plastik emeliyyat

Plastik əməliyyatlar: keçmişdə və gün

Baxış sayı: 544

ABŞ-da və Avropada dəb halını alan plastik əməliyyatlar artıq son illərdə Azərbaycanda da sürətlə artmağa başlayıb. Əgər əvvəllər şou-biznes nümayəndələri, sənətçilər estetik əməliyyatlar etdirirdilərsə, hazırda sadə insanlar da bu üsula müraciət edir. Bu yazıda plastik əməliyyatlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

 

İlk plastik əməliyyat

Plastik cərrahiyyə bizim eradan hələ 3 min il əvvəl mövcud olub. Qədim Misir həkimləri zədəli burunların korreksiyası və dovşandodaqlılığın ləğvi kimi əməliyyatların aparılma texnologiyasını papiruslar üzərində yazıb, təsvir ediblər. Lakin XIX əsrin əvvəllərində plastik cərrahiyyənin inkişafına yenidən başlanılıb. Buna elm və texnika baş verən yeniliklər, antiseptik maddələrin, yeni cərrahi alətlərin meydana çıxması da təkan verib. Qəribədir ki, İkinci Dünya müharibəsi də plastik cərrahiyyənin inkişafında böyük rol oynayıb. Müharibədə yaralanan, zədə alan on minlərlə insan sağlamlıqları ilə yanaşı, zahiri görünüşlərinin də bərpa olunmasını arzulayırdılar. Cərrahlar üz və bədəndə yaranan yara, yanıq və donmalardan sonra əmələ gələn mürəkkəb çapıqların və deformasiyaların bərpasına yönələn çoxlu müxtəlif plastik əməliyyatlar həyata keçirməyə başlayıblar.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra plastik cərrahiyyənin yeni dövrü başladı. Üzün və bədənin travması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə yanaşı, estetik əməliyyatlara, yəni, bədənin gözəlləşməsinə yönələn əməliyyatlara da ehtiyac yarandı.

Dünyada ən çox edilən əməliyyat “Ritidektomiya” adlanan sifət və boyun dərisinin dartılmasıdır. Bu əməliyyat növü keçən əsrin əvvəllərində Avropada yaranmasına baxmayaraq, uzun müddət gizlin saxlanılıb.

Amerikanın ilk plastik cərrahı Con Piter Mettauer olub. O, ilk əməliyyatı öz üzərində, yarıq damağında aparıb.

plastik emeliyyat

Ən çox plastik əməliyyat etdirən qadınlar hansı ölkədə yaşayır?

Beynəlxalq Estetik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırma nəticəsində  məlum olub ki, dünyada ən çox Cənubi koreyalılar gözəl görünmək naminə bıçaq altına yatırlar. Onlar ən çox gözqaldırma əməliyyatı üçün müraciət edirlər. Bu ölkədə hər min nəfərə 20 əməliyyat düşüb. İkincilik Braziliyada, üçüncülük isə Yaponiyadadır.

Asiya ölkələri  ən çox burun əməliyyatı üçün müraciət edirlər. Çin, Yaponiya, Cənubi Koreya gözqaldırma, Asiya ölkələri burun əməliyyatları, Amerika, Meksika və Avropa ölkələrində ən çox sinə əməliyyatları keçirirlər.

 

Çində aparılan qeyri-adi plastik əməliyyatlar

Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Jon Travolta və Nikolas Keycin baş rollarda olduğu “Üzsüz” filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur, eləcə də üz cərrahi müdaxilədən sonra insanın üzünün transplantasiyası əməliyyatları hələlik nadir hallarda keçirilib.”LANSET” tibbi jurnalında Fransa və Çində aparılmış bu cür əməliyyatların nəticələri təhlil olunub. Çində, ayının hücumuna məruz qalmış fermerin üzündə belə bir əməliyyat aparılmışdı. Digər əməliyyat Fransada, üzündə irihəcmli şiş olan bir kişinin sifətində keçirilib. Təəssüf ki, nəticələr kinolardakı kimi mükəmməl görünmür.

2016-ci ildə Çində avtomobil qəzası zamanı və sağ qulağını itirən Ci adlı şəxsin qoluna süni qulaq qoyulub. Həkimlər qulağı müvəqqəti olaraq qola yerləşdirməklə qulağın qoldan qidalanmasını təmin ediblər. 4 ay sonra tamamilə yetişdikdə isə qulaq, vaskulyar texnika ilə sözügedən şəxsin başına tikiləcək. Cinin həkimi bildirib ki, ən çətin mərhələ qulağın qola yerləşdirilməsi olub ki, həmin mərhələ uğurla başa çatıb.

Qeyd etmək lazımdır ki, Cinin keçən il keçirdiyi avtomobil qəzasında üzünün sağ tərəfində də ciddi yaralar əmələ gəlmişdi. Qəzadan sonra çoxsaylı əməliyyatlar nəticəsində onun üzü əvvəlki vəziyyətinə qaytarıla bilib.

 

Yayda plastik əməliyyat etdirmək olarmı?

Yayda xanımların böyük əksəriyyəti təkcə dincəlməyi yox, həm də xarici görünüşlərində dəyişikliklər etməyi planlaşdırır. Xarici görkəmdə ən effektiv dəyişiklik yaratmaq üsulu isə plastik əməliyyatlardır. Lakin əməliyyat masasına uzanmadan öncə pasiyentlərdə tam aktual bir sual yaranır: Görəsən, yayda plastik əməliyyat etmək olarmı?

Plastik cərrahlar bir səslə bəyan edirlər ki, yay plastik əməliyyat keçirilməsi üçün əks göstəriş deyil. Dövrümüzdə plastik əməliyyatların konkret mövsümü yoxdur və ilboyu keçirilə bilər. Temperatur rejimi bərpa dövrünə pis təsir etmir. Bəzən isə əksinə, reabilitasiyanı daha da sürətləndirir. Günəş təbii kollagen, elastin ifrazına təsir edərək mübadilə proseslərini fəallaşdırır. Buna görə də çapıqlar sürətlə sağalır.

 

Məşhurlar və plastika

plastik emeliyyatlar
Neçə il bundan əvvəl Hollivudun məşhur aktyoru Tom Kruz qabaq dişlərinin əyriliyini düzəltdiyinə görə tamaşaçıların qınağına tuş gəldi. Hətta fanatları ona,- “Sən artıq bizim sevdiyimiz o Tom deyilsən” deyə etiraz etmişdilər .

Dünya şöhrətli aktrisa Monika Belluççi heç bir plastik əməliyyat etdirməyib. Onun sözlərinə görə ,o üzündəki qırışları çox sevir. Monika, həmçinin qeyd edib ki,  qırışlarımı itirsəm, yaşımı da itirmiş olacam. Özümü üzümdəki qırışlarımla birgə sevirəm.

Məşhur türk müğənnisi Gülşənin plastik əməliyyat etdirməsi xəbərləri daim gündəmdədir. Müğənni isə  bu iddiaları rədd edib.

“Bədənimin heç bir yerini əməliyyat etdirməmişəm. İlk səhnəyə çıxdığım gün necə olmuşamsa, indi də eləyəm. Əməliyyata qarşı deyiləm. Sadəcə buna ehtiyac görmürəm”,- deyə, o, bildirib.

Qeyd edək ki, ifaçının son dəfə yanaqlarından yağ aldırdığı iddia edilmişdi.

80-ci illərin pop ulduzu, bir vaxtların yaraşıqlı britaniyalı musiqiçisi Pit Börns 20 il ərzində keçirdiyi   300-dən çox əməliyyat nəticəsində simasını itirərək  əsl canavarı xatırladır.

Türkiyəli aktrisa Özge Özpirinçci isə  çənəsinə, boynuna və alnına botoks etdirdiyi bildirilir.

Ancaq Ö.Özpirinçci dolğu etdirmədiyini və mütəmadi olaraq hər səhər 10 dəqiqə üz yoqası ilə məşğul olduğunu vurğulayıb.

 

Plastik əməliyyat beyinə təsir edirmi?

ABŞ-da Kaliforniya Universitetinin alimləri plastik əməliyyatların beyinə üzərində təsirini araşdırıblar. Məlum olub ki, plastik əməliyyatlar beyin qocalmasını sürətləndirir.

Araşdırmada plastik əməliyyat olunmuş çoxlu sayda insan iştirak edib. Məlum olub ki, beyin plastik müdaxilədən sonra  yeni zahiri görkəmə uyğunlaşmaqda aciz olur. Bu isə xəstələrdə sinir pozulmalarına və uzunsürən depressiyaya səbəb olur. Bir müddət sonra beynin qocalma proseslərinin sürətlənməsi qeydə alınıb.

Kaliforniya Universitetinin əməkdaşları onu da sübut ediblər ki, umumiyyətlə, gəncləşmək məqsədilə edilən istənilən cərrahi müdaxilə və ya əməliyyatlar beynə mənfi təsir edir, o cümlədən iş qabiliyyətini də aşağı salır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir