ilahe

Post Travma Stres Pozğunluğu nədir?

Baxış sayı: 300

Travma, insanın məruz qaldığı və ya şahidi olduğu güclü stressor hadisələr qarşısında verdiyi kəskin emosional cavab reaksiyasıdır. Travmaya səbəb ola biləcək hadisələrin başında təbiət hadisələri,cinsi istismar, maşın qəzaları və s. gəlir.Yaşanılan hadisə bir dəqiqədən daha az vaxtı əhatə edə bilər, ancaq insanın psixologiyasına mənfi  təsiri uzun müddətli olur. Hər bir travmatik hadisəyə verilən cavab reaksiyası hər bir insanda eyni səviyyədə olmaya bilər. Buna səbəb hər bir insanın psixoloji dözümlülüyünün(resilience), interpretasiya qabiliyyətinin fərqliliyidir.

Travmanın insanda hər hansı bir stres pozğunluğuna səbəb olduğunu söyləmək üçün göstəricələrə diqqət yetirmək lazımdır. Birincisi, simptomların müəyyən edilməsi, ikincisi, insanda disfunksiyonallığa səbəb olan travmanın təsirinin insan üzərində davam etmə müddətinin qeyd edilməsi və üçüncüsü, düzgün diaqnozun qoyulması vacibdir.

 

Post Travma Stres Pozğunluğunu spesifik simptomları ilə 4 əsas kateqoriyada açıqlamaq olar:

 

1) Yenidən yaşamaq və ya yenidən canlandırmaq.

İnsanın yaddaşına həkk olunan travmatik hadisələrin spontan olaraq yenidən yaddaşına geri gətirilməsi, gözünün önündə canlandırması və ya həmin hadisə haqqında düşünməsidir. Bu həm  spontan olaraq , həm də bəzən tətikləyici faktorların təsiri nəticəsində də baş verə bilir. İnsan yuxuda olduğu zaman kabus formasında da yaşanıla bilər. Bəzən insanın travmasının yenidən yaşanmasını tətikləyən faktor bir -biri ilə əlaqəli olmaya bilir. Məsələn, uşaqlıqda cinsi istismara məruz qalan bir qızın otağında tək qalması tətikləyici faktor kimi qeyd edilə bilər. Cinsi istismara məruz qalma evində olmamasına baxmayaraq, otaqda tək qalmaq ona təkliyini ,çarəsizliyini xatırladaraq həmin hadisə zamanı yaşadığı şiddətli negativ hislərin yenidən ortaya çıxmasına şərait yaratmışdır.

Hadisələrin yenidən canlanması və təkrar -təkrar eyni hisləri yaşamaq insanda həm psixoloji (depressiv), həm də fizioloji (ürək döyüntülərinin artması,tərləmək,təngnəfəslik) reaksiyalarla özünü göstərə bilər.

 

2) Çəkinmək,imtina etmək.

İnsan yaşadığı travma ilə əlaqəli ona xatırladan hər şeydən boyun qaçırtmağa çalışır. Tətikləyici faktorlar:

 

1) Daxili tətikləyici faktorlar( düşüncələrindən,hislərindən)

2) Xarici tətikləyici faktorlar (insan, hər hansı bir əşya, qoxu, yer və s.)

Çəkinmək,imtina etmək insanı emosional əzabdan qurtara bilər, ancaq bu hal müvəqqəti xarakterli olub bir müddət sonra relapsiya ilə özünü göstərə bilər.

 

3) Düşüncələrdə və hislərdə negativ yönümlü dəyişikliklər. İnsanların yaşadıqları travmaya verdiyi cavab reaksiyası həm çox kəskin, şiddətli negativ hislərləola bildiyi kimi, həm də səssiz,donuq və ya katatonik vəziyyətdə də mümkün olur.Travmatik təsirə malik bir hadisə (məsələn, maşınla qəza nəticəsində birini öldürmək) yaşadığı zaman insan ilk öncə bu hadisə ilə bağlı düşüncələri (mən qatiləm) və kəskin düşüncəsinə əsasən negativ hisləri (özümü çox pis bir insan kimi hiss edirəm) formalaşmağa başlayır.

4)Hədsiz reaksiya göstərmək. Bu zaman insan yaşadığı travmaya bağlı kəskin düşüncələrinin əsasında özünə və ya başqalarına qarşı həddindən artıq reaksiya göstərməsidir.Simptomları:

-yuxu pozğunluğu

-irritablvəziyyət

-diqqət əksikliyi

-özünə qarşı destruktiv davranış(məsələn,sürətli maşın sürmək,çox alkoqol qəbul etmək)

 

Travmatik hesab edilən heteregon hadisələrin (qəza,təbiət hadisələri,fiziki şiddət vəs.) içərisində cinsi istismarın insanlarda nisbətən daha çox Post Travmatik Stres Pozğunluğuna səbəb olduğu müəyyən edilmişdir.Bəzən insanların göstərdikləri reaksiyalar və müşahidə edilən davranışları ilə altta yatan əsas səbəb arasında əlaqə qurulması asan olmur.Davranışlarının səbəbi olaraq yaşadığı travmatik hadisənin təspit edilib üzə çıxarılması hər bir insanda eyni səviyyədə ,asan olmaya bilər.Bunun üçün də çox vaxt insanlar güvənə biləcəkləri bir psixoloq dəstəyinə ehtiyac duyurlar.PTSP-nun düzgün müalicəsi üçün iki əsas şərt vardır; birincisi, düzgün diaqnoz ,ikincisi isə doğru təyin edilmiş və planlanlaşdırılmış terapiya metodudur.

 

Psixoloq Ilahə Novruzova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir