robot  - sevgi

Posthumanizm dövründə sevgi

Baxış sayı: 731

Posthumanizmi – yaşadığımız dövrün növbəti, yeni epoxası kimi ayırd etməliyik. Digər tərəfdən, posthumanizmin konsepsiyaları da elə çoxsaylı və müxtəlifdir ki, hətta bəzən bir-birilə qarşıdurmaya girir, ziddiyyət təşkil edirlər. Eynilə postmodernizmdə olduğu kimi – postmodernizm bir epoxa kimi mövcuddur, lakin postmodernizm müxtəlif sosial, mədəni əlaqələrin konseptualizasiyası, zaman-zaman ənənələrin yenidən qurulması kimi də var axı.

Həmçinin posthumanizmlə də həmin maraqlı hadisə baş verir: biz artıq həm gələcək, həm də keçmişdə – XX əsrin texnologiyaları dövründə – yaşayırıq, çünki ölkəmizdə (Rusiya Federasiyasında-red.) rəqəmsal sistemə keçilsə də, mediamız dərin mühafizəkar, “analoq”lu mahiyyətini qoruyub saxlayır. Bununla belə, insanların çoxu mobil qurğulardan, internetdən, müxtəlif proqramlardan və proqram təminatlarından istifadə edir. Bütün bunlar ünsiyyəti və ümumiyyətlə insanları çox dəyişdirir. Bu dəyişiklik kontekstində, müasir dövrdə sevgi anlayışını və sevginin həyatımızdakı yerini analiz etməyə dəyər.

Fikrimcə, posthumanist müasirliyə aid insan “canlıların şahı”, “dünyanın mərkəzi” imicindən imtina edir. Ən yaxşı halda insan, bütün bunların bir hissəciyinə çevrilir, ya da bəlkə bir növ kimi yoxa çıxır, ölür. Buradakı ölüm – əslində hökmdür. Posthumanistlər qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə bağlı təhdidləri əsas gətirərək, yaxınlaşan təhlükə haqda tez-tez fikir yürüdürlər. Bu mülahizələr, dünyanın sonu ilə əlaqədar kvazi-dini fərziyyələrə əsaslanır.

Posthumanizm dövründə sevgi

Posthumanizmi Fuko-nun (Foucault) adı ilə bağlasaq, insan həqiqətən də “diqqət çəkməyən bir şey”dir. Artıq o, nəinki ənənəvi cəmiyyətlərdə rədd olunan bir qadın, qaradərili, yəhudi, homoseksualdır, istəsə lap heyvanların, robotların da bərabər şərtlərlə iştirak etdiyi bir şəbəkənin üzvüdür. Qulağa xoş gəlir, amma praktikada bir sıra çətinlikləri var. Heyvanlara və robotlara eyni haqları necə verə bilərik, axı biz onları yeyirik və istismar edirik.

Məni, posthumanizmin gətirdiyi yeni sevgi anlayışı maraqlandırır. Fikrimcə, posthumanizm insanla robot arasındakı sevginin mümkünlüyündən danışır. Sosioloq Niklas Luman-ın (Niklas Luhmann) “kiber cinsiyyət” adlandırdığı da məhz budur. Bu gün, bütün cinslər əslində kiber-cinsdir. Smartfonlar, qadjetlər, müxtəlif rabitə vasitələri, kameralar sayəsində bizdə, yeni bir həssaslıq yaranıb. Qarşı cinslə (ya da həmcinslə) sevgi münasibətləri bu eradan çox ciddi təsirlənib. Texnoloji alətlər münasibətlərdə nəinki vasitəçi kimi çıxış edir, onlar artıq partnyorlarımızı əvəz edir. Posthumanizm hesab edir ki, bütün bu proqramlar, danışan robotlar bizim cihazlarla qarşılıqlı əlaqə qurmaq imkanımızın sübutudur. Belə çıxır ki, romantizm dövrünün təkidlə təbliğ etdiyi ənənəvi dəyərlər şübhə altına alınır.

Məncə, robotların aktiv şəkildə həyatımıza daxil olması, müxtəlif səbəblərdən təkliyə və təcridə düçar olmuş çox sayda insanın işinə yarayır. Texnologiyaların inkişafı, internetin yayılması özlüyündə problem deyil, problemi yaradan yaşadığımız ölkələrin siyasi proqramları, kursudur. Qarşıdurmada sərt rəqabəti, hətta müharibələri nəzərdə tutan proqramlar sayəsində, artıq analoq dövrdə, ünsiyyət yoxa çıxmağa başladı. Rəqəmsal dövr və onunla birbaşa əlaqəli olan posthumanizmi bir protez kimi təsəvvür etmək olar. Bu protez, itirilmiş rabitəni bərpa etmək imkanı yaradır.

Posthumanizm dövründə sevgi

Freyd və psixoanalizlə bağlı sevgi tərifindən yola çıxıram. Mənim üçün sevgi, bütün sualların cavabı deyil. Məsələn anaya, sevgiliyə qarşı duyulan zərif sevgi var, bir də “vətən sevgisi” kimi bir mücərrəd sevgi var. Freyd bunları ayırırdı. Zərif sevgi – mütləq cinsi əlaqəni nəzərdə tutmur. Yeni epoxa, mücərrəd sevgilərin sərhədlərini genişləndirir, ola bilsin insan maşınla əlaqədən seksdən aldığı qədər həzz alacaq, nə problem var ki? Sevgi, bir zamanlar, analoq çağda metaforik görünən nəsnələrə yönəlir.

Müasir yaxınlıq, artıq fiziki yaxınlığı nəzərdə tutmur. Bart-ı xatırlayaq. O deyirdi ki, sevgi narisist xislətimizi açmağa yarayan, tamamilə öz mənfəətimizə, zövqümüzə xidmət edən bir şeydir. Biz, bu obrazı sevirik və hətta, sevgimizi etiraf edəndə də, narsistik. Sevgi vədlərinə etibar etmək olmaz – bu, faktdır. Yola gətirmək naminə deyilən sevgi sözləri, əbədi bərabərlik vədləri məyusedici və əsəbpozucudur. Əslində, sevgi hər zaman və yalnız möhlətdir.

Ehtiraslanıb sevgi haqqında danışan insan, bir növ rəng dəyişdirir. Qaldı ki, 20-ci əsrdə sevgi bir kluba çevrilib; təhlükəli olub, məcburiyyət olub. Sevgi azad edilməlidir. Fikrimcə, fikirlərin mübadiləsi və toqquşması sayəsində, perspektivdə buna şans var.

 

İqor Çubarov

Fəlsəfə doktoru, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun böyük elmi işçisi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir