osteodistrofiya

Pecet xəstəliyi nədir? – SİMPTOMLARI

Baxış sayı: 1. 770

Pecet xəstəliyi (və ya osteodistrofiya) sümük toxumasının bərpa mexanizminin pozulması ilə xarakterizə olunan və səbəbi tam aşkar edilməyən xəstəlikdir.

İnsan orqanizmində sümük toxuması hüceyrələri mütəmadi olaraq dağılır və yeniləri ilə əvəz olunur. Pecet xəstəliyi zamanı bu proses pozulur ki, nəticədə sümüklər kövrək olur, deformasiyalara uğrayır, əyilir və qırılmağa meyilli olur.

Pecet xəstəliyinə əsasən yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Kişilərdə qadınlara nisbətən iki dəfə çox müşahidə olunur. Xəstəliyin inkişaf etmə səbəbləri məlum olmasa da, son illər aparılan elmi araşdırmalar nəticəsində xəstələrin osteoklastlarında (sümüyü yenidən quran hüceyrələr) virusabənzər cisimciklər aşkar edilib. Xəstələrin həmin virusa həyatın erkən mərhələsində yoluxduğu güman edilir və proses ləng tipli virus infeksiyası kimi inkişaf edir. Digər tədqiqatlar xəstəliyin genetik xarakterini (irsi xəstəlik) aşkara çıxarmışdır.

Xəstəlik orqanizmin istənilən sümüklərini zədələyə bilər. Xəstələrin üçdə birində yalnız bir, əksəriyyətində isə ən azı üç sümük zədələnir. Daha çox çanaq, onurğa, kəllə, yuxarı və aşağı ətrafların uzun borulu sümükləri prosesə cəlb olunur.

 

Xəstəliyin simptomları arasında:

– sümüklərdə arasıkəsilməyən və heç bir yükləmədən asılı olmayan ağrılar. Ağrılar küt və ya sızıldayan ola bilər.

– oynaqların hərəkətliliyinin pozulması,

– tez-tez baş verən sınıqlar (hətta ən kiçik travmalar nəticəsində),

– ayaqların X və ya O formasında əyilməsi,

– baş və üz formasının dəyişilməsi (baş böyüyür, üz kiçik qalır),

– zədələnmiş kəllə sümükləri sinirləri sıxır ki, bunun nəticəsində görmənin və  eşitmənin pozulmaları, güclü baş ağrıları inkişaf edir.

Çox nadir hallarda olsa da bəzən Pecet xəstəliyi fonunda xərçəng xəstəliyi (ikincili osteosarkoma) inkişaf edə bilər.

Pecet xəstəliyinin laborator diaqnostikası qanda qələvi fosfataza miqdarının təyininə əsaslanır. Xəstələrdə onun miqdarı normadan çox yüksək olur. Həmçinin qanda və sidikdə kalsiumun səviyyəsi də normadan yuxarı olur. Bundan əlavə zədələnmiş sümüklərin rentgenoqrafik müayinəsi də aparılır.

Bu xəstəliyin müalicəsi ilə həkim-ortoped məşğul olur. Xəstəlik tam müalicə olunmur. Lakin müalicənin köməyi ilə xəstənin vəziyyətini yüngülləşdirmək, xəstəliyin inkişafını xeyli ləngitmək və ağır fəsadların inkişafının qarşısını almaq mümkündür




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir