aga 2

Polşada təhsil alan həmyerlimiz: “Burda müəllimlər həm özləri peşəkardır, həm də…” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 548

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Polşanın Krakov şəhərində yerləşən WSB Akademiayada İdarəetmə mühəndisi ixtisası üzrə təhsil alan Ağa Səfərovdur.

 

– Xaricdə təhsil almaq istəyən azərbaycanlılar adətən ya məsafə, ya da adətənənə baxımından ölkəmizə uyğun dövlətləri seçdiyi halda, siz Polşanı seçmisiniz. Niyə məhz Polşa?

– Ümumiyyətlə, Avropa uşaqlıq çağlarımdan xəyallarımı bəzəyirdi. Polşaya getmək, oxumaq, orada həyatı təcrübə etmək imkanımı qaçıra bilməzdim. Sualın əsas hissəsi ilə bağlı onu deyə bilərəm ki, fərqli şeyləri dadmaq, rutin həyatdan uzaq durmaq tamamilə mənim xarakterimlə kəsişən nöqtələrdir, bunun üçün isə Polşa ən ideal seçimlərdən idi.

 

– Ailənizin xaricdə təhsilə münasibəti necədir? Yəni evdən uzaqda olmaq çətindir deyə sizə mane olmağa çalışdılar, yoxsa əvvəldən dəstək oldular?

– Bunu mütləq qeyd etməliyəm ki, aldığım hər bir qərarda ən böyük dəstəkçim ailəmdir. Atdığım addımlardan hər zaman arxayın olduqları üçün içlərində narahatlıq olsa belə, hər zaman bütün varlıqları ilə arxamda dururlar. Buna görə də məxsusi xoşbəxtəm.

aga 4

– Maraqlıdır, Polşaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

– Təbii ki, hər məntiqli insanın etdiyi kimi getməzdən öncə internet vasitəsilə xeyli araşdırmalar aparmışdım. Buraya yerləşdikdən sonra isə topladığım məlumatların fiksiya olmadığını, hətta pozitiv mənada artığının olduğunu gördüm.

 

– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

– Təhsilin keyfiyyəti barədə danışmaq bir qədər tez olsa belə, indiyə kimi gördüklərimdən o qənaətdəyəm ki, demək olar, hər şey yüksək səviyyədədir və sualın ikinci hissəsinin ehtiva etdiyi şeylər qətiyyən bu səviyyəni aşağı darta bilmir Bir sözlə, elə halların söhbəti belə gedə bilməz.

 

– Ümumiyyətlə, Polşada tələbə-müəllim münasibətləri hansı səviyyədədir?

– Burda müəllimlər həm özləri peşəkardır, həm də tələbələri ayrıca şəxsiyyət, peşəkar olaraq görürlər. Bu da tələbəni dəyərli hiss etdirir, müəllimlər də bunun qarşılığını artıqlaması ilə alırlar.

 

– Fərqli ölkə və təhsil mühiti gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

– Əvvəlki sualda verdiyim cavabdakı nüans istənilən dərs metodundan, tədris vasitəsindən daha yuxarı pillədə dayanır. Əslində, bu mənada Vətəndə də müəyyən proqress var, lakin daha yaxşısı da ola bilər.

aga1

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki.

– Müəyyən bir ədəd demək həm şəffaf, həm də doğru olmaz. Bu daha çox sizin həyat tərzinizdən asılıdır. Əgər çox pul xərcləməyi sevən birisinizsə, çətinlik qaçılmaz olacaq.

 

– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər Avropada təəccüblə qarşılanır?

– Qloballaşan dünyada bunu iddia etmək absurd olardı. Təəccüb deməzdim, amma çox maraqla qarşılanır.

 

– Polşada da bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər polşalıların sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

– Polşada da digər Avropa ölkələrində olduğu kimi bu cür patriarxal davranışlardan vaz keçilməkdədir. Ailə institutu italyanlardakı qədər möhkəm, fransızlardakı qədər dayaz deyil, bir sözlə, daha çox fərdlərin öz seçimləri ön plandadır, nəinki stabil dəyərlər.

 

– Oranın mətbəxi necədir, yeməklərinə alışa bilirsiniz?

– Mətbəximizdəki qədər zəngin və dadlı təamlarla zəngin deyil Polşa mətbəxi. Bu mənada müəyyən qədər çətinliklərlə üzləşirik, lakin alışmaq o qədər də problemli məsələ olmadı. Yenə də subyektivliyi önə çəksək, daha dəqiq cavab olar.

 aga 3

– Yəqin ki, Polşada təhsil aldığınız müddətdə əcnəbi tələbələrlə də az vaxt keçirməmisiniz. Maraqlıdır, başqa ölkədən gələn tələbələr Azərbaycan haqqında nə dərəcədə məlumatlıdırlar?

– Qəbul etməliyik ki, biz kiçik və cavan ölkəyik. Lakin 44 günlük şanlı zəfər yolunu keçdikdən sonra dünyanın bir çox yerində haqqımızda danışan səslərin sayı artmışdır. Bunun izlərini Polşada da görmək mümkündür.

 

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Hər bir halda, ilk növbədə təhsil səviyyəsi göz önündə tutulmalıdır. Daha sonra isə ölkənin mədəniyyəti, insanların etik kodeksi, mətbəxi və s. nəzərə alınmalıdır.

 

Söhbətləşdi: Tural Məmmədov

aga 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir