pul

Pul və zinət əşyalarını harada saxlamalı? – OĞRULAR BİLMƏSİN

Baxış sayı: 1. 608

Statistikaya görə, mənzil və evlərdə oğurluq hadisələri yayda çoxalır. Bu, yay mövsümündə çoxlarının istirahət yerlərinə üz tutması və evlərinin boş qalması ilə bağlıdır. Kimsəsiz evə isə oğruların girmə ehtimalı artır. Bu səbəbdən çoxları evdə pul və qiymətli əşyaları gizli, oğruların əlinin çata bilmədiyi yerlərdə saxlamağa çalışırlar.

Mütəxəssislərin fikrincə, vətəndaşlar pul və zinət əşyalarını oğrular tərəfindən tapılmasın deyə qeyri-adi yerlərdə gizlətməyə çalışırlar. Misal üçün, pulu mətbəxdə düyü, şəkər tozu, makaron kimi qida məhsullarının qablarında, mebel əşyalarının, yumşaq oyuncaqların, musiqi alətlərinin içərisində, geyimlərin, kitab-dəftərlərin arasında, döşəyin altında və ya sadəcə, gödəkcənin cibində gizlədirlər.

Bakı sakini Günay İsmayılovanın sözlərinə görə, pulu banka qoymağa ehtiyat etdiyindən evdə saxlamalı olur. “Yaxın günlərdə qonşumuz evində olmayanda evini soyublar. Olan-olmaz pul və qızıllarını tapıb götürüblər. Bu hadisədən sonra tək mən deyil, qonşuların çoxu qorxuya düşüb. Belə ki, oğrunu hələ də tapmayıblar. Tapılmasına da bir ümid yoxdur. Ona görə də mən, xüsusilə də evdə olmadıqda pulu elə yerdə gizlətməyə çalışıram ki, heç kimin ağlına gəlməsin”.

Tələbə Esmira Quliyeva isə bildirib ki, kirayədə qaldığından, onun üçün pul gizlətmək daha çətin olur. “Həyət evində kirayədə qalıram. Pəncərənin barmaqlığı da yoxdur, üstəlik, qapı da köhnədir. Asanlıqla evə kimsə girə bilər. Ona görə də pulum çox olmasa da, onu elə yerdə gizlətməyə çalışaram ki, onu heç kim tapa bilməsin”.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, evə girməkdə oğrunun bir məqsədi var. “Pul və qiymətli nə varsa, götürüb tez aradan çıxmaq”, – deyən psixoloq əlavə edib ki, ilk növbədə oğrular seyfə, zinət əşyalarının qoyulduğu sandıqcaya, döşəyin altına, geyim və sənədlərin yerləşdiyi rəflərə baxacaqlar. “Ona görə də pulu belə yerlərdə gizlətməkdən çəkinin. Lakin nəzərdə saxlamaq lazımdır ki, oğru nəyisə oğurlamadan gedən deyil. O, adət etdiyi yerlərdə pulu tapmadıqda axtarış işlərini davam etdirəcək. Bunun üçün də yalandan pulun və zinət əşyalarının müəyyən bir hissəsini belə yerlərdə gizlətmək olar. Nəticədə sizin üçün əsas qiymətli olan əşyaları və pulun çox hissəsini qoruya bilərsiniz. Oğru bunu tapıb sakitləşib gedəcək. Həm də sığortalanmaq üçün pulu bir neçə yerdə gizlətmək olar”.

Psixoloq qeyd edib ki, yalandan gizlədilən pulun məbləği fərqli ola bilər. “Bu, evin sahibinin maddi imkanından asılıdır. Əgər varlı adamdırsa, onun gizlətdiyi məbləğin 200-300 manat olması inandırıcı olmayacaq. Kasıbın evindən isə 100 manat da tapan oğru bununla kifayətlənəcək”.

Həmsöhbətimiz pulu və zinət əşyalarını gizlətmək üçün ən yaxşı yerin oyuncaq olduğunu bildirir: “Valideynlər nadir hallarda pulu və qiymətli əşyaları uşaqlara etibar edirlər. Bu səbəbdən də oğrular müxtəlif və rəngarəng oyuncaqlar arasında pulu axtarmayacaqlar. Çünki oğru evi mümkün qədər tez tərk etməlidir”.

Müsahibim nəzərə çatdırıb ki, bəzən pulu gizlətdikləri yer, hətta onun məbləği də yaddaşdan silinə bilər. “Ona görə də, pulu gizlətdiyiniz yer barədə inandığınız adamla bölüşün. Təsadüfən onlar gizlətdiyiniz pul və əşyaları ata da bilərlər”, – deyən psixoloqun sözlərinə görə, pulu gizlədən adam bədbəxt hadisə ilə üzləşə, hətta yaddaşını da itirə bilər.

Onun dediyinə görə, gizli yerlərin fərqliliyi fantaziyadan asılıdır. “Pul elə yerdə gizlədilə bilər ki, onu heç kim tapa da bilməz. Misal üçün, pulu yorğan-döşəyin içində də gizlədirlər. Hətta qazanın içində gizlədənlərə də rast gəlmək olur. Bunun üçün qazanın içində qiymətli əşyaları qoyduqdan sonra üstünü quru qida, noxud, düyü ilə örtürlər”.

Psixoloq əlavə edib ki, pulu kitabın, diskin arasında gizlədənlər də olur. “Xüsusilə də kitabları, diskləri çox olanlar belə edirlər. Eləcə də pulları və zinət əşyalarını köhnə mebel və əşyalar, avadanlıqlar, təmir üçün nəzərdə tutulan alətlər arasında da saxlayırlar”.

Həmsöhbətim bildirib ki, soyuducunu, qaz sobasını da gizli yer kimi hesab etmək olar. “Divar kağızının arxası da pul gizlətmək üçün münasib yerdir. Adətən şəkil və güzgünün arxasında da pul gizlədirlər ki, ilk növbədə oğrular o yerlərə baxır”, – deyən psixoloq məsləhət görür ki, pulu ağır seyfdə saxlamaq daha yaxşı olar. “Seyfi açmaq və aparmaq çətin olar. Bəziləri seyfi divara hördürür və ya döşəmənin altında qoyur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir