yol qezasi

Piyada ölümlərində günahkar kimdir?

Baxış sayı: 1. 871

Bəlkə də hər gün bir neçə piyadanın avtomobillər tərəfindən vurulması barədə xəbərləri eşidirik. Əksər hallarda piyadaların vurulması onların ağır xəsarət alması və ya ölməsi ilə nəticələnir.

Ekspertlərin fikrincə, piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasında çox vaxt piyadalar özləri günahkar olur. Bir çox hallarda isə piyadaların vurulması faktı aidiyyəti qurumlardan gizlədilir və piyada ilə sürücü bu məsələni öz aralarında həll etmək razılığına gəlir. Bununla da piyada müalicə və s. üçün lazım olan xərcləri alır, sürücü isə cinayət məsuliyyətindən yaxa qurtarır.

Rəsmi statistikaya görə, son üç ildə – 2014, 2015 və 2016-cı ildə yol qəzalarından ölənlərin sayı artıb. Belə ki, 2014-cü ildə Azərbaycanda 2606 yol qəzası baş verib. Ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb. 2015-ci il ərzində isə respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. Ötən il ərzində ölkə üzrə qeydə alınan 2006 yol nəqliyyat hadisəsindən 2003 nəfər yaralanıb, 759 nəfər həlak olub.

Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun bildirdiyinə görə, piyada vurulma hallarının artmasının əsas səbəbi piyadaların ciddi intizamsızlığıdır: “Piyadalar piyada keçidlərindən keçməyə ərinirlər. Eləcə də piyadalar yolu diqqətsiz keçir, qəflətən maşınların qabağına çıxır, maşınların gur hərəkət etdiyi yolu qaçaraq keçməyə çalışırlar. Piyadalar yolun hərəkətli hissəsi ilə hərəkət edərkən təhlükəsizliyə riayət etmir, nəqliyyat vasitələrinin hərəkətinə fikir vermirlər. Bir zolaqdan o birinə keçərkən maşınların onları görə bilməyəcəyini düşünmürlər”.

Hüseynov deyib ki, piyada vurulma halları xüsusilə gecələr daha çox olur: “Bunun da səbəbi qaranlıq küçələrdə sürücülərin yolda piyadaları görə bilməməsidir. Sürücü zolaqlı keçidi, yol nişanlarını görə bilmir. Bəzi yerdə zolaqlı keçidlər silinmək üzrədir, yaxşı seçilmir. Piyada keçidlərində qoyulan xətlər çirkləndiyi üçün də görünməyən yollar var”.

Onun sözlərinə görə, bir-iki küçəni çıxmaq şərtilə gecə vaxtlarında yollar işıqlandırılmır: “İşıqlandırılan yolların işıqlarını da gecə saat 11-12-dən sonra söndürürlər. Hətta kənd küçələri də işıqlandırılmalıdır ki, sürücülər və piyadalar bir-birlərini rahat görə bilsinlər. Bundan başqa, bəzi yerlərdə nişanlar düzgün yerlərdə qoyulmadığı üçün qəza şəraitlərinin sayı artır”.

Həmsöhbətimizə görə, dünyanın hər yerində piyada keçidi nişanını yolun sağında və ya solunda, eyni zamanda yolun üstündən də asırlar ki, nəqliyyat vasitələri həmin nişanları maksimum dərəcədə yaxşı görsünlər. “Küçələr, yollar yaxşı işıqlandırılır. Nəticədə uzaq məsafədən belə gecə qara geyinmiş insanları da yaxşı görmək olur və piyadaların vurulması halları nadir hallarda baş verir”.

Ə.Hüseynov bildirib ki, yolda piyadaların vurulması hallarının azalması üçün piyadaların maarifləndirilməsi məsələsi də diqqətdə saxlanılmalıdır: “Piyadalar piyada keçidlərindən keçməli olduqlarını bilirlər, amma keçməsələr, nəyin baş verəcəyini dərk etmirlər. Piyadalar keçidindən keçmədikdə qəzaya düşə biləcəkləri informasiyasını qavraya bilmirlər. Problemimiz budur. Piyadalara piyada keçidindən istifadənin mahiyyəti çatdırılmalıdır. Piyadaların buna baxış tərzi dəyişdirilməlidir. “Keçiddən keçmək lazımdır, əks halda cərimələnəcəksən!” – kimi sözlər effekt vermir”.

Ekspert deyir ki, piyadaların vurulma hallarında günah həm piyada, həm də sürücüdə olur. Amma qəza zamanı piyada öldüyü üçün piyadanın günahını axtaran olmur, sürücünün necə günahkar çıxarılmasını axtarmağa başlayırlar. “Rəsmi statistikaya inansaq, piyada vurulma hallarının 98 faizində sürücülər günahkardır. Əslində elə deyil, piyadaların vurulma hallarının 95 faizində piyadalar günahkardır”.

Piyadaların vurulması zamanı piyada sağdırsa, bunu çox vaxt aidiyyəti qurumlardan gizlətməyə və məsələni sürücü ilə piyada öz aralarında həll etməyə çalışırlar. Bununla bağlı ekspert deyib ki, Səhiyyə Nazirliyinin göstərişi var, xəstədə travmanın əlamətləri olduqda bununla bağlı polis orqanları məlumatlandırılır: “Xəstəni maşın vurubsa, həkimlər baxan kimi bilir və mütləq daxili işlər orqanlarına məlumat verilir. Ola bilsin ki, heç kimin görmədiyi yerdə kimsə piyadanı vurur, sürücü ilə piyala arasında danışıq olur. Sürücü piyadanı özünün tanıdığı həkimin evinə aparır. Bu, çox təhlükəli yanaşmadır. Həmin adam şikəst qala bilər. Sabah sürücü müalicənin davam etdirilməsindən imtina edə bilər. Bəlkə də piyadanın vurulmasında sürücü günahkar deyil, amma piyada hər şeyi onun üstünə atır.

Elə piyadalar var ki, sürücüdən nəinki müalicənin xərclərini, daim onu dolandırmağı da tələb edir. Xəsarət alan piyada sürücüdən həftədə bir dəfə ona bazarlıq etməyi tələb edir. Ya da deyir ki, övladımın təhsil haqqını ödəməlisən. Bunlar olmasın deyə piyadaların vurulması mütləq rəsmiləşdirilməlidir. Yol nəqliyyat hadisəsini gizlətmək qanuna ziddir, fəsadlara gətirib çıxaracaq”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir