Pilinq

Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət

Baxış sayı: 1. 133

Dəriyə qulluq prosedurlarından biri də pilinqdir. Pilinq nədir və hansı növləri var? Müxtəlif dəri tipinə uyğun pilinqlər hansıdır? Həkim-kosmetoloq Aynur Kazımova bu mövzu ilə bağlı bilməli olduğunuz hər şeyi yeni yazısında qələmə alıb.

“Grncaile.az” saytı həmin yazını təqdim edir:

Pilinq – dərimizin üst qatındakı buynuzlaşmış dəri hüceyrələrinin təmizlənməsi prosedurudur. Pilinq ingiliscə “peel” sözündən götürülüb və mənası təmizləmək, soymaq deməkdir. Pilinqin əsas məqsədi dəri keyfiyyətini yaxşılaşdırmaq və müəyyən problemləri aradan qaldırmaqdır. Bu məqsədlə müxtəlif pilinq növlərindən istifadə olunur.

Dərimizin epidermis – üst dəri təbəqəsinin hüceyrələri requlyar olaraq yenilənir. Cavan yaşlarda bu proses normal 28-30 gündən bir baş verir. Lakin yaş keçdikcə proses zəifləməyə başlayır. Bu səbəbdən pilinq prosedurlarının köməyi ilə dəri səthini ölmüş hüceyrələr təbəqəsindən təmizləyirik.

Təsir göstərdiyi dərinlikdən asılı olaraq pilinqlərin səthi, orta və dərin növü var.

Təsir formasına görə mexaniki, kimyəvi, aparat və lazer pilinqləri var.

 

Mexaniki pilinq

Mexaniki pilinqlərə skrablar aiddir. Onlar ev şəraitində də həftədə 1-2 dəfə istifadə oluna bilər. Dərinin üst qatını təmizləmək, hüceyrə yenilənməsini stimulyasiya etmək üçün işlənir.

Aparat pilinqi

Aparat pilinqlərinə mikrodermabraziya, braşinq və ya brosaj, ultrasəs pilinq prosedurları aiddir.

Apparat pilinqlərinin təsiri nəticəsində toxumalarda qan dövranı yaxşılaşır, dəri və məsamələr təmizlənir. Prosedurdan sonra dəri daha hamar olur. Çox həssas, iltihab əlamətləri olan dərilərdə bu prosedurları aparmaq məsləhət deyil.

Brosaj proseduru xüsusi avadanlıq və fırçaların köməyi ilə aparılır. Fırça üzdə dairəvi hərəkət etməklə dəriyə mexaniki təsir göstərir və üst dəri təbəqəsindəki hüceyrələri yeniləyir.

Mikrodermabraziya yüngül dəri cilalanması prosedurudur. Prosedur xüsusi aparat başlığı və kristal hissəcikləri ilə aparılır.

Ultrasəs pilinq səthi pilinqlərə aiddir. Ultrasəs dalğalarının təsiri ilə dərinin üst qatındakı buynuzlaşmış hüceyrələr təmizlənir. Çox vaxt üz təmizləmə proseduruna hazırlıq mərhələsində, üzə qulluq proqramlarında istifadə olunur.

Kimyəvi pilinqlər

Kimyəvi pilinq proseduru zamanı xüsusi tərkibli preparatlar istifadə olunur. Bu preparatların təsiri həkim tərəfindən kontrol olunur və dəridə regenerasiya prosesləri aktivləşir ki, nəticədə dəri tez bir zamanda yenilənir.

Kimyəvi pilinqlər də təsirinə görə səthi, orta və dərin pilinqlərə bölünür.

Səthi pilinq prosedurunda qlikol, badam, süd turşusu və s. pilinqləri istifadə olunur. Bu zaman dərinin yalniz üst təbəqəsinə təsir göstərilir. Pilinqdən sonra dəri rəngi və teksturası yaxşılaşır. Səthi pilinqlər kurs şəklində olunmalıdır. 3-7 prosedur və 7-10 gündən bir təkrarlanmalıdır.

Orta pilinqlər daha dərin dəri qatlarına təsir göstərir. Bu zaman daha yüksək konsentrasiyalı preparatlar istifadə olunur. Bu pilinqlərin köməyi ilə piqment və post-akne ləkələrini təmizləmək, kiçik qırışları yox etmək dərin qırışları azaltmaq olar. Prosedurdan sonrakı reabilitasiya dövrü 7-10 gün çəkir.

Dərin pilinqlər daha aqressiv və dərin qatları zədələyən pilinq növüdür.Prosedurdan sonra reabilitasiya periodu digər pilinqlərdən fərqli olaraq uzun çəkir və düzgün aparılmadıqda müxtəlif ağırlaşmalar verə bilir. Çox vaxt dərin qırışları açmaq və liftinq effekti almaq üçün istifadə olunur.

Lazer pilinqi

Lazer pilinqi lazer şüalarının təsiri ilə aparılır.

Karbon pilinqi

Bu prosedur zamanı üzə gel şəkilli maska çəkilir. Bu maska məsamələrdən keçərək dərinin üst qatına daxil olur və lazer vasitəsilə təsir göstərdikdə üst dəri təbəqəsi və məsamələr buynuzlaşmış hüceyrə təbəqəsindən təmizlənir.

Pilinq nə üçün lazımdır?

  1. Dərini yeniləmək, dəri rəngini bütün üzdə bərabərləşdirmək
  2. Dəri regenerasiyasını aktivləşdirmək
  3. Elastin və kollagen sintezini stimulyasiya etmək
  4. Yağlı dərilərdə yağlılıgı azaltmaq
  5. Piqment ve post-akne ləkələrin rəngini açmaq ya da tamamilə yox etmək
  6. Dəri yaşlanmasının profilaktikası
  7. Kiçik qırışları açmaq və s.

Pilinq prosedurundan sonra xoşagəlməz halların qarşısını almaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.

Kimyəvi pilinq proseduru payız və qış fəsillərində aparılmalıdır.

Aparat və mexaniki pilinqlər yaz və yay aylarında oluna bilər, yalnız bu zaman üz dərisinə günəş şüalarından qoruyucu faktoru olan SPF kremlər çəkilməlidir.

Pilinq prosedurlarından sonra dəridə qabıqlanma-yenilənmə baş verir. Bu zaman səbirli olub həmin qabıqlanmış dərini qoparmamalıyıq. Əks halda regenerasiya prosesləri zəifləyir və xoşagəlməz hallar baş verir.

Prosedurdan sonrakı reabilitasiya dövründə yalnız həkimin məsləhət bildiyi regenerativ kremlərdən istifadə etmək məsləhətdir.

Əvvəldə qeyd etdiyim kimi pilinq dərinin yenilənməsi prosedurudur. Hər bir dərinin pilinq proseduruna ehtiyacı var. Lakin dəri növləri müxtəlif olduğu kimi onlara uyğun pilinq növləri də düzgün seçilməlidir.

Dərinizə uygun düzgün və effektiv prosedurların seçilməsi üçün mütəxəssislərə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir