peyvend

Peyvənd: vurduraq, vurdurmayaq?

Baxış sayı: 2. 192

Zamanla peyvənd vurulan uşaqlarda ölüm və başqa neqativ halların olması ictimaiyyət arasında peyvəndin mənfi təsirləri ilə bağlı fikirlərin yayılmasına gətirib çıxarır. Elə bu səbəbdən də valideynlərin əksəriyyəti çox vaxt uşaqlarına peyvənd vurdurmaqdan qorxurlar.

Valideyn Kamilə Rzayeva bizimlə söhbətində bildirib ki, vaxtilə uşağına AKDS vurdurub: “Bu peyvənddən sonra sağlam uşağı evə gətirdik və onun qızdırması qalxdı, ayağı qıc oldu. Bundan sonra daha peyvənd vurdurmadım. Ümumiyyətlə, bir çox tanışlarım da peyvəndlərin fəsadlar törətdiyini deyir. Elə olur ki, uşaqda sonradan əlillik, zehni inkişafında gerilik, gec dil açmaq, dil qüsurları və s. yaranır. Peyvəndlər keyfiyyətli olsaydı, uşaqların səhhətində bu qədər problemlər müşahidə olunmazdı”.

Digər valideyn Sitarə Zeynalova isə qeyd edir ki, övladlarına özəl klinikalarda peyvənd vurdurub: “Dövlət poliklinikalarındakı peyvəndlər Hindistanda hazırlanandır. Həm də saxlanma şəraitinə əmin deyiləm. Özəl klinikalarda isə Avropa ölkələrindən gətirilir. Qiyməti baha olsa da, uşaqların səhhətində mənfi reaksiya verməsi barədə bir hadisə eşitməmişik”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidmiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə valideynlərin övladlarına peyvənd vurdurmaqdan ehtiyat etməsini əsassız sayır. Onun sözlərinə görə, valideynlər peyvəndlər barədə tam məlumatlı deyillərsə, ərazi həkimləri, pediatrlar, sahə həkimləri onları lazımi səviyyədə məlumatlandırmalıdır. “Peyvəndin əhəmiyyəti, effektivliyi, hansı xəstəliyə qarşı immunitet yaratması, ümumiyyətlə, xəstəliklər haqqında və həmin xəstəliklərdən qorunmaq üçün vaksin haqqında ətraflı məlumat verilməlidir. Çalışıb insanları tam düzgün məlumatlandırmalıdırlar. Həkimlər vaksin materialları ilə ölkədə əldə olunan nailiyyətləri izah etməlidir. Hazırda bir çox ağır xəstəliklər peyvəndlərin təsiri ilə ləğv olunub, yox səviyyəsindədir. Digər ölkələrdə belə xəstəliklər var. Və hər hansı ölkədən gətirilmə halı olarsa, bizim uşaqların da yoluxmasına səbəb ola bilər. Vaksin çox önəmlidir. Yəni valideynlər tam məlumatlı olmalıdır. Həkimlər valideynlərə vaksinin əhəmiyəti, effektivliyi, yaradacağı immunitet haqqında o qədər geniş məlumat verməlidirlər ki, insanları peyvəndlərin vacibliyinə inandıra bilsinlər. Bir çox hallarda valideynlər düzgün məlumat aldıqdan sonra uşaqlarını peyvəndə gətirirlər”, – deyə Əliyeva “ bildirir.

A.Əliyeva qeyd edir ki, respublikamızda hər bir peyvənd üzrə əhatə olunma 95-97 faizdir. Müxtəlif peyvəndlərdə müxtəlif əhatədir. Tək-tək, nadir hallarda tibbi göstərişləri, yəni hər hansı xəstəlikləri olan uşaqlar peyvəndə müvəqqəti olaraq cəlb olunmur. “Tam sağaldıqdan sonra tibbi əks göstərişin müddəti bitdikdən, əks göstəriş bitdikdən sonra həmin uşaqlar peyvəndlərə cəlb edilir”.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndə cəlb olunmayan uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur. İmmunlaşdırma həftəsinin aprelin son həftəsi ərzində keçiriləcəyi gözlənilir. Bu tədbirlərin Avropa İmmunlaşdırması Həftəsi çərçivəsində görülməsi planlaşdırılır.

Dediyinə görə, elə uşaqlar var ki, müəyyən səbəblərdən vaxtında peyvənd edilə bilməyib: “Bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi təmin edilməlidir. Bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin veriləcəyi gözlənilir”.

Tibbi ekspert Adil Qeybulla bildirir ki, valideynlərin peyvənddən qorxması qeybət xarakterli söhbətlərdən qaynaqlanır: “Təxminən 10-15 il öncə respublika üzrə kütləvi vaksinasiya həyata keçirildi. Bu, AKDS adlanır. Göy öskürəyə, skarlatina, difteriyaya qarşı idi. Onda bir-iki uşaqda peyvənddən problem olmuşdu. Bu ola bilər. Doğuşdan sonra ensefalopatiyası olan, yanaşı xəstəlikləri olan uşaqlarda vaksinasiya fonunda müəyyən patologiyalar ola bilər. Allergik reaksiyalar baş verə bilər. Peyvənddən sonra ağırlaşma ilə bağlı bir-iki epizod olmuşdu. Bundan da şayiələr yayılmışdı ki, peyvəndlər uşaqlarda fəsadlar yaradır”.

Müsahibimizin dediyinə görə, vaksinasiya o qədər vacib bir prosedurdur ki, dörd mühüm karontin infeksiyanın yayılmasının qarşısı alınıb, biri isə yox olub: “Bu dörd ağır karontin infeksiya insan tələfatına səbəb olan vəba, taun, sarı qızdırma və təbii çiçəkdir. Təbii çiçək 10-15 ildir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən reyestrdən çıxarılıb. Məhz vaksinasiya nəticəsində o, yoxa çıxdı. Yaşlı insanların qolunda həmin vaksinasiyanın izləri qalıb. Amma indi təbii çiçəyə yoluxma yoxdur”.

Qeybulla deyir ki, müəyyən allergik uşaqlara, diatezi olan, başqa yanaşı patalogiyaları olan uşaqlara peyvənd vurmaqdan əvvəl həkimi ilə məsləhətləşmək lazımdır: “Əks göstəriş aradan götürüldükdə, vaksinasiya aparılmalıdır”.

İnsanlar arasında dövlət poliklinikalarında vurulan peyvəndlərin Hindistandan gətirilməsi, keyfiyyətsiz olmasına gəlincə, ekspert bildirib ki, Hindistanı çox da geridə qalmış hesab etmək olmaz. “Düzdür, əhalisinin çoxu yoxsuldur. Amma Hindistanın təbabəti çox yüksək səviyyədədir. Onun farmoseptik sənayesi də inkişaf edib. Təbii ki, Hindistanın dərmanlarını Avropa dərmanları ilə müqayisə edə bilmərəm. Amma bir şey də var ki, Avropada işçi qüvvəsi bahalıdır. Hindistanda ucuzdur, ona görə də onların dərmanları ucuz başa gəlir. Bu, onların keyfiyyətsiz olduğunu göstərmir. Amma Hindistanda zavod istehsalı dərmanlar var ki, onlardan çəkinmək lazımdır”.

Onun sözlərinə görə, özəl klinikalarda servis yüksəkdir və ora maraq var: “Avropada istehsal olunan vaksin preparatlarını gətirirlər. Ola bilsin ki, bu baha başa gəlsin. Hesab edirəm ki, dövlət poliklinikalarına gedib səliqə ilə vaksinasiya olunub bu prosesin öhdəsindən gəlmək mümkündür. Kim istəyir öz xərci hesabına özələ gedə bilər. Amma dövlətdə bunu edirlərsə, niyə insanlar bundan yararlanmasınlar?”

A.Qeybulla izah edir ki, vaksinasiyanın uşağın zehni inkişafına, dil açmasına heç bir mənfi təsiri yoxdur: “Vaksinasiya zamanı insanın bədəninə zəiflədilmiş mikroblar, onların antigenləri yeridilir, bədən onu aşkar edib ona qarşı antitellər hazırlayır. Vaksinasiyanın məqsədi budur. Nəzərdə tutulan mikroba qarşı antitellərin bədəndə olması virus bədənə düşən zamanı onu dərhal məhv etməyə yönəlir. Amma mikrob vaksinasiya olunmayan bədənə düşüb orqanizm onu tanıyana kimi xeyli vaxt keçir. Nəticədə həmin mikrob yayılır və buna qarşı tədbir görmək olmur. Aktiv immunulizasiya və passiv immunilizasiya var. Aktiv immunilizasiyada mikroblar və onların antigenləri bədənə yeridilir, bədən antitel hazırlayır. Passiv də isə hazır antitellər bədənə yeridilir ki, bədənə düşmüş mikrobları zərərsizləşdirə bilsin. Vaksinasiyanın neqativ təsirlərinin olması yanlış fikirlərdir, əksinə vaksinasiyadan yararlanmaq lazımdır”.

Psixoloq Ruhiyyə Rüstəmova bildirir ki, son illərdə nəinki Azərbaycanda, bütün dünyada peyənddən sonra uşaqlarda müəyyən fəsadların yaranması barədə verilişlər yayımlanır, məqalələr, informasiyalar yayılır: “Bütün bunların təsirindən valideynlər uşaqlarına peyvənd vurdurmaqdan qorxur. Bunun da nəticəsində valideynlərin peyvəndlər haqqında az məlumatlı olması bunu bir biznes sahəsinə çevirir. Valideyn uşağı peyvənd vurdurmağa apararkən ona müxətlif peyvəndlərin qiymətlərindən və hansının keyfiyyətli olmasından məlumat verilir. Valideynlərin uşağı üçün narahat olmasına psixoloji siqnal gedir. Bunların qiymətində fərq var, deməli tərkibi və keyfiyyəti fərqlidir. Pulsuz olanı uşağımda fəsad yaradar və s. fikirlər valideyni rahat buraxmır”.

R.Rüstəmova qeyd edir ki, Azərbaycanda peyvənd vurdurmaqda valideyn sərbəstdir: “Həkim, immunoloq bu barədə valideyni məcbur etməməlidir. Amma reallığa baxsaq, poliklinikalarda peyvəndlərin məcbur vurulması, bir-bir valideynlərə zəng edib uşaqları gətirməyi tələb etməsi valideynlərdə peyvənd haqqında məlumat az olduğu üçün bu məcburiyyət valideynlərdə qorxu hissini yaradır və peyvənddən imtina edirlər. Bir çox həkimlər peyvəndi vurmamışdan öncə sadəcə əlini uşağın alnına qoyur və qızdırmasını yoxlayır, sonra valideyndən uşağın səhhəti ilə bağlı ciddi şikayətlərin olub-olmamasını soruşub peyvəndi vururlar. Uşaq ətraflı müayinə olmur ki, bu da valideynləri qorxuzur. Nəticədə də həkimlər peyvənd zamanı bir problem çıxarsa, “mən sizdən soruşmuşdum” deyirlər. Avropada isə uşağı ilk növbədə müayinə edirlər və uşağa peyvəndin vurulması haqqında icazə verən sənəd olmalıdır. Yalnız bundan sonra uşağa peyvənd vurula bilər”.

Həmsöhbətimiz deyir ki, vaxtaşırı valideynlərlə maarifləndirmə işləri aparılmalı, peyvəndin müsbət və mənfi tərəfləri haqqında məlumat verilməlidir: “İzah olunmalıdır ki, hansı hallarda peyvənd vurulmamalıdır, hansı hallarda isə vurulması müsbət nəticələnəcək. Peyvənd vurulmadıqda uşaqları ilə nəyin baş verə biləcəyini valideynlər təsəvvür etməlidir”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir