tehsil

Pulsuz Qərb təhsili almaq istəyənlər üçün ilginc arayış

Baxış sayı: 1. 472

Övladını xarici ölkələrdə oxutmaq istəyən azərbaycanlıların yaşadığı ən böyük problem heç şübhəsiz ki, maddi sahədə olur. Məlum, xarici ölkədə yaşamaq – kirayə, yemək xərcləri böyük bir məsrəf deməkdir. Üstəgəl, illik təhsil haqqı da bu siyahıya əlavə olunanda 4 illik (və ya daha artıq) müddət bir çox ailələrin ciddi maddi yükün altına girməsi anlamına gəlir.

Amma aparılan araşdırmalar göstərir ki, Avropada, ABŞ-da təhsil almaq üçün heç də hər zaman böyük paraya ehtiyac qalmır. Çünki pulsuz təhsil verən ölkələr və universitetlərin sayı xeyli çoxdur.

 

Təhsil üçün neft ölkəsini seçmisizsə…

Öncə ondan başlayaq ki, neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüdlə və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı, xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.

Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı, tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən yararlanmaq hüququ da var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardır.

İranda da təhsilin bütün pillələri pulsuzdur.

 

Avropada pulsuz oxumaq istəyənlər… dövlət universitetlərini seçirlər

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı olan tələbələr də təhsil haqqı ödəmir. 14 yaşınadək övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar belə, təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta nüfuzlu Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.

Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

Ali təhsili pulsuz olan ölkələr arasında həmçinin İsveç, Danimarka və Çexiyanı göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

 

Amerika təhsil xərclərini azaldır, Hollandiya konkret şərtlər qoyur

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədə təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramları üzərində nəzarəti həyata keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil sisteminin monitorinqini aparır və standartları müəyyən edir. Bu isə öz növbəsində bütün məktəb və universitetlərdə təhsilin yüksək səviyyədə aparılmasını təmin edir.

Image result for Avropada təhsil

Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Onların böyük əksəriyyəti bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli kurslar və ixtisasartırma proqramlarından ibarətdir.

Ölkənin ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət universitetinin 10-u “Times Higher Education World University Rankings”in hesabatında dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşır.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir. Ölkədə fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu digər ali təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edir. Hər il bu institutlara təxminən 13 min əcnəbi tələbə qəbul olur. Bu təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.

Hazırda Hollandiyada dövlət tərəfindən tanınmış 14 klassik universitet fəaliyyət göstərir. Onlardan üçü (Delft, Tvent və Eyndhofen universitetləri) texniki ali təhsil müəssisələridir. Bundan əlavə, ölkə ərazisində 42 ali peşə təhsili universiteti mövcuddur. Universitetlər əsasən tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Ümumilikdə Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur.

Onu da qeyd edək ki, digər ölkələrdən fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün universitetlərinin diplomu eyni dəyərə malikdir və digər ölkələr tərəfindən qəbul edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyələnmək istədiyi ixtisasa uyğun olaraq seçilir.

Image result for Avropada təhsil

Hollandiyada təhsil inkişaf etmiş digər ölkələrlə müqayisədə ucuzdur. İllik təhsil haqqı Avropa İttifaqına (Aİ) üzv ölkələrin vətəndaşları üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn tələbələr üçün isə  qiymətlər nisbətən yüksəkdir.

Holland dilində ali təhsilin qiyməti ildə orta hesabla 1,5 – 5 min avro təşkil edir. İngilisdilli proqramlara əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün illik bakalavr təhsili orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro civarında dəyişir.

Hər il təxminən 12 min hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində təqaüd alırlar. Hollandiya hökuməti xaricdə təhsil alan tələbələrə ildə təxminən 2 milyon avro (2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır.

Amma xarici ölkədə təhsil anlayışında da qaranlıq məqamlar az deyil. Çünki bir çox hallarda varlı, oliqarx övladlarının hansısa Avropa ölkəsində ali təhsil alması ilə bağlı məlumatlar yayılır. İstər-istəməz həmin gəncin keçdiyi yola, həyat tərzinə, elmə münasibətinə baxıb, həmin ali təhsil müəssisələrində necə oxuması sual doğurur. Orda keçilən dərslər, verilən imtahanlar, keçirilən təcrübələr… üçün ciddi elmi savad, oxuma bacarığı tələb olunur. Amma bu da artıq maneə deyil.

 

Avropada Rusiya universitetlərinin müdhiş izi – pulunu ver, oxu

Image result for Avropada təhsil

Rusiyanın əksər universitetlərinin Avropada artıq filialları var. Və bu, məqsədli şəkildə belə düşünülüb. Sırf Avropada oxumaq istəyib də, buna elmi potensialı çatmayan imkanlı gənclər yüksək məbləğdə təhsil haqqı ödəyərək, burda tələbəlik hüququ qazanırlar. Bundan sonra isə orda oxumaq öz ölkəsinin özəl universitetində oxumağa bərabər olur. Avropanın bahalı restoranları, klubları varlı ərəblərin, Rusiya və keçmiş SSRİ ölkələrindəki oliqarx övladlarının məskəninə çevrilir. Onların bu universitetlərdə kurs adlaması müşkül proses deyil. Ali təhsil həyatının son ilində ali məktəbdə tələb olunan kurs işləri, diplom işləri də varlı övladları üçün problem deyil. Bu da bizim Azərbaycanda bildiyimiz klassik üsullarla həyata keçirilir: başqasına yazdırmaqla. Tutaq ki, tələbə yoldaşları arasında və ya universiteti daha öncəki illərdə bitirmiş savadlı məzunlar pul qarşılığında bu işin öhdəsindən gəlirlər.

Bu arada onu da qeyd edək ki, diplomların tanınması məsələsində də ciddi məqamlar az deyil. Məsələn, Azərbaycanda tanınmasından imtina olunan diplomlar əsasən MDB ölkələrindəki universitetlərinin verdiyi sənədlərdir. Bundan  başqa, diplomların tanınması prosesində hər kəsə fərdi yanaşılaraq, tələbələrin oxuduqları müddətdə dərslərdə iştirakı və aldıqları təhsilin keyfiyyəti araşdırılır. Avropa ölkələri, Türkiyə və digər ölkələrin diplomlarının tanınmasında Azərbaycan ciddi problem yaşamır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir