Bullinq

Psixoloq: “Bullinqin təməli ailədən başlayır”

Baxış sayı: 193

Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub.

Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir. Bununla belə, ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir. Azərbaycanda da bir müddət öncə VIII sinif şagirdi Elina Hacıyevanın intihar etməsinə səbəb kimi məhz bullinq göstərilirdi.

 

Maraqlıdır, bullinq adlandırılan bu problemin təməli hardan qoyulur və çıxış yolu nədir?

Mövzuya münasibət bildirən psixoloq Gülər Məmmədova bullinqin təməlinin ailədə qoyulduğunu və valideynlərin bu problemə səbəb olmasını bildirir:

“Hər sinifdə özgüvəni aşağı, natamam ailədən olan uşaqlar olur. Özünü dəyərləndirməsi az olan belə uşaqların davranışlarında daim fərqliliklər müşahidə edilir. Onlar bu davranışları ilə sanki ətrafı özlərinə cəlb edirlər. Bu tip uşaqların öz yaş həddində olan uşaqlar da bu fərqli davranışdan dolayı onlara başqa cür münasibət göstərirlər. Çox təəssüf olsun həmin yaş dönəmində elə bir xarakterik xüsusiyyət yoxdur ki, ətrafdakı uşaqlar belə davranışlı həmyaşıdlarını bu vəziyyətdən çıxarmaq üçün cəhdlər etsinlər. Əgər müəllim sinifdə belə halların yaşandığını görürsə mütləq tədbir görməlidirlər. Müəllimlər təklənən uşağı həmin vəziyyətdən çıxarmaq üçün valideyn iclası təşkil edib valideynləri maarifləndirməlidirlər.Yeniyetməlik həssas və diqqət tələb edən yaş dönəmi olduğu üçün valideyn və müəllimlər müştərək şəkildə uşaqlara nəzarət etməlidir. Bəzi valideynlərin xisləti uşaqları bullinqə sürükləyir. Məsələn, valideyn öz iş yerində olan hər hansı şəxsi gəlib evdə aşağılayır, mənfiyönümlü söhbətlər edirsə, istər-istəməz uşaq da bu istiqamətdə hərəkətlər edir. Valideynlərə ciddi çağırışlar edilib qadağalar qoyulmalıdır ki, evdə uşaqların yanında bu tipli söhbətlər etməsinlər.Yaxşı olardı ki,valideynlər üçün məktəblərdə dərnəklər təşkil olunsun. Bu dərnəklərdə valideynlərin elə bir-birlərinin münasibətindəki problemlərin aradan qaldırılması üçün təlimlər keçirilməlidir. Əgər valideynlər bir-birləri ilə olan problemləri aradan qaldıra bilsələr, o zaman uşaqlar arasında da hər hansı problem yaşanmaz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir