Ozbekistan

Prezident qızlarının BİZNES İMPERİYASI: Düşmən bacılar, mafiya ilə əlaqə, avtoritet ər

Baxış sayı: 218

Özbəkistan prezidenti İslam Kərimovun vəziyyətinin ağır olması varis məsələsi ilə bərabər, Kərimovları yenidən gündəmə gətirib.  Nəzərə çatdıraq ki, İ.Kərimovun iki qız övladı var – Lola və Gülnarə. Qızlarının anası rus-tacik əsilli Tatyana Karimovadır.

İ.Kərimovun kiçik qızı Lola Kərimovanı təqdim edirik. O, Lola ki, illərdir bacısı ilə danışmır. Özünü ailəsinin biznesindən, siyasətindən kənarda göstərməyə çalışsa da, xalq arasında yayılan şayiələrə görə, ölkənin gömrük sisteminə məhz o, nəzarət edir.

İki dəfə ərdə olub, mafiyaya uzanan yol…

Lola Kərimova 1978-ci il iyulun 3-də Daşkənddə anadan olub. O, İslam Kərimovun ikinci arvadından – Tatyana Kərimovadan dünyaya gəlib. Gülnarə adlı özündən böyük bacısı var. Müsahibələrində xüsusi uşaqlığı olmadığını vurğulayır. Ümumiyyətlə, bu haqda danışmağı xoşlamır. Daşkənd Dövlət Universitetində təhsil alıb. Daha sonra elə həmin şəhərdə Beynəlxalq İqtisadiyyat və Diplomatiya Universitetində magistr dərəcəsi alıb. Moskva Dövlət Universitetinin Daşkənd filialının direktor müavini, “Sən tək deyilsən” (yetim, əlil uşaqlara dəstək) fondunun yaradıcısıdır. İki dəfə ərdə olub. Düzdür, Lola Kərimovanın birinci həyat yoldaşı haqqında elə də geniş məlumat yoxdur. İkinci əri – özbək biznesmen Timur Təllayevə gəlincə, ailəsinin Özbəkistanda nə işlə məşğul olduğu sirdir. Barəsində çox az məlumat var. Təkcə o bəllidir ki, atası Həkim Təllayev özbəkistanlı kriminal avtoritet Səlim Əbdüləliyevlə yaxın dostdur. Bu faktdan çıxış edən şərhçilər Lola Kərimovanın Təllayevlərin gəlini olmasını hakimiyyətin mafiya ilə işbirliyi kimi dəyərləndirirlər. Timura gəlincə, Midland Universitetində bakalavr dərəcəsi alıb. Valideynlərinin boşanmasından sonra Amerikaya gedib və uzun illər orada yaşayıb. Lola Kərimova ilə münasibətləri 2000-ci ildə başlayıb. Evləndikdən sonra bir müddət Özbəkistanda yaşayıblar. 2006-cı ildə oğulları Ömərin anadan olması ərəfəsində ölkəni tərk ediblər. Lola Kərimova bu haqda danışanda, doğma ölkəsində ancaq mənzillərinin qaldığını, hər şeyi satıb Avropaya köçdüklərini bildirir. Mənzili isə hərdənbir ölkəyə qayıdanda oteldə qalmamaq üçün saxlayıblar.

Özbəkistanı niyə tərk etdilər?

Lakin Təllayevlərin ölkəni ani tərk etməsi hələ də müəmmalıdır. Nə Timur, nə də Lola Özbəkistanı hansı səbəblərdən tərk etdiklərini açıqlamırlar. Şayiələr üç istiqamətdədir. Birincisi, Gülnarə ilə Lola arasındakı münaqişə, ikincisi, prezidentin ailəsinin Təllayevlərlə qohumluğa qarşı olması, üçüncüsü qızının sümük xəstəliyidir. Belə ki, Lonanın qızının müalicəsi ancaq Almaniyada mümkündür.

Təlayevlərin hakimiyyət iddiası…

Timur Təllayev və yaxınlarının maliyyə gücü elə də böyük deyil. Təllayevlər gələcək siyasi hakimiyyətin formalaşmasında iştirak edə biləcək elitanın tərkib hissəsi hesab edilmirlər. Onlar sırf şəxsi bizneslə məşğuldular. Özbəkistana gətirilən xarici məhsulların yeganə topdansatış mərkəzi olan “Abu Sahiy” məhz Lola Kərimova və onun ərinə məxsus “Abu Sahiy Nur” şirkətinə daxildir. Bu şirkət monopolist sayılır. Əsasən Çindən idxal həyata keçirən şirkətin gündəlik dövriyyəsi 250 min dollardır. Bəzi məlumatlara görə, Kərimovun kiçik qızının biznes imperiyasına həm də Daşkənddəki 200-ə yaxın avtomobil dayanacağı, ictimai tualetlər, paytaxtda və regionlarda 20-yə yaxın məhsul bazarı daxildir. Bundan əlavə, onların Cenevrədə 6 mağazası, Lozannada isə butikləri var. Bu arada qeyd edək ki, Timur Təllayev Özbəkistanda şirkətinin olduğunu inkar edir.

Lola Kərimova da ərinin sırf iş adamı olduğunu iddia edir. Onun sözlərinə görə, T.Təllayev heç vaxt Özbəkistanın siyasi həyatında iştirak etməyib. Yeri gəlmişkən, bu haqda danışarkən L.Kərimova bacısı Gülnarə Kərimovanın da bostanına daş atır: “Onun biznesi nə pambıq, nə neft, nə qaz, nə də digər təbii ehtiyatlarla əlaqəlidir. Timur biznesində dövlət tərəfindən heç bir dəstək almayıb. Bura vergi ödəməmək və sair daxildir. Ərim biznesini şəxsi vəsaiti ilə qurub. Bu biznesin mənim qohumlarımla hər hansı bir əlaqəsi yoxdur. Məryəm, Ömər və Safi adlı üç övladım var. Mənim üçün hər şeydən vacib həyat yoldaşım və uşaqlarımdır. İndiyə qədər atamdan özüm üçün heç nə istəməmişəm”.

Düşmən bacılar

Özbəkistan, region mətbuatında tez-tez Lola Kərimovanın var-dövləti, villaları haqqında geniş məqalələr, süjetlər yer alır. Deyilənlərə görə, bu xəbərləri mediaya Gülnarə Kərimova ötürür. Çünki bacılar illərdir bir-birlərinə düşmən kəsiliblər. Onlar bu nifrətlərini gizlətmirlər də. Lola Kərimova jurnalistlərin “Bacınızla münasibətləriniz necədir” – sualina “Olmayan münasibətlərdən nə danışmaq olar” – deyə cavab verir. Bildirir ki, 12 ildir danışmırlar. Bunu heç vaxt gizlətmədiyini, faktın çoxlarına bəlli olduğunu deyir: “Ötən illərdə bu və digər şəkildə əlaqəmiz olmayıb. Aramızda nə qohumluq, nə də dostcasına münasibət var. Biz hətta ailə yığıncaqlarında belə görüşmürük”. İki bacı arasındakı soyuq münasibətin səbəbinə gəlincə, L.Kərimova “biz ayrı-ayrı insanlarıq” deyə bildirir: “Münasibət üçün nələrsə üst-üstə düşməlidir. Bizdə ortaq heç nə yoxdur. Uşaqlıqdan belə idi, getdikcə daha da dərinləşdi”.

Qeyd edək ki, Kərimovun qızlarının intriqası təkcə müsahibələrlə bir-birlərinə söz vurmaqla bitmir. G.Kərimova dəfələrlə bacısının biznesinə mane olmağa çalışıb. L.Kərimova isə əvəzində bacısının mafioz şəbəkə yaratması, futbol ulduzu Kriştiano Ronaldu da daxil olmaqla, dünyanın bir sıra tanınmış şəxsləri ilə eşq macərası yaşaması, dövlət vəsaitlərini ələ keçirməsi ilə bağlı kompromatları mətbuata ötürüb.

Lola Kərimovanın nə qədər pulu var?

Nə Lola Kərimova, nə də əri bu haqda hesabat aparmırlar. Ciddi cəhdlə sərvətlərinin həcmini gizlətməyə çalışırlar. Lakin “Forbes” jurnalının sayəsində hamı onun Amerikada 58 milyon dollara malikanə almasından danışır. Bundan əvvəl o, ailəsi ilə Beverly Park-da villada yaşayırdı. Təllayevlər evi daşınmaz əmlak maqnatı Bryus Makovskidən icarəyə götürüblərmiş. Onların nə qədər kirayə haqqı ödədikləri də bəlli deyil. Amma belə dizaynda – 8 yataq, 10 vanna otağı olan villaların aylıq kirayəsinin adətən 100 min dollar təşkil etdiyini nəzərə alsaq, Təllayevlərin pulu az deyil. Amerikadakı 58 milyon dollarlıq malikanəyə – “Le Palais-The Crescent Palace”ə gəldikdə, Amerika və Yaponiya üzrə ən bahalı əmlakların siyahısında doqquzuncu sırada yer alır. Fransız üslubunda inşa edilən qəsrin layihəsi Məhəmməd Hədid adlı məşhur dizayner tərəfindən verilib. Malikanənin sahəsi 48 min kvadratmetrdir. Orada 7 yataq, 11 vanna otağı, türk hamamı, sauna, masaj otağı, 10-12 avtomobil tutumlu yeraltı qaraj, 20 nəfərlik hovuz var. Eləcə də malikanədə qulluqçular üçün 2 yataq, 1 vanna otağı mövcuddur. Bu Təllayevlərin xaricdəki yeganə villası deyil. Bundan əlavə, onların Dubayda, Fransanın cənubunda – Parisdə, Cenevrədə daşınmaz əmlakları var. Cenevrə gölü sahilindəki malikanəni 2008-ci ildə 4 milyon İsveç frankına villa alıblar. 2010-cu ildə isə İsveçrə oliqarxlarının yaşadığı Vankuverdə 43,4 milyon İsveç frankı ödəyərək (45 milyon dollar) 5812 kvadratmetr sahəyə malik malikanəyə sahib olublar. L.Kərimova Qazaxıstan prezidentinin qızı Dinara Kulibayeva ilə qonşudur.

İsveçrənin ən varlı adamı

İllər öncə İsveçrənin “Bilan” jurnalının apardığı qiymətləndirməyə görə, Lola İsveçrənin 300 ən varlı şəxsindən biridir. Varidatının həcmi 1 milyard dollar təşkil edir. Lola  isə adını İsveçrə milyarderlərinin siyahısında gördükdə təəccübləndiyini deyir və Cenevrədə İsveç oliqarxları ilə qonşuluqda 43 milyon frank dəyərində malikanədə yaşamasını belə əsaslandırır: “Özbəkistanda bütün daşınmaz əmlakımızı satmışıq. Cenevrədəki evin dəyərinin 18 faizini öz vəsaitimiz hesabına ödəmişik. Yerdə qalan hissəsini bankdan götürdüyümüz kreditlə bağlamışıq. Avropada demək olar ki, hər kəs belə ev alır”. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir