qenaet

Pula necə qənaət etmək olar?

Baxış sayı: 1. 000

Bütün dünyaya təsir edən koronavirus pandemiyası nəticəsində pula qənaət etməyə ən çox ehtiyacımız olduğu günləri yaşayırıq. Bütün dünyayadakı iqtisadi vəziyyətə təsir edən bu hadisə təbii olaraq bizim ölkəyə, işlədiyimiz və ya sahibi olduğumuz şirkətlərin iqtisadi vəziyyətinə və bunun məntiqi sonluğu olaraq bizə təsir etdi. Artıq bütün dünyanın qənaət rejiminə keçməsi lazımdır. Bunun üçün gündəlik həyatımızda nələri edərək aylıq və illik xərclərimizi azalda biləcəyimizə gəlin birlikdə baxaq.

Təbii ki, pul xərcləmə vərdişlərimiz yaşımız, sosial statusumuz, gəlirimiz, ailə vəziyyətimiz və bir çox nüanslara əsasən çox fərqlidir. Pul xərcləmə vərdişlərimiz əsasən bizim prioritetlərimizlə bağlıdır. Sizin üçün hər il səyahət etmək, bir maşın almaqdan daha dəyərli ola bilər və ya bahalı markaların məhsullarını geyinmək sizin üçün daha üstündür və ya bunların hamısını eyni vaxtda edə bilmək istəyirsiniz və edirsiniz. Gəliriniz və xərclərinizin nə qədər olmasından asılı olmayaraq pula qənaət etmək istəyirsinizsə, sizə bəzi tövsiyələrimiz olacaq. Onlara əməl edərək lazımsız xərclərinizi azalda bilərsiniz.

 

1. Borc almaqdan uzaq durun.

Əgər sizin biznes qurmaq və ya mövcud biznesinizi inkişaf etdirmək kimi bir planınız yoxdursa, yəni gündəlik xərclərinizi qarşılamaq üçün banklardan və ya ətrafınızdakı insanlardan hər ay borc alırsınızsa, bu vərdişinizdən əl çəkməlisiniz. Biznes üçün borc almaq ağıllı fikirdir, çünki bu pul sizə yeni pullar gətirə bilər. Bu investisiya sizin biznesinizin uğurlu olub-olmaması ilə əlaqəli özünü doğrulda və ya uğursuz cəhd ola bilər. Amma bunu yoxlamadan əmin ola bilməzsiniz. Həmçinin biznes üçün alınan borclarda 50% ehtimalla bu işdən uğurlu çıxa bilərsiniz. Lakin şəxsi xərclər üçün aldığınız borcların belə bir xüsusiyyəti yoxdur. Bir sözlə, şəxsi xərclər üçün aldığınız borclara “ölü investisiya” da demək olar.

 

2. Market alış-verişlərinizdən lazımsız ərzaqları çıxardın.

Çox xoş səslənmədiyini bilirəm. Lakin biz fərqində olmasaq da, “lazımsız market xərcləri” büdcəmizin böyük bir hissəsini tutur. Bunu tam görmək üçün bir ay ərzində bütün xərclərinizin siyahısını tutun və ay sonunda o siyahını gözdən keçirin. Bunun üçün xüsusi tətbiqlər də var. Telefonunuza yükləyərək, xərclədikcə ora məlumatları daxil edib ayın sonunda xərclərinizin statistikasına baxa bilərsiniz. Həftədə bir dəfə Oreo almaqla pulum azalmaz deməyin, azalır.

 

3. Aylıq abunəlikərinizi ləğv edin.

Ölkəmizdə çox geniş istifadə olunan vasitə olmasa da, son vaxtlar bütün dünya kimi biz də bir çox xidmətlər üçün aylıq abunə haqqı ödəməyə başlamışıq. Məsələn, film izləmək üçün ödənişli portallara ödədiyimiz aylıq ödənişlər, bankımıza hər ay bizə sms göndərməsi üçün ödədiyimiz aylıq abunə haqqı, telefonumuzda istifadə etdiyimiz müxtəlif ödənişli tətbiqlər. Bunları dayandırmaqla büdcəmizin bir hissəsinə qənaət etmiş olarıq.

 

4. Geyim seçərkən baza məhsullar almağa çalışın.

Alış-veriş zamanı büdcə və zövqünüzə uyğun olaraq aldığınız geyimin baza məhsullar olmasına diqqət etməklə büdcənizə qənaət edə bilərsiniz. Baza məhsullar dedikdə pastel tonlar və ağ-qara rənglərdə olan neytral rənglərdə geyimlər nəzərdə tutulur. Məsələn, bir cins və ağ köynək hər zaman sizi dəbli göstərə bilər və aldığınız bütün geyimlərlə uyğun gələ bilər. Beləliklə növbəti sezon da eyni rənglərdə baza məhsullar alsanız, onları keçən sezon aldıqlarınızla birlikdə çox rahat istifadə edərək öz zamansız qarderobunuzu yarada, bərabərində də büdcənizə qənaət edə bilərsiniz.

 

5. Kabel TV-lərdən uzaqlaşın.

Əgər aylıq olaraq Kabel TV-lərə ödəniş edirsinizsə, bu da sizin büdcənizdən bir hissə aparır deməkdir. Artıq internet dövründə yaşayırıq. İstədiyiniz bütün verilişlərə internetdən tapıb baxa bilərsiniz. İnternet provayderlərə aylıq ödəniş ediriksə, TV üçün əlavə ödəniş artıq xərc hesab edilə bilər.

 

6. Pulunuzu öncədən kənara ayırın.

Hər ay gəliriniz hesabınıza köçdükdən sonra aylıq xərcləmək üçün nəzərdə tutduğunuz pulun bir hissəni başqa bir bank hesabı açaraq oraya köçürə bilərsiniz. Bu bank hesabınızdakı pula toxunmamaq şərti ilə hər ay oraya pul köçürsəniz, bir və ya bir neçə il sonra orada istədiyiniz hər hansı bir işi reallaşdıracaq qədər önəmli bir məbləğ toplaya bilərsiniz.

 

7. Əlavə gəlirlərinizi xərcləməyin.

Əgər planda olmayan bir ödəniş və ya bonus alsanız, o məbləği kənara ayıra bilərsiniz. Çünki həmin ay o pul gəlməsə də, ayı başa vuracaq qədər gəliriniz var idi və o pul gəlməyibmiş kimi davrana bilərsiniz. Bu pulu yığdığınız məbləğin üzərinə əlavə edin və xərcləyəcəyiniz zamana qədər ona toxunmayın.

 

8. Kommunal xərclərinizi azaltmağa çalışın.

Bunun üçün qənaət etmədən öncə istifadə etdiyiniz işıq, su və qaz qəbzlərinə baxın və qənaətə başlayın. Növbəti ay müqayiyə edərək fərqi görə bilərsiniz. Bunu ilk öncə istifadə etmədiyiniz otaqların işığını söndürmək, dişlərinizi fırçalayan zaman artıq su axmaması üçün suyu bağlamaq kimi özünüzdə kiçik vərdişləri formalaşdırmaqla başlaya bilərsiniz. Bu həm dünyamızı qorumaq, həm də büdcəmizə qənaət etmək üçün önəmlidir.

 

9. Naharınızı evdən aparın.

Əgər sizin gündəlik getdiyiniz işiniz varsa, hər gün restoranlarda yemək yemək və ya yemək sifariş etmək əvəzinə özünüzlə nahar aparın. Həmçinin sizin eviniz nahar fasilələrində gedib nahar edəcək qədər işinizə yaxındırsa, bu qənaət etmək üçün çox yaxşı fürsətdir.

 

10. Endirim və kampaniyalardan yararlanın.

Daimi xidmətindən istifadə etdiyiniz şirkətlərin endirim və ya kampaniyaları varsa, bunlardan istifadə etməyə çalışın. Daimi müştərisi olduğunuz bütün müəssisələrdən daimi müştəri endirimi istəmək haqqınız təbii ki, vardır.  Ağıllı şirkətlər sizi öz müştərisi olaraq saxlmaq üçün bu istəyinizi reallaşdırmağa çalışacaq.

 

11. Telefon zəngləri və mobil data istifadəsini azaltmağa çalışın.

Əlbəttə bu vərdişi dəyişmək çox asan olmayacaq. Amma bu tip gündəlik vərdişlərimizi dəyişməsək, böyük fərq əldə etməyimiz mümkün olmayacaq. Zəruri olmadıqca telefonla danışmaq və mobil data istifadəsini azaltmağa çalışın.

 

12. Özünüz etməyə çalışın.

Xidmətindən istifadə etdiyiniz bütün işləri gözdən keçirin. Hansı birini özünüz edə bilərsinizsə, etməyə çalışın. Məsələn, evə usta çağıraraq həll edəcəyiniz bir işi özünüzün həll etməyi mümkündürsə, özünüz edin. Sifariş etdiyiniz paltarları kuryerə sifariş etmək əvəzinə özünüz gedib götürün.

 

13. Kafelərə getməyi azaldın.

Kafelərdən aldığınız kofeləri evdə və ya iş yerində özünüz hazırlaya bilərsiniz. Əgər hazırlamağı bacarmırsınızsa, YouTube sizin köməyinizə çata bilər. Orada istənilən kofeni hazırlamaq üçün video tapa bilərsiniz və aldıqlarınızdan daha ləzzətli kofelər hazırlaya bilərsiniz.

 

14. Kitabxanalarda çox vaxt keçirməyə çalışın.

Həm oxumaq vərdişlərinizi formalaşdırmaq, həm də pulla alacağınız kitabları ödənişsiz oxumaq üçün kitabxanalar ideal məkanlardır.  Həm oradan sizi heç kim çox oturdunuz deyə çıxarmaq istəməz. İstədiyiniz mövzuda araşdırmanı da kitabxanada apara bilər, notbukunuzla gedib işlərinizi də sakit mühitdə görə bilərsiniz.

 

15. Səyahətlərinizdə bədxərclik etməyin.

Səyahət edərkən maksimum qənaətli olmağa, lazımsız xərclər etməməyə çalışın. Həmçinin bütün tanışlara hədiyyə almağa çalışmayın.

 

16. İstifadə etmədiyiniz heç nəyi almayın, istifadə etmədiyiniz əşyalarınızı isə satın.

İllərdir istifadə etmədiyiniz, başqalarının işinə yaraya biləcək əşyaları evinizdə saxlamayın. Bu əşyaları satın, əldə etdiyiniz gəliri isə topladığınız pulun üzərinə əlavə edin.

Gündəlik həyatınızda bu kiçik dəyişiklikləri etməklə nəticədə nə qədər pula qənaət etdiyinizi görə bilərsinz. Təbii ki, bütün xərclərimiz bizə xidmət edir, özümüzü daha yaxşı hiss etmək üçün xərcləyirik amma çalışaq israfçılıqdan uzaq olaq. Gündəlik lazımsız xərclər edib görmək istədiyimiz daha böyük işlərdən özümüzü məhrum etməyək. Fikirlərinizi bizimlə bölüşməyi və bəyəndiyiniz yazıları dostlarınızla paylaşmağı unutmayın. Sevgi ilə qalın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir