İsmayil Ahmad

Peyğəmbərimizi necə və nə qədər tanıyırıq? – İsmail Əhməd yazır

Baxış sayı: 1. 052

“Gencaile.az” saytının “bilDİN” rubrikasında ilahiyyatçı İsmayıl Əhməd bu dəfə oxucularımızı Peyğəmbər tanıma mövzusunda məlumatlandıracaq.

Peyğəmbər tanıma mövzusunda diqqəti çəkən məsələlərdən biri də Peyğəmbəri tanıtdırma məsələsidir. Yəni bir şəxsin və ya bir varlığın tanınması üçün hər şeydən mühüm olan tanıtdıranın tanıtdırma üsuludur.

Əlbəttə, bütün bunlar tanıtdırılanın həqiqət olduğu yerdə müzakirə olunur. Çünki tanıtdırılan yalan və xurafat olduğu bir halda, hansı üsuldan istifadə olunsa, yenə də müsbət nəticə verməyəcək. Peyğəmbər tanıma məsələsində də biz müsəlmanlar bir sıra mötəbər rəvayətlərlə qarşılaşsaq da tanıtdırılma üsulu düzgün olmadığından  Peyğəmbər (s) barədə düzgün təsəvvürə sahib olmuruq və bu da Peyğəmbərin (s) özünün tanıtdırdığı həqiqətləri olduğu kimi başa düşməməyimizə səbəb olur. Çünki təsəvvürün bünövrəsində səhvə yol vermiş oluruq. Bunun üçün də əgər biz nəyisə düzgün başa  düşmək istəyiriksə, hər şeydən əvvəl tanımaq istədiyimiz varlıq və ya həqiqət barədə düzgün təsəvvürə malik olmalıyıq. Məsələyə aydınlıq gətirmək üçün hədis kitablarında nəql olunan mötəbər rəvayətlərdən bir neçəsinə işarə edəcək və onlardan əldə olunan yanlış təsəvvürlərlə bizdə formalaşan qeyri- sağlam Peyğəmbər (s) təsəvvürünün üzərində dayanacağıq. Rəvayətlərdən birində deyilir: “İbn Ömər səhabə və tabeinlərlə (Peyğəmbərin (s) özünü deyil, onun səhabələrini görüb iman gətirənlər) səfərə çıxır. Tabeinlərdən biri karvandan xeyli uzaqlaşıb xəlvət bir yerə çəkilir və bir qədər yerdə oturduqdan sonra yenidən geri qayıdır. Yoldaşları ondan nə üçün aralandığını, ayaq yoluna getmək üçün niyə bu qədər uzaqlaşdığını soruşurlar. Həmin şəxs cavab verir: “Peyğəmbərin  (s) sağlığında onunla buradan keçərkən bizdən uzaqlaşıb təbii ehtiyaclarını aradan qaldırmaq üçün xəlvətə çəkildiyi, sonra yenidən yanımıza qayıtdığını gördüm. Mən də ehtiyacım olmasa belə bunu sünnət bilib onun burada etdiyini yerinə yetirməyi özümə borc bildim”.  Bu məzmunda nəql olunan rəvayətləri oxuyub düzgün nəticə çıxara bilməyənlər sonradan Peyğəmbərin (s) şəxsi həyatında müşahidə etdiklərini sünnət ayağına yazır və o böyük şəxsiyyətin uca məqamını (bir çox hallarda bilməyərəkdən) beləcə kiçiltmiş olurlar. Bu kimi hallarda bir həqiqəti başa düşmək lazımdır ki, Peyğəmbərin (s) yerinə yetirdiyi hər əməl sünnət deyil, sünnət adlandırmalı olduğumuz əməl insan həyatının mənəvi həyatı ilə əlaqəlidir. Belə bir yanlış təfəkkür tərzinin aradan qaldırılması istiqamətində biz Peyğəmbərin (s) özünün də ciddiyyət göstərdiyinin şahidi oluruq. Həyatının son illərində, daha dəqiq hicrətin 8-ci ilinin axırlarında oğlu İbrahim dünyasını dəyişir. Peyğəmbər (s) göz yaşları ilə oğlunu qəbrə qoyduğu bir vaxtda günəş tutulur və aləm zülmətə qərq olur. Mədinə camaatı bunu Allahın Peyğəmbərin müsibətinə yas tutması ilə əlaqələndirib söz-söhbətlər yaymağa başlayırlar. Peyğəmbər bu xəbəri alar-almaz məscidə gələrək minbərə çıxır və Mədinə əhalisinə xitabən buyurur: “Ey insanlar! Allah öləcək heç bir varlıq barədə Öz qanununu dəyişməz. Diqqət yetirsək görərik ki, Peyğəmbər (s) bu hərəkəti onu ifratla ucaldaraq həyat çərçivəsindən çıxaranlara “ey iman gətirənlər, dində ikən dinə aid olmayan düşüncə və davranışları dinə daxil edib onu xurafi ənənələrə çevirməyin!” xitabən etmək istəmişdir. Başqa bir rəvayətə nəzər salaq. Osman ibn Məzun adlı səhabənin evinə bir qonaq gəlir və gəldiyi gecə dünyasını dəyişir. Səhəri gün Osman ibn Məzunun həyat yoldaşı dünyasını dəyişmiş şəxsin qoyulduğu otağa daxil olub deyir: “Xoş sənin halına, Cənnət müjdən olsun sənin”. Qadın bunu deyərkən dəfndə iştirak etmək üçün  gələn Peyğəmbərin (s) gəlişinin fərqinə varmır. Arxadan bunu eşidən Peyğəmbər (s) qadına deyir: “Xanım, sən nədən danışırsan? Mən peyğəmbər olduğum bir halda sabah başıma nələrin gələcəyindən xəbərim yoxdur. Sən isə bir Allah bəndəsini  Cənnətlə müjdələyirsən”.  Peyğəmbərin (s)  dedikləri Əhqaf surəsinin 9-cu ayəsində öz əksini tapmaqdadır:  “De: “Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm”. Bu kimi hadisələr Həzrət Muhəmmədin (s) peyğəmbərliyindən xəbər verir və bu həqiqəti bir daha təsdiq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir