim. Həmin işlərin çox ciddi stressi var, hətta bununla əlaqəli psixoloq yanına belə getdiyim vaxtlar olub.

Təsəvvür edin, o stressi özümlə sosial şəbəkəyə daşıyıram, paylaşıram və orada vətəndaşlarla həmin məsələləri müzakirə edərək bunu onlara da ötürmüş oluram. Lakin sonra müşahidələrim dəyişdi. Gördüm ki, məsələn, Türkiyəli vəkil Ergün Kazanır və digər bu kimi xarici vəkillər peşəsinin ciddi simasını pozitiv, yumoristik və satirik olaraq öz yazıları, cavabları ilə cəmiyyət üçün daha qəbuledilən edib.

Sosial şəbəkələrdən istifadənin iki məqsədi var – informasiya əldə etmək və paylaşmaq, o cümlədən əylənmək. Mən informasiya verib-alırdım, amma bu, stressə səbəb olurdu. Düşündüm ki, “Instagram”ı əyləncə məqsədilə istifadə edim. Ağlıma gələn, praktikada olan, rastlaşdığım, gördüyüm məsələlərə fərqli baxış bucağından baxmağa başladım. Bu istiqamətdə bir neçə paylaşımlar etdim və qəbuledilən olduğunu gördüm.

Arxivimdə 250 yazı var, bilmirəm hansı daha çox populyar olacaq. Məsələn, ən çox paylaşıma səbəb olan yazım “Allah bütün evlənənləri xoşbəxt eləsin, eləməsə, nömrəmi bilirsiniz” oldu. Bu yazı gözləmədiyim şəkildə yayıldı. Türkiyədə hüquq fakültəsində oxuyan tələbələr mənə yazdı, türkçə tərcümə edib səhifələrdə paylaşdılar, o cümlədən rus dilinə. Bu, sadəcə yumoristik təqdimat idi.

 

– Qeyd etdiyiniz status populyarlaşandan sonra sizə boşanmaq üçün müraciət edənlərin sayında artım oldumu?

– Sözsüz ki, dəyişiklik oldu. Müraciət edənlər hazırda da var. Bu işləri cinayət işləri ilə paralel aparıram. Mənə nə qədər yazanlar oldu ki, “Biz artıq boşanma mərhələsini keçmişik, amma məhkəmə proseduru ilə bağlı o qədər stress yaşadıq  ki. Kaş siz olardınız, stress də olmazdı”. Bu adamların dediklərində reallıq var. Bir insanın ailə üzvünü itirməkdən sonrakı ən ciddi emosional vəziyyət boşanma qərarı verdiyi an və prosedurun müddətidir. Boşanma qərarı alan şəxs çox ciddi psixi emosional vəziyyətdən keçib bu qərarı verir, məhkəmə müddətində də bu hal davam edir. Həmin ərəfədə cəmiyyətin boşanmanı faciə kimi təqdim etməyi də tərəflər üzərinə əlavə yük qoyur, nəticədə onlar psixoloji stressin altında qalırlar. Bu proses zamanı şəxslərin yanında vəkil olur, o da stressə stress qatsa, adamlar çökərlər.

13 illik fəaliyyətim əsasında deyə bilərəm ki, başqa ölkələrdə boşanma qərarını şəxs fərdi qəbul edə bilsə də, Azərbaycanda bu, tamamilə fərqlidir. Şəxs qərar qəbul etməmişdən qabaq, onun ailə üzvləri, ağsaqqallar yığışıb cütlüyü barışdırmaq istəyir, bu prosedur nəticə vermədiyi təqdirdə, boşanmaq üçün müraciət edilir. Adətən, boşanmağa qərar verənlərdən barışmağa meylli olanlar həyat yoldaşı ilə deyil, onun digər ailə üzvləri ilə problem yaşayanlardır. Belə olanda məhkəmə də onları barışdıra bilir. Məsələn, gəlin-qaynana, bəy-qaynana münasibəti və ya ailəyə müdaxilə edən digər şəxslər onların boşanmasına səbəb olduğu halda, barışdırmaq daha rahatdır.

Boşanmanın faciəvi təqdim edilməsinin əleyhinəyəm. Bu sadəcə, bir ailə olmağı bacarmamış yetkin insanların hüquqi prosedurla, yanlarında vəkilinin iştirakı ilə baş tutan prosesdir. Onlara həyatda ikinci şans verilir. Hər kəsin nikaha daxil olmaq, həm də pozmaq hüquq var. Buna məhdudiyyət də yoxdur, 5 dəfə də evlənə bilərsən, bir dəfə də, və ya heç evlənməyə də bilərsən. Sadəcə olaraq, cəmiyyətimizdə bütün həyatını evlilik və uşaq sahibi olmağa həsr etmiş, bunu uğur hesab edən kütlə olduğuna görə, bir adamın evliliyini uğur, boşanmağını bədbəxtlik kimi görürlər.

Babek Hemidov

– Paylaşımlarınızın birində belə bir fikir də qeyd etmişdiniz: Boşanmağa qərar verənlərin bir çoxu evliliyə özü qərar verməyənlərdir.

– Bu, mənim təcrübədə gördüyüm ən vacib məsələlərdən biridir. Şəxs boşanmağa gəlir, yanında anası, atası yaxud qardaşı olur. O zaman böyük ehtimalla şəxsin evliliyinə də onların qərar verdiyini bilirəm. Bunu yerində müəyyən etmək mümkündür.

 

– Azərbaycanda son illər boşanmaların sayının artması mütəmadi olaraq müzakirə obyektinə çevrilir və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Məsələn, boşanma və ya evlilik proseduru çətinləşdirilsin kimi təkliflər var. Siz necə düşünürsünüz?

– Heç bir prosedur çətinləşməməlidir, bu, bürokratik əngəldir. Türkiyə qanunvericiliyində boşanma ilə bağlı səbəb demək lazımdır. Amma ortada bir sual var, evlənəndə bizdən səbəb soruşurlarmı? Xeyr. Boşananda niyə səbəb soruşsunlar ki? Əslində prosedur rahat olmalıdır ki, insan özü qərar versin. Bizdə boşanma hüquqi prosedur cəhətdən evlilikdən çətindir. Burada dövlət müddət verir, şəxsləri barışdırmağa çalışır. Dövlət ailə vəhdətini qorumaqla bağlı addımlar atır, bu ağlabatandır.

 

– Absurd səbəblərdən ötrü boşanmaq istəyənlərlə rastlaşmısınızmı? Məsələn, digər ölkələrdə tərəf müqabilini makiyajsız görüb yanıldığını əsas gətirərək və ya hansısa bir söz və s. səbəbilə boşanma qərarı verənlər olur.

– Əslində mənə müraciət edənlərin hansı səbəbdən boşandığını soruşmuram, çünki qanun buna ehtiyac olmadığını deyir. Digər tərəfdən onların şəxsi həyatına hörmət edirəm. Boşanma səbəblərini mənə deməyə bilərlər. Amma ən azından boşanma ilə bağlı məhkəməyə təqdim edilən ərizədə boşluq olmasın deyə, səbəb qeyd edilməlidir. Eyni zamanda məhkəmə də boşanma qərarını yaradan səbəbi soruşa bilər – tərəfləri barışdırmaq istiqamətində addım atmaq, ehtimalları dəyərləndirmək üçün. Adətən, görünən səbəblər bundan ibarətdir ki, şəxslər arasında ciddi, şiddətli xasiyyət uyğunsuzluğu olur və yekunda bu, mübahisələrə, zorakılığa yol açır, artıq şəxslər bir-birilərinə psixoloji olaraq əks istiqamətdə dayanırlar, birgə yaşayış hər iki tərəfə, o cümlədən uşaqların sağlam böyüməsinə ciddi təsir göstərir.

 

– Paylaşımlarınız arasında “Boşanma səbəbi qaynana, baldız olan çox gəlin gördüm, amma qaynata, qayın olan bəy görmədim” kimi fikirdən də istifadə etmisiniz.

– Yaxşı araşdırmısınız. Mən o məsələnin psixoloji səbəbini bilmirəm. Amma siz də çox rastlaşarsınız ki, gəlin öz qaynanası, baldızı, hətta öz qaynının yoldaşı ilə yola getmir. Şəxslər arasında olan nifaq nəticədə boşanmaya səbəb olur. Bilirsiniz, bu, öyrəşilmiş məişət məsələləridir. Lakin mənə “qaynatamla yola getmirəm, ona görə həyat yoldaşımdan boşanmaq istəyirəm”, deyə müraciətlər olmayıb. “Qaynanam yaşamağa imkan vermir” deyənlər kifayət qədərdir. Məsələn  “qaynanam hamamda nə qədər vaxt keçirtdiyimə belə nəzarət edir”, “saçımı kəsdirmək üçün salona getmək istəyirəm, qaynanam özü kəsməyi təklif edir” və s. deyib müraciət edənlər də olub. Bu, artıq müdaxilə deyil, şəxsi kölə kimi saxlamaqdır. Bütün bu proseslərə də ər mane ola bilmir. Qadın, onun valideynlərinin belə olduğunu görüb boşanma səbəbi kimi bunu göstərir. Lakin cütlük həmin mühitdən ayrılıb başqa ünvanda qalanda xoşbəxt yaşaya bilər. Məhkəmə bu hissədə onları barışdıra bilir. Ər-arvad qaynana, baldız basqısından uzaqlaşanda bir-biriləri ilə dil tapıb yola getməyi bacarırlar.

 

– Babək bəy, ailələrin dağılmasına yol açan əsas səbəblərdən biri də xəyanətdir. Dünyanın bir sıra ölkələrində qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulur. Ər-arvad münasibətlərində xəyanətlə üzləşən tərəf təzminatla təmin edilir. Məsələn, Türkiyədə xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Azərbaycanda bununla bağlı vəziyyət necədir?

– Bizdə təzminat məsələsi qanunvericilikdə konkret yox, ümumi qaydada nəzərdə tutulub. Ən vacib məsələ odur ki,  bir var nikaha daxil olmaq, bir də var nikah müqaviləsi. Nikah müqaviləsini bağlamaq lazımdır. Bax o dediyiniz məsələləri bu sənəddə qeyd etmək olar. Məsələn, “nikahın pozulmasına səbəb xəyanət olarsa, xəyanət edən tərəf qarşı tərəfə mənəvi zərərlə bağlı kompensasiya ödəyəcək”. Yaxud nikah müqaviləsində qeyd edə bilərlər ki, nikah müddətində əldə olunan əmlak birgə istifadə ediləcək və həmin müddətdə bunun yarısı, ya hamısı mənimdir.  Ya da xəyanət olacağı təqdirdə, qarşı tərəfə heç nə düşmür və s. Bütün bunları sözügedən müqavilə ilə müəyyən edə bilərlər.

babek Hemidov 1

– Amma nikah müqaviləsini qarşı tərəf güvənsizlik kimi qəbul edə bilir.

– Məsələ ondan ibarətdir ki, evlənəndə, o cümlədən bankdan kredit götürəndə, və ya iki şirkət ciddi məbləğlə bağlı ortaqlıq müqaviləsi bağlayanda hər iki tərəf xoşbəxtdir. Vəkil onların emosional vəziyyətindən başqa fikirləşir ki, sabah bu pulu ödəməyəndə nələr olacaq? Çünki sabah tərəflər arasında mübahisə yarananda ikisi də vəkilin yanına gedirlər. Nikah məsələsində bu yoxdur, nikah müqaviləsi bağlamırlar. Düzdür, nikah müqaviləsi olmayanda da qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydalar var, amma məhduddur. Nikah müqaviləsi isə, sizə böyük imkanlar verir ki, qanuna zidd olmayan istənilən müddəanı orda qeyd edəsiniz. Dövlət isə o müddəanı təmin edir.

Nikah müqaviləsi olmadığı halda, məsələn, tərəflər boşananda vəkilin yanına gəlir ki, qarşı tərəfdən ev alıb ver. Özünün evi olmayan adamdan onu alıb sənə necə verim? Bir halda ola bilər ki, “boşanmaya xəyanət və ya digər məsələlər olacağı təqdirdə, sizi və uşaq kimin yanında qalırsa, onun kirayə haqqını 100 faiz həcmində ödəmək məcburiyyətindədir” kimi müddəa vaxtında yazılsaydı.

Zamanında vəkildə və hüquqşünasdan alınmış məsləhət sizi gələcəkdəki yüz minlərlə, milyonlarla xərcdən, o cümlədən stressdən azad edə bilər. Mənim təcrübəmdə nadir hallarda evlənməmişdən qabaq məsləhətləşənlər olub. O bilirsiniz nə vaxt olur? Məsələn, 65 yaşında bir iş adamı 20 yaşlı xanımla evlənir. Xanımı da götürüb gəlir ki, nikah müqaviləsi hazırla və qeyd et ki, biz boşanacağımız təqdirdə, ona əmlakımdan heç nə çatmır. Yəni onunla pula görə evlənmədiyini təsdiq etmiş olur. Bu hallar olub.

 

– Televiziya verilişlərinə çıxan həmkarlarınız kifayət qədərdir. Sizi niyə az görürük?

– Bunun iki səbəbi var. Birincisi, ailə faciələri, məişət problemləri, qeybət, insanları şəxsi həyatına, seçimlərinə görə qınaq və mühakimə üzərinə qurulan verilişlərdə iştirak etməyi peşəmə və şəxsimə yaraşdırmıram. Çünki, vəkil hüquqi maarifləndirən və ictimai münasibətlərə hüquqi şərh verməli olduğu halda, bu kimi proqramlara mentalitet keşikçisi, qeybətçi görünüşündə dəvət edilir. Vəkildən boşanmanın səbəblərini soruşmazlar, boşanma prosedurunun necə olduğunu soruşa, tərəflərə hansı müddətlər verilir, hansı qaydada həyata keçirilir, hansı quruma müraciət etməlidir, aliment məbləği nə qədərdir, onu ödəməyəndə nə olur və s. kimi hüquqi suallar verə bilərlər.

İkincisi, bir çox televiziya verilişlərinin “Sizi vəkil kimi reklam edəcəyik, verilişimizdə iştirak üçün 300-600 manat ödəniş etməlisiz” dəvəti edirlər və mən “1 manat olsa belə, yenə də bahadır” deyib imtina edirəm. Çünki, mütəxəssis və peşəkar hüquqşunas kimi bu cür təklifi etik və mədəni qarşılamıram. Verilişə qonaqların bilik və savadına görə dəvət edilməli olduğu halda pul, reklam qarşılığında dəvət edilməsi yolverilməzdir və dəvət edilənin peşəkarlığına kölgə salır.

 

– Dediniz ki, vəkildən alimentin miqdarını soruşmaq olar. Maraqlıdır, təmin etdiyiniz ən yüksək aliment dəyəri nə qədər olub?

– Dəqiq məbləğ deməyə çalışsaq, hardasa 100-110 min manat arasında. Amma bu necə olub? İki uşaq üçün 18 yaşına çatana qədər nəzərdə tutulan alimentin evlə əvəzləşdirilməsi qaydasında olub. Bunu birdəfəlik də ödəyə bilərlər, amma qarşı tərəfin razılığından asılıdır. Çünki aliment məbləği infliyasiyaya və ya digər iqtisadi proseslərə görə artıb azala bilər. Azalmanı görməmişik, adətən, artır.

 

– Başqa hansı situasiyalarda yüksək məbləğdə alimentdən söz gedə bilər?

– Qanunvericilik alimentin tutulması ilə bağlı bir neçə müddəa müəyyən edib. Birincisi, yaşayış minimumu anlayışı var. Yəni dövlət bir uşağın ayda minimal xərcini 193 manat müəyyən edir. Amma bu rəqəm regionlara görə dəyişir, daha az məbləğ ola bilir. 193 manat yaşayış minimumunun maksimumudur. Bu o vaxt tətbiq edilir ki, aliment verəcək şəxsin gəlir yeri yoxdur, yaxud onun gəlirinin dörddə biri 193 manatdan az edir. İkinci qayda, şəxsin gəliri var və bununla bağlı məhkəməyə vicdanlı şəkildə məlumat verir, yaxud məlumat vermək istəməsə belə, tələb edən iddiaçı məlumatları dövlət orqanlarından alır.

Tutaq ki, şəxsin əmək haqqı 2 min manat olduğu təqdirdə, bir uşaq üçün məhkəmə alimenti məbləğin dördə biri qədər müəyyən edə bilir. Bu da 500 manat edir. Məhkəmə daha artıq aliment məbləği müəyyən edə bilərmi? Bəli. Məhkəmənin həm də vəzifəsi odur ki, tərəflər ayrılanda uşağın yaşayışında ciddi dəyişiklik baş verməsin. Bunun üçün də məhkəmə əlavə xərc hissəsində aliment məbləğini artıq tuta, uşağın saxlanması üçün əlavə xərci də tərəflərdən birinin üzərinə qoya bilər.

 

– Tanınmış idmançı Kamil Zeynallını müdafiə etmisiniz. Maraqlıdır, başqa hansı tanınmış müvəkkiliniz olub?

– Onların özü açıqlamadıqca mən açıqlamıram. Bu, vəkil sirridir. Məsələhətləşənlər, zəng edənlər, görüşənlər, əlbəttə ki, olub. Lakin kimlikləri, hüquqi məsələləri deməyim artıq vəkil sirrinin pozulmasıdır.

babek Hemidov 2

– Son zamanlar qadın qətilləri, pedofillərlə bağlı davamlı məlumatlardan, özəlliklə də İmişlidə 11 yaşlı qızın atalığı tərəfindən təcavüz olunaraq hamilə qalmasından sonra ölüm hökmünün bərpası müzakirə obyektinə çevrildi. Vəkil olaraq bu barədə necə düşünürsünüz?

– Qısa və konkret desəm, ölüm hökmünün bərpasına ehtiyac yoxdur. Hüquqşünaslar arasında bu kimi məsələlərlə bağlı fikir ayrılıqları var. Amma bu gün hüquqi elitanın fikri ölüm hökmünün tətbiq edilməməsindən yanadır. Ən ali və ən ədalətli araşdırma aparılan məhkəmələr belə səhv edə bilər. Təsəvvür edin ki, bir şəxsi səhvən ömürlük həbs etmisiniz. Sabah məhkəmə hökmünün ədalətsiz olduğu ortaya çıxanda, həmin şəxs azad edilir, həbsdə qaldığı illərə görə də pul verir, üzr istənilir. Amerikada bu kimi hallarla çox qarşılaşmaq olur. Bir də düşünün ki, cinayəti törədən şəxsi ölümlə cəzalandırmısan və sonradan təqsirsiz olduğu aşkar olunur. O zaman necə olacaq? Adam artıq yoxdur. Ona görə də ölüm cəzasına adekvat cəza kimi ömürlük azadlıqdan məhrum etmə müəyyən olunub. Bizdə elə bir cəza yoxdur, tətbiq edilə bilər, amma xüsusi və konstitusiyada göstərilən hallarda.

 

– Bəs qeyd edilən istiqamətlərdə cəzaların sərtləşdirilməsi necə?

– Praktika onu göstərir ki, cəzanın sərt olmağı şəxsi cinayəti törətməkdən azad etmir. Ən sərt cəzalar, ölüm hökmü olan ölkələrdə belə, cinayət törədilməyə davam edilir. Deməli. baxış bucağını dəyişmək lazımdır. Cəza birmənalı olmalıdır, törədilən əmələ adekvat olmalıdır. Müəyyən qism əməllərdə  cəzanı sərtləşdirmək effektiv ola bilər. Məsələn, qırmızı işıqda keçmək cəzasını sərtləşdirmək bəlkə də effekt verər. Amma daha ciddi və ağır cinayət işlərində bunu etmək şəxsi əməli törətməkdən çəkindirməyə bilir.

 

– Sosial media hesabınızda “Boşanma günlərinizin 02.02.2022, 22.02.2022 tarixlərində olması üçün sifarişlər qəbul olunur”, deyə qeyd etmişdiniz. Bunun da həmin yumoristik yanaşmalardan biri olduğunu bilirik. Amma həqiqətən də həmin tarixlərdə boşanmağa cəhd edənlər varmı?

– Heç kim müraciət etməyib. Evliliyi və ya övladın doğulmağını həmin tarixə salmaq mümkündür, amma boşanmanı həmin tarixdə etmək absurddur. Bəlkə kiminsə boşanma anı həmin günə təsadüf edəcək. Lakin o proseslər ən azı 3 ay əvvəl başlamış boşanma məsələləridir. Hər hansı bir məhkəməyə getsəniz, həmin tarixdə boşanma işinin olub-olmamasını görə bilərsiniz. Tarixlər hüquqi baxımdan absurddur.

Sadəcə olaraq, vurğulamaq istədiyim o idi ki, evliliyi tutaq ki, 11.11.2011 tarixində edən adamlar xoşbəxtliyini həmin rəqəmlərdə axtarmamalıdır. Həmin rəqəmlər həm də onun boşanma tarixi ola bilər. O yazıda daha çox yumor və satira var idi: cahil düşüncələr sizi xoşbəxt etməyəcək.

 

– Boşanmalarla bağlı çox paylaşım edirsiniz. Heç bununla bağlı tənqid edilmisinizmi?

– Əslində, mənim gördüyüm və yaxşı olan hal odur ki, yumor anlayışımız kifayət qədər inkişaf edib. 95 faiz adam bunu yaxşı qəbul edir, yerdə qalan 5 faiz isə əksinə. Bu da normaldır. Təhqir olmadığı təqdirdə, tənqidi hər zaman edə bilərlər. Məsələn, bəzən mənə göndərirlər ki, filan dırnaqarası xəbər saytı belə bir yazı paylaşıb. Mən onun o xəbəri paylaşması üçün hüquqlarını qorumağa hazıram. Özüm istəmərəm ki, jurnalistin fəaliyyətinə “onu paylaşma, bunu paylaş” kimi qanunsuz müdaxilələr olsun. Tənqidi yazılarla bağlı isə, əksinə xoşuma gələn bir məqam var ki, məni tanımayan, izləməyən, mənim tanımadığım adamlar da bəzən yazıların çağırış deyil, ironiya olduğunu qeyd edirlər. Yenə deyirəm, “Instagram” əyləncə üçündür. Özüm də stress paylayacaq sosial şəbəkə hesabı idarə etmək istəmirəm. Maksimum əyləncəli və hüquqi bilgiləndirmə içində olanda daha maraqlı alınır.

 

Söhbətləşdi: Günay Rəsulqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir