is

Peşə fəaliyyəti ər-arvad münasibətinə necə təsir edir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 218

Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırmışdır.Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir. Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması  onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit  yaratmaq üçün,  ər və arvad   arasında daim  qarşılıqlı anlaşma mövcud olmalıdır. Ailə daxilində ərlə, arvadın qarşılıqılı münasibətləri, onların peşə fəaliyyətinin ailədaxili münasibətlərə müxtəlif təsiri hər zaman psixologiya elminin aktual problemlərindən biri olub. Cəmiyyətin kiçik modelini və özəyini təşkil edən ailə, ailədaxili münasibətlər öz  dinamik inkişafı ilə diqqəti hər zaman  cəlb edir.

Müasir dövrdə inteqrasiya prosesinin güclənməsi və ictimai-siyasi dəyişikliklərin geniş vüsət alması  bir çox sosial-psixoloji problemlərin ortaya çıxmasına  səbəb olmuşdur. Sürətlə modernləşən bu dövr yeni dəyərlərin yaranmasına və ailədaxili münasibətlərin  formalaşmasına öz təsirini bir mənalı göstərmişdi. Ailə öz həyat tərzini insan münasibətlərinin müəyyənləşmiş qanunları ilə reallaşdırır. “Ailə strukturu – ailə üzvlərindən və ailə bütövlüyünü şərtləndirən münasibətlərdən ibarətdir. Ailənin strukturunun tələbata uyğunluğu şəxsi keyfiyyətlərin formalaşmasına analoji təsir göstərir”. Ailə  inkişaf dinamikası  mürəkkəb və çoxcəhətli  proses olan,  insan həyatı üçün olduqca böyük əhəmiyyət kəsb edən, cəmiyyətin özəyi hesab olunan  bir mühitdir.Ailənin taleyi,bu həyatın fərəhli,uğurlu olub –olmaması ərin və arvadın bir birinə məhəbbəti ilə yanaşı,həm də şəxsiyyətindən asılıdır. Ailə mədəniyyəti  bir – birinə hörmətdən ,səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisləri qarşılıqlı etibar tərzində  bölüşməkdən,yeri gələndə birinin digərinə qarşılıqlı güzəştə getməyindən,ağıllı və təmkinli yaşayışından yaranır. Sosial – iqtisadi şərait dəyişdikcə maddi tələbat ödənilsə belə ailə münasibətlərinin pozulması ailə münaqişələri və mürəkkəb situasiyaların qarşısında, səriştəsizlik, ailə cütlükləri arasında harmoniyanı pozaraq konfliktli situasiyalara  zəmin yaradır. Təcrübə göstərir ki, yalnız yaxşı maddi təminat ailənin xoşbəxtliyi üçün azdır.

Hər bir insan öz gələcək həyatını təmin etmək məqsədi ilə  hər hansısa peşəsahibi olur. Ailənin   maddi və mənəvi təminatı qarşılıqlı münasibətləri, ünsiyyəti, psixoloji mühiti digər amillərlə yanaşı ər və arvadın fəaliyyət sahələrindən, o cümlədən məşğul olduqları peşədən onun xüsusiyyətlərindən çox asılıdır. Qeyd etmək lazımdır ki,hər peşənin özünə uygun psixososiofizioloji tələbləri (həyata baxış bucağı, qidalanma və danışıq üslubu, geyim tərzi, fizioloji olaraq bədən quruluşunda gedən dəyişikliklər, cəmiyyətdə,ailədə övladları ilə münasibət vərəftarında fərqlilik,zövqlərin müxtəlifliyi və.s mövcuddur. Hərbiçilərin sənətşünasların, prokuror, vəkil, qazmaçı, bərbər, idmançı, həkim, müəllim, cəza cəkmə müəssələri işçilərinin, fəhlələrin və s. peşələri fərqli olduğu kimi,  peşələrindən irəli gələn psixomodellərinin  də fərqli olması normaldır.

Hüquq mühafizə orqanları və güc strukturlarında işləyən əməkdaşların (kişi,qadın) baxışları sərt, nitqləri lokanik, hətta səs tonları qalın və əmiranə olur. Məsələn, elmi-pedaqoji fəaliyyətlə məşğul olan insanların adətən bənizləri solğun hərəkətləri ləng, açıq havada az olduqlarından onların hətta somatikalarında deformasiya baş verir. Hətta müxtəlif  peşə sahibləri  həmin peşədən ayrıldıqda belə bir sıra əlamət və keyfiyyətləri qoruyurlar. Ümumiyyətlə peşə fəaliyyətindən irəli gələn xüsusiyyətlər ailədaxili  münasibətlərə də təsir edir.  Ailə sahiblərinin peşələrindən irəli gələn  davranış  tərzi  bir başa  ailələrinə də siraət edir.

Bir çox tədqiqatçıların fikrincə ər və arvadın qarşılıqlı  münasibətlərində peşə fəaliyyətinin müxtəlifliyi, eyniyyəti, ailədaxili münasibətlərin formalaşdırılmasında əsas amillərdən biridir. Peşələrin eyniyyəti və ya fərqliliyi ər  və arvad arasında münasibətlərdə uzlaşma yaratdığı kimi, konfliktli situasiyalara da səbəb ola bilər. Ailədaxili münasibətlərin formalaşmasında cəmiyyətdə mövcud olan etalon və stereotiplər də mühüm rol oynayır. Peşəsindən asılı olaraq davranış tərzi, kişinin və ya qadının dominantlıq xüsusiyyətləri   psixoloji  aspektdən mental dəyərlər çərçivəsində öz əksini taparaq ailədə özünün dolğun ifadəsini göstərməlidir.

Sağlam ailə mühitində böyüyən övladların cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasına təkcə sosial – iqtisadi və ya sosial psixoloji amillər deyil, həmçinin ər və arvadın peşə fəaliyyəti, onların həyata baxış bucağı, təfəkkür tərzi  də mühüm  təsir göstərir. Bir sıra hallarda peşə fəaliyyətinin yaratdığı psixoloji atmosferin ailənin sosiomühitinə tənzimlənmədən daxil olması, konfliktli situasiyalara səbəb olur. Lakin istər fərqli, istərsə də eyniyyət təşkil edən peşə sahiblərinin peşələrindən  irəli gələn psixoloji  iqlimi  idarə edərək ailədaxili münasibətləri formalaşdırmaları, ailədəki  sağlam psixoloji mühitin yaranmasına və formalaşmasına təsir edə bilər. Tutduğu vəzifədən asılı olmayaraq ər və arvadın həmrəyliyi,birliyi  sağlam ailə üçün tərbiyə faktorudur. Peşə fəaliyyətindən irəli gələn psixoloji atmosferin düzgün idarə edilməməsi, ailədaxili mühiti gərginləşdirə  biləcəyi kimi, düzgün idarə olunduqda  bir ahəng yarada bilər. Yuxarıda qeyd olunan faktlar onu  göstərir ki, ailədaxili münasibətlərin formalaşmasında cütlüklərin bir-birinə təsiretmə anlamında peşə fəaliyyəti və onun özəlliklərinin  böyük rolu vardır.

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir