Gunay Malikqizi

“Pultu” anasının əlində olan oğlanlar… – GÜNAY MALİKQIZI YAZIR

Baxış sayı: 962

Yenə deyəcəksiniz ki, Gunay kişilərdən yazır.

Əslində, mən kişilərdən yox, əyninə şalvar geyinməklə kişi məsələsini həll etdiklərini düşünənlərdən yazıram.

Daha dəqiq desək, sizin də bir çoxunuzun mənim kimi gördüklərinizi elə yenə də sizinlə bölüşürəm.

“Kişinin sözü bir olar”, – deyən atalarımız bu misalı müasir dövrə uyğunlaşdırmaq üçün xeyli əziyyət çəkməli idilər. Çünki “Nəfəs almağının icazəsini belə anasından alan oğlanların mövcudluğu bizi hara aparır?” – sualını vermək istəmirəm.

Eşidəcəyim cavablara əsəblərim hazır deyil.

Axı sizin “kişi” ilə siyam əkizi olan ananın sözü ilə yemək yeyilir, qonaq gedilir, ya da arvada pul xərclənirsə, vəziyyət, yumşaq desək, gərgindir.

Yazını bura qədər oxuyub, anaya hörmət, analara borc, “Cənnət ananın ayağının altındadır” deyənlərin gur səsini eşidirəm.

Sizinlə razıyam. Cənnət anaların ayağının altındadır. Ancaq ana ilə arvad arasındakı fərqi anlamaq, onların heç birinin haqqını tapdamadan həm anaya, həm arvada sahib çıxmaq üçün lazım olan ağıl başımızda olmalıdır ki, cənnəti görək.

Yoxsa haqqı yeyilən qızın ahını nəzərə almırsınız?

Analar övladları üçün ancaq yaxşılıq istəyir. Bu belədir. Amma nəzərə alın ki, insanların həyata baxışları, dünyagörüşləri, yaşadıqları, bilikləri, nə bilim, axı ağılları onların yaxşı anlayışına da təsir edir.

Psixoloqlara görə, özündən əmin olmayan, həyatda xoşbəxtliyini tapa bilməyən qadınlar övladlarının həyatına müdaxilə edirlər. Söhbət yersiz, kənardan, hiyləgər müdaxilədən gedir.

Özünə əmin olmayan qadın həyatdakı varlığını övladı ilə təsdiqləməyə çalışır.

Qəribədir ki, yenə də psixoloqların yalançısıyam, qız övladları anaların yersiz müdaxiləsinə vaxtında reaksiya verə bilir və aradakı məsafəni saxlayırlar.

Amma oğlanlar, bəli, düz bildiniz, ananın daim artan müdaxiləsi onlara təhlükəsizlik hissi yaşadır. Bu təhlükəsizlik baryerini aşmaq isə çox çətindir.

Təəssüf ki, həm qızlarımızda, həm oğlanlarımızda müstəqil fikir yürütmək imkanı yaratmadığımız üçün özünü oğlu olmadan lazımsız hesab edən analar və anası olmadan lazımsız olan ərlər yetişdiririk.

Əslində, başlığımız oğlanlardan olsa da, məsələ yenə qadınlarda başlayır və bitir.

Axı nəticə etibarilə oğlunu idarə edən qadındır.

Bəs bir qadın başqa bir qadına niyə əziyyət versin?

Bu sualı da bir neçə biləndən soruşdum, hamısı bir ağızdan dedi  ki, bu da qadın qısqanclığı deyilən, elmdə bir çox araşdırmalara səbəb olan məfhumun nəticəsində baş verir.

Qadın oğluna başqa qadını qısqanır.

Yenə də qadın… Oğlunu qısqana bilən qadının psixikasının sağlam olduğu məndə şübhə doğurur. Ancaq mən həkim deyiləm, yanıla da bilərəm.

Yanılmadığm, yüz faiz həqiqət olduğunu bildiyim isə odur ki, əslində, oğlunu idarə etməklə kiminsə uşağına əziyyət verdiyini düşünən ana elə nəticə etibarilə öz övladına da pislik edir.

Axı kim daim münaqişə olacaq deyə, sevincini gizlin yaşamaq və ya ailəsini dağıtmaq istəyər.

Nə olsun ki, ananın əlindəki “pult”la idarə olunurlar. Axı onlar da insandırlar. Robot yox….




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir