usaq

Pozitiv uşaq böyütməyin formulu nədir?

Baxış sayı: 1. 450

“Şən, xoşbəxt və pozitiv uşaq” yetişdirmək hər bir müasir valideynin başlıca istəyidir. Odur ki, övladını intizamlı, xoşbəxt və özünə güvənən görmək istəyən valideynlər bunun üçün əllərindən gələni etməyə çalışır. Hətta psixoloqa qədər gedib çıxırlar.

“Gencaile.az” türkiyəli psixoloq Şeyda Özdalqanın bu səpkidə valideynlərə məsləhətini təqdim edir.

 

Psixoloqlar nə təklif edir

Son illərdə psixoloqlar valideynlərə uşaqlarını cəmiyyətə daha faydalı fərd kimi böyütmək, onu şəxsiyyət kimi formalaşmaq üçün “Pozitiv intizam” tərbiyə üsulunu təklif edir. “Pozitiv intizam” tərbiyə üsulu xoşbəxt və şən uşaq böyütməyin formulu sayılır. Bu tərbiyə üsulu uşaqların özünə olan inamını artırdığı kimi, hər hansı bir işi daha həvəslə görməyi öyrədir.

Uşağa nəzarət etmək, onu nöqsanlı işlərdən çəkindirmək ata və ananın vəzifələrindəndir. Amma bu nəzarətdə ifrata varıb, uşağa məhdudiyyətlər qoymaq olmaz. Çünki həddindən artıq nəzarət və məhdudiyyətlər uşağı məsuliyyət hissindən azad edir. O cümlədən onun istedadını inkişaf etdirməsinə, özünü fərd kimi yetişdirməsinə mane olur.

Psixoloqun sözlərinə görə, pozitiv uşaq yetişdirmək üsulu ilə yetişdirilən uşaqlar öz güclərinə inanır və özlərinə daha arxayın olurlar. Məsələn, “Afərin, qızım paltarını təkbaşına geyindi” kimi uşağın daha bacarıqlı olduğunu bildirən cümlələr onları çox xoşbəxt edir. Məsuliyyəti hiss edən, yaradıcı və sərbəst qərar verən, ictimai və əxlaqi qaydalara tabe olan uşaqlar gələcəkdə həyatını və karyerasını asanlıqla qurur.

Özdalqa pozitiv intizam üsuluyla tərbiyə alan uşaqların mənfi, travmatik hadisələrə münasibətlərinin daha konstruktiv olduğunu və neqativ hadisələrin öhdəsindən daha asanlıqla gəldiyini də bildirib.

O, “Bu uşaqların depressiyaya düşmə, travmadan sonra stress pozğunluğu yaşama göstəriciləri azalır. Uşaq və yeniyetmələr cəzalandırılanda duyğusal enerjilərini özlərini müdafiə kimi mənfi faktorlara xərcləyirlər. Bədbin düşüncə tərzində olurlar. Pozitiv intizam üsulu böyüklərə qarşı uşaqların nümayiş etdirdikləri əsasən passiv-təcavüzkar taktikalardan çəkindirir. Valideynlərin uşaqlara “Afərin sənə! Sən bunun öhdəsindən gələcəksən!” kimi müsbət reaksiyası uşaqları gördüyü işə motivasiyasını yüksəldir. Uşaq enerjisinin çoxunu valideynlərini məmnun etmək üçün istifadə edir” – deyib.

usaq

Bəs, pozitiv uşaq böyütməyin formulu nədir? “Pozitiv intizam” üsulu nədir? Pozitiv uşaq yetişdirmək istəyən valideynlər hansı məsələlərə diqqət etməlidir?

Psixoloq Şeyda Özdalqa valideynlərə təklif edir:

Uşaqlarınıza variantlar təqdim edin, seçim imkanları verin.

Problemi onun adına həll etməyin və ya həll təklifləri təqdim etməyin. Sosial problemlərini özü həll edə bilməsi üçün onun əvəzinə məsələyə siz qarışmayın.

Kiminləsə mübahisə və ya davasına qarışmayın. Öz problemini özünün həll etməsi uşaqda inam yaradır.

Səhv etmələrinə də imkan verin ki, səhvlərindən düzgün nəticə çıxara bilsinlər.

Başqalarının duyğularını anlamasını təmin edin.

Müsbət reaksiya davranışdan dərhal sonra göstərilməlidir. Əvvəla, “Əhsən, çox yaxşı etdin” kimi dəstək olan sözlərlə, sonra isə sığallamaq, saçını oxşamaq kimi fiziki təmasla onu mükafatlandırın. Sizi sevindirən bir iş görübsə, bu zaman onun könlünü oxşayan daha böyük mükafatlar verin və ya hədiyyələr alın. Bu uşağın uğur qazanması üçün daha çox səy göstərməsinə səbəb olacaq, onu motivasiya edərək mübarizə gücünü artıracaq.

Ailənin bütün üzvləri arasındakı bağlılıq, fərdlərin öz problemlərini də ailə ilə birgə həll etməyə çalışması, ailə daxili problemləri, ailəni sevindirən və kədərləndirən hadisələri bir yerdə danışıb, paylaşmaq uşaqları xoşbəxt edir. Bu, uşaqların özünə qapalı olmasının qarşısını alır, problemlərini sizinlə bölüşməsinə şərait yaradır.

Uşağın müsbət davranışlarını həyat yoldaşınıza, ailə böyüklərinə şişirtmədən danışın və uşağın eşitməsini təmin edin.

Uşağa ev içində və ya çöldə bir sıra məsuliyyətlər verin.

Şərtsiz sevildiyini hiss etdirin.

Qəbul etmədiyiniz xahiş və istəklərinə razı olmayın.

Açıq, aydın, başa düşülən mesajlar verin.

Fiziki ehtiyaclarını ödəyin.

Etibarlı mühit və şəraitlə təmin edin.

Ona vaxt ayırın.

Qaydalar, sərhədlər qoyun.

Uşaqlara layiq olmadığı halda şişirdilmiş təriflər yağdırmayın.

Səbirli və dözümlü olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir