putin

Prezidentlərin həm məşhur, həm də ərköyün övladları haqqında bilmədiklərimiz

Baxış sayı: 1. 535
Prezident övladları həmişə maraq mərkəzində olublar. Bəzən hansısa dövlət başçısının övladı haqqında olan xəbərlər həmin prezidentin özü barədə xəbərlərdən daha çox maraq doğurur.
 
Prezident övladları da elə dövlətlər qədər fərqlidir. Kimisi harınlığı ilə gündəmə gəlir, kimisi də yardımsevərliyi ilə…
Müxtəlif ölkə prezidentlərinin övladları barədə məlumatları təqdim edirik.

Rusiya prezidenti Vladimir Putinin qızları

Rusiya prezidenti Putinin böyük qızı Mariya 28 aprel 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Mariya Putina Sankt-Peterburq Dövlət Universitetində təhsil alaraq, bioloq ixtisasına yiyələnib.
Vladimir Putinin qızlarının şəxsi həyatı dövlət sirlərinin qorunması səviyyəsində məxfi saxlanılır. Onlar hətta media nümayəndələrinin hədəfinə də çox nadir hallarda düşürlər.
Xarici mətbuatın yazdığına görə, Mariya Rusiya oliqarxlarından biri ilə ailə həyatı qurub və onların toy mərasimi 2005-ci ilin iyun ayında Yunanıstanın Santorin adasında qapalı şəkildə baş tutub.
2010-cu ildə yayılan qeyri-rəsmi məlumatlara görə, Katerina Putina Koreyanın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşının oğlu ilə ailə qurmağa qərar verib. V.Putin əvvəlcə buna razılıq verməsə də, sonradan həmin ailənin üzvləri ilə görüşərək, nikaha razı olduğunu bildirib.
2010-cu ildə V.Putinə qızlarının həyatının belə, gizli saxlanılması ilə bağlı sual verəndə o, terror hədələrinə görə övladlarının həyatından narahat olduğunu söyləyib.
2014-cü ilin iyul ayında Rusiya dövlət başçısı Vladimir Pütinin Amsterdamda yaşayan qızı Mariya Putinanın Şərqi Ukraynada Malayziya hava yollarına məxsus təyyarənin Putinin dəstəklədiyi Rusiya meylli terrorçular tərəfindən raketlə vurulması ilə bağlı söz-söhbətlərdən sonra şəhəri tərk etdiyi ortaya çıxmışdı.
29 yaşındakı Putinanın şəhərin turistlər üçün nəzərdə tutulan ərazisində olan 3,3 milyon dollar dəyərindəki lüks villasından təyyarənin vurulmasından sonra Hollandiyada Rusiyaya qarşı bir nifrət havasının meydana gəlməsinin ardından ayrıldığı iddia edilirdi.
Mariya və birlikdə yaşadığı hollandiyalı sevgilisi Jorrit Faasenin qonşularından biri “Təyyarə düşəndən bəri onları görmədik”, – demişdi. Putinanın yaşadığı ev vurulan təyyarənin qalxdığı Amsterdam hava limanından yalnız 30 kilometrlik məsafədə yerləşir.
Putinin kiçik qızı Yekaterina isə 31 avqust 1986-cı ildə Drezdendə anadan olub. Həmin dövrdə Putin DTK xətti ilə Almaniyada xidmətdə olub. Yekaterina da bacısının təhsil aldığı universitetdə şərq fakültəsində oxuyub.

Türkiyə prezidenti Ərdoğanın 4 övladı – iki oğlu, iki qız var

Türkiyə prezidenti Ərdoğanın böyük oğlu Əhməd Burak Ərdoğan, 4 iyul 1979-cu ildə İstanbulda anadan olub. Anası Əminə Ərdoğan, atası Rəcəb Tayyib Ərdoğandır.
Kaptanpaşa ibtidai məktəbində oxuyub. Qartal Anadolu İmam Xətib məktəbindən məzun olub. Bilgi Universitetində oxuyub. Londonda iqtisadiyyat təhsili alıb. İstanbulun Kasımpaşa hərbi xəstəxanasının verdiyi hesabata əsasən əsgərlikdən azad olunub.
“Ülkər Qrupu” məhsullarının satışını aparan “Yenidoğan” ərzaq marketinq və “AŞ ticarət” adlı şirkətdə atasının səhmləri olduğu üçün 2005-ci ildə idarə heyətində vəzifəyə keçirilib. 2006-cı ildə atası R.T Ərdoğanın ölkədəki hissə payını satmasının ardından, əmisi Mustafa Ərdoğan və bibisinin həyat yoldaşı Ziya İlgenlə birlikdə “Turkuaz Dənizçilik” adlı şirkəti alıb, şirkətin adını da dəyişərək, “Bumerz Dənizçilik” qoyub.
Burak Ərdoğan, daha sonra əmisi və bibisinin həyat yoldaşından ayrı olaraq, 19 yanvar 2007-ci il tarixində Məcid Mərd Çətinkaya ilə 50 faiz səhmlə ortaq olaraq, “Elmlər Akademiyasi Dənizçi Nəqliyyat Limited” şirkətini qurub. 18 gün sonra, 6 fevral 2007-ci ildə Həsən Təbiətin sahibi olduğu “Gürgem Dənizçilik”dən 95 metr uzunluğunda olan “Zəfəran 1”  adlı yük gəmisini alıb. Gəmini alarkən 500 min dolları nağd verən Əhməd Burak Ərdoğan, qalan 1 milyon 850 min dolları isə 36 aylıq kreditlə ödəyib.
Burak Ərdoğan 2012-ci ilin əvvəlində 170 metr uzunluğunda, 23 metr enində “Eternal Confidence” adlı yük gəmisini 10 milyon 500 min dollara alaraq, adını “Sakarya” olaraq dəyişdirib.
Burak Ərdoğanın sahib olduğu 5 gəminin ümumi yük tutumu 92 min tondur. Bundan əlavə onun yeni sahib olduğu “Pretty” (Cici) adlı gəmi təkbaşına 91 min 971 ton yük daşıya bilir.
Burak Ərdoğanın sahib olduğu gəmilər:
1. “Safran 1”
2. “Sakarya”
3. “G. İnebo-lu”
4. “Cihan”
5. “Bosna”
6. “Pretty” (Cici)
Qeyd edək ki, Burak Ərdoğan, 23 fevral 2001-ci ildə Rizə Ketenci ailəsinin qızı və İmam Xətib Məktəbindən sinif yoldaşı olan Səma Ketenci ilə ailə qurub.

Nəcməddin Bilal Ərdoğan

Nəcməddin Bilal Ərdoğan 23 aprel 1980-ci ildə İstanbulda anadan olub.
Qartal Anadolu İmam Xətib Məktəbindən məzun olduqdan sonra ABŞ-a universitet oxumağa gedən Bilal Ərdoğan, Harvard Universitetində ictimai idarəçilik təhsili alıb.
2005-ci ildə Vaşinqtonda 261.5 min dollara mənzil alıb.
Bilal Ərdoğan ticarətə ilk addımını 2006-cı ildə atıb. “Atagold” şirkətinə qardaşı Burak Ərdoğanın xanımı Səma Ərdoğan ilə birlikdə 50 faiz səhmi alaraq ortaq olub.
Dənizçilik sektorunda işləməyə başlayan Bilal Ərdoğan aldığı gəmiyə görə tənqidlərə məruz qalmışdı. İşlədiyi müddət ərzində gəmilərin sayını çoxaldan Bilal daha sonra “BMZ Group Dənizcilik və İnşaat Sanay” qapalı şirkətinə də ortaq olub.
Bilal Ərdoğan, 28 sentyabr 2004-cü il tarixində Rəyyan Uzuner ilə evlənib. Ömər Tayyib adlı bir oğulları var. 14 Noyabr 2013-cü il tarixində Ali Tahir adını verdikləri bir oğulları daha doğulub.

Əsra Erdoğan

Əsra Ərdoğan, 1981-ci ildə İstanbulda anadan olub. İstanbulda Kadıköy İmam Xətib məktəbindən məzun olduqdan sonra ABŞ-da İndiana Universitetində oxuyub. 2003-cü ildə məzun olub. Sonra Kaliforniyada Berkli Universitetində magistr təhsili alıb.
2010-cu ildə Əsra Ərdoğan Albayrak Ümraniye Bələdiyyəsinin məktəbə və bilik kurslarına gedə bilməyən qüsurlu uşaqların evlərində təhsil alması üçün nəzərdə tutulan “Biz ürəkliyik, biz öyrədirik” kampaniyasına könüllü müəllimə olaraq qoşulub.
Əsra Ərdoğan, “Çelik Holdinq”in direktoru Berat Albayrak ilə 11 iyul 2004-cü ildə evlənib. Əhməd Akif  və Mahinur adında iki övladları var.
Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Berat Albayrak 2013-cü ilin sonunda vəzifəsindən ayrılıb.

Sümeyyə Ərdoğan

Sümeyyə Ərdoğan, 1985-ci ildə İstanbulda doğulub. 2002-ci  ildə universitetə qəbul imtahanlarında iştirak etsə də, heç bir nəticə əldə edə bilməyib.
Daha sonra Böyük Britaniyada yaşayan “Ramsey” və “Gürman Geyim” şirkətinin sahibi Rəmzi Gurun ödədiyi təhsil haqqı sayəsində təhsilini ABŞ-da İndiana Universitetində dövlət və ətraf mühit işləri, sosiologiya və siyasət fakültəsində oxuyub.
2005-ci ildə məzun olduqdan  sonra məktəbdəki yaxın İordaniyalı yoldaşları və İordaniya kralı Hüseynin həyat yoldaşı Rananın təklifi ilə İordaniyada 6 ay ərəb dili öyrənib.
Magistraturanı da Londonda “London School of Economics”in sosial siyasət bölümündə QHT-lər və İnkişaf üzrə bitirib.
Sümeyyə Ərdoğan 2010-cu ildə 90 min türk lirəsi sərmayə ilə “Doruk Izgara” ərzaq ticarət şirkətinə ortaq olub.
O, atasının prezident seçilməsinə qədər olan 4 illik prosesdə atasının xüsusi siyasi məsləhətçisi olub. Son bir ildir ki, rəsmi olaraq AKP-nin başqan müşaviri vəzifəsini icra edir.

Fransa prezidenti Fransua Olland

Fransa prezidenti Fransua Olland heç zaman rəsmi evli olmasa da, 3 qadınla vətəndaş nikahında yaşayıb. İlk sevgilisi siyasətçi Seqolen Roayalla 34 il, jurnalist Valeri Trierveylerlə isə 7 il yaşayan prezident, 2014-cü ilin yanvarından aktrisa Jüli Qaye ilə görüşür. Fransua Ollandın Seqolen Roayalla vətəndaş nikahından 4 övladı – Tomas (1984), Klemens (1986), Jülyen (1987) və Flora (1992) dünyaya gəlib.
Ailənin böyük oğlu olan 30 yaşlı Tomas vəkil kimi Paris kontorlarının birində çalışır. 28 yaşlı Klemens isə həkim ixtisasını seçib. Jülyen rejissorluğu, ailənin ən kiçik üzvü Flora isə böyük qardaşı Tomas kimi Sarbonna Universitetində hüquqşünas təhsili alır.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ailəsi haqda hər şey gizli saxlanılır. Hətta Kərimqulu haqda da məlumat əldə etmək mümkün deyil. Onun valideynləri haqda da heç nə bəlli deyil.
ABŞ-ın Aşqabaddakı səfirliyindəki mənbənin 2009-cu ildəki məlumatına görə, Qurbanqulu Berdımuhəmmədov və onun həyat yoldaşının iki qızı və Sərdar adında bir oğlu var. Sərdarın Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu olduğu və bir zaman Türkmənistanın Xarici İşlər Nazirliyində işlədiyi bildirilir. Deyilənə görə, prezidentin böyük qızı Gülcahan İxlasgəldi Amanovla evlidir, mənzil-qərargahı Londonda yerləşən təbii ehtiyatların idarə edilməsi və istifadəsi üzrə Türkmənistan dövlət agentliyində işləyir.
ABŞ-ın Aşqabaddakı səfirliyindəki mənbənin 2009-cu ildə verdiyi digər məlumata görə, bu cütlüyün 2009-cu ildə anadan olan Aynagözəl adında qızı, 9 yaşında İsmayıl adlı oğlu var. Həmin məlumatda qeyd edilir ki, Qurbanqulu Berdımuhəmmədovun ikinci qızı 2009-cu ildə Parisdə yaşayıb, o vaxt əri orada Türkmənistan səfirliyində işləyirmiş. Yerli türkmən iş adamı iddia edir ki, bu qızın Fransanın cənubundakı Lazur sahilində villası da var.
Diplomatik qaynaqlar iddia edir ki, Qurbanqulunun uzun illərdir, Marina adlı rus əsilli sevgilisi də var. Xəbərlərdə bildirilir ki, o, Q.Berdımuhəmmədovun karyerasını başladığı stomatoloji klinikada tibb bacısı işləyir və prezidentin həmin xanımdan 17-18 yaşlarında olan bir qızı var.
Aşqabad sakinləri arasında isə belə söz-söhbətlər dolaşır ki, Q.Berdımuhəmmədovun türkmən arvadı isə 2007-ci ildən Londonda yaşayır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 3 qız atasıdır. Böyük qızı Dariqa (1963) siyasi elmlər doktorudur. Hazırda Qazaıxstan parlamentinin vitse-spikeri və “Nur Otan” Partiyasının fraksiya rəhbəridir. Bundan başqa, ölkəsində Dariqa Nazarbayevanın böyük biznes şəbəkəsi var.
Prezidentin qızı 1983-cü ildən Rahat Əliyevlə evlənib. Cütlüyün Nurəli (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladı var.
2007-cildə Nursultan Nazarbayevlə konfliktə girən Rahat Əliyev bütün vəzifələrdən məhrum edilib. Dariqa Nazarbayevadan boşanan R.Əliyev Avstriyadan siyasi sığınacaq alıb.
Prezidentin ortancıl qızı Dinara Nazarbayeva isə incəsənət təhsili alsa da, bizneslə məşğul olur. Prezidentin qızı Qazaxıstan “Xalq Bankı”nın səhmdarlarından biri kimi ölkənin ən zəngin qadını hesab olunur. Onun 1,3 milyard dollar sərvətinin olduğu deyilir.
Dinara Nazarbayeva biznesmen Timur Kulibayevlə evlidir. Onların Altay (1990), Daniza (2004) və Alia (2010) adlı 3 övladı var.
Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva isə tikinti biznesi ilə məşğuldur. “Elitstroy” tikinti şirkətinin sahibi olan Aliyənin evli və 2 övlad sahibi olduğu məlumdur.

Belarus prezidenti Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko 1975-ci ildə Qalina Lukaşenko ilə ailə həyatı qurub. Belarus prezidentinin bu nikahdan Viktor (1975) və Dmitri (1980) adlı iki oğlu var. Bundan başqa, onun nikahdankənar Nikolay adlı oğlu da dünyaya gəlib.
Böyük oğul Viktor Lukaşenko Belarus prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisidir. O, Liliyan Lukaşenko ilə evlidir və 4 uşaq atasıdır. Dmitri Lukaşenko isə Belarus Milli Olimpiya Komitəsinin üzvü və bir neçə idman klubunun sahibidir. O, Anna Lukaşenko ilə evlidir, 2 övladı var.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir