orxan 2

Polşada təhsil alan həmyerlimiz: “Bura gəlməzdən öncə elə düşünürdüm ki…” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 764

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Polşanın Wroclaw Universitetinin magistratura pilləsində təhsil alan Orxan Fərəcovdur.

 

– Xaricdə təhsil almaq istəyən azərbaycanlılar adətən ya məsafə, ya da adət-ənənə baxımından ölkəmizə uyğun dövlətləri seçdiyi halda,  siz Polşanı seçmisiniz. Niyə məhz Polşa?

– Polşanı və bu ölkənin Wroclaw Universitetini (University of Wroclaw) seçməyimin bir neçə səbəbi var idi. Apardığım araşdırmalardan sonra burda təhsilin yaxşı olması və universitetin tələbə şəhərciyinin olması diqqətimi çəkmişdi. Yəni müxtəlif  ölkələrdən müxtəlif insanları tanımaq, fərqli mədəniyyətlərlə tanış olmaq imkanı var idi. Bununla yanaşı, Wroclaw tələbə üçün maddi anlamda çox əlverişlidir. Bəlkə də avropanın ən ucuz şəhərlərindən biridir.  Ən azından bura gəlməmişdən belə düşünürdüm (gülür-red). Düzdür, bizim ölkə ilə müqayisədə qiymətlər bahadır, ancaq digər ölkələri gəzərkən Wroclawda qiymətlərin daha ucuz olduğunu müşahidə etmək olur.

– Maraqlıdır, Polşaya  yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Bura gəlməzdən öncə elə düşünürdüm ki, bu ölkədə polyak dili ilə yanaşı, ingilis dili də gündəlik həyatda çox istifadə olunur. Fikirləşirdim ki, bu amil mənim ingilis dilində daha yaxşı danışmağıma yardımçı olacaq.  Amma vəziyyət heç də gözlədiyim kimi olmadı. Bəzən mağaza və bu kimi yerlərdə problemlə üzləşirəm. Məsələn, bura yeni gələndə şəhəri yaxşı tanımırdım. Bu səbəbdən getdiyim yeri kimdənsə soruşmalı olurdum.  Belə hallarda əhalinin ancaq 50-60%-i mənə ingiliscə normal cavab verirdi. Polyak dostumun dediyinə görə, Polşada miqrantlar çox olduğundan yerli əhalidə öz dilini və ya mədəniyyətini itirmək qorxusu var və bu səbəbdən bəzi polşalılar bilərəkdən polyak dilində cavab verirlər.

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

 Azərbaycan təhsil sistemində dəyişməsi lazım olan ilk məsələ “hörmət” edib qiymət almaq problemidir. Məsələn, burda tələbənin ağlından qətiyyən “kəsilsəm pul verərəm” kimi fikirlər keçmir və diqqət birmənalı olaraq təhsilə yönəlir. İmtahandan kəsilən tələbəyə ikinci, bəzən üçüncü şans verilir. Bu şanslardan istifadə edə bilməyən tələbə artıq növbəti il eyni semestrdə imtahanı verməli olur. İmtahanlar çox asan olmasa da, ciddi hazırlaşmaqla öhdəsindən gəlmək mümkündür. Burda əsas önəm verilən tələbənin nəsə öyrənməsidir.

orxan 1

 

– Maddi imkanları necədir? Tutaq ki, müəllim, mühəndis, fəhlə, jurnalist, kitabxanaçı – bir sözlə, məmur olmayan və biznesi olmayan polyakın maddi təminatı necədir? Nə təsir bağışlayır sizə?

– Burda maaş təxminən 1800-2000 zlotıdan başlayır. Məlumat üçün deyim ki, 1AZN iki zlotı dəyərindədir. Polşada 1800-2000 zlotı minumum maaş olsa da, xərclərin çox olması üzündən çox da qanedici deyil. Müqayisə üçün deyim ki, məndə olan məlumata görə, qonşu ölkə Çexiyada maaşlar 2600-2800 zlotıdan başlayır. Amma ümumilikdə Polşada yaşayış səviyyəsi normaldır.

– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…

Yerli mətbəxlə aram qətiyyən yaxşı deyil. (gülür-red) Burada ən çox darıxdığım şeylərdən biri Azərbaycan mətbəxidir. Bizim mətbəxdən bacardığım yeməkləri hazırlayıram. Hamısını da burda öyrənmişəm. Bundan əlavə fast food və pizza yeyirəm. Ümumiyyətlə, burda fərqli ölkələrin mətbəxindən nümunələr təqdim edən restoranlar kifayət qədərdir. Onu da deyim ki, bütün restoranlar normal gəlir əldə edir.

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Polşada təəccüblə qarşılanır?

–  Bizə aid elə bir xususiyyət xatırlamıram ki, burda təəccüblə qarşılansın. Yerli əhalidən kiminləsə yeni tanış olanda, azərbaycanlı olduğumu deyəndə çox yaxşı münasibət göstərirlər.

Ümumiyyətlə, polşalılarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

– Öz istədiyim kimi yaşayıram. Bu üzdən qəbul etmədiyim dəyərləri yoxdur. Əksinə, insan xoş gələn bir sıra məqamlar var. Polyaklar qaydalara əməl edir. Nəqliyyatda tıxac problemi olsa da, başqa çatışmazlıq yoxdur. Məsələn, mənim yolda siqnal səsi eşitdiyim yadıma düşmür. Növbə mədəniyyəti yüksək səviyyədədir. Bizimlə müqayisədə çox səbrlidirlər. Amma onu da deyim ki, orta yaşlı və qoca polyaklar heç pozitiv deyillər. Hansısa sual verdikdə gülərək cavab verdiklərini görmək demək olar ki, mümkün deyil. Onlarla müqayisədə cavan polşalılar nisbətən gülərüzdürlər.

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Həmsöhbət olduğum bir çox insanı Qarabağ haqda məlumatlandırmağa çalışıram. Təxminən 25-30 adamla bu barədə müzakirələrimiz olub. Bu problem haqda daha çox yaşlı əhali nələrsə bilir. Ümumiyyətlə, bu mövzuda insanları məlumatlandırmaq istəyirsinizsə, söhbətə onların oxşar problemlərindən danışmaqla başlamalısınız.  Məsələn, bir polşalı ilə söhbət edirsinizsə, ona dünya müharibəsi haqda sual verə bilərsiniz. Qarşılığında sizə müharibəsə həlak olan xeyli sayda polşalı haqda danışacaq, Wroclaw şəhərinin necə tamamilə məhv edilməsindən bəhs edəcəklər. Bundan sonra siz Qarabağ problemi haqqında danışa, həqiqətləri deyə bilərsiniz.

orxan 3

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu rəqəm maraqlıdır şübhəsiz ki.

– Wroclaw şəhərində 2018-ci il üçün aylıq xərc statistikaya görə bizim pulla hardasa 1000 AZN təşkil edir. Tələbə üçün isə aylıq xərc təxminən 600-700 AZN civarındadır. Bir tələbə üçün yataqxana qiyməti 430 zlotıdan 730 zlotıya qədər dəyişir. Bu otağın böyüklüyündən, tək və ya kiminləsə yaşamaqdan asılı olaraq da dəyişir.

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

– Xaricdə təhsil almaq istəyənlər təhsil almağı düşündükləri ölkədə yaşayan və həmin ölkənin universitetində təhsil alan tələbələrdən məlumat ala bilərlər ki, məncə, bu ən yaxşı variantdır. Məsələn, xaricdə yaşayanların facebookda qrupları olur və ordan istənilən məlumatı əldə etmək olar. Məsələn, məndən internet vasitəsi ilə məlumat alan çox olur.

 

Söhbətləşdi: Tural Məmmədov

orxan4

orxan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir