imtahan

Qəbul ballarına əsaslı təsir edən yeni imtahan model nə vəd edir?

Baxış sayı: 163

Artıq srağagündən ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Hətta ötən il 29 abituriyent 700 bal topladığı halda, bu il o rəqəm sıfır olub. Nəticələrin zəif olmasını Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də təsdiqləyib: “I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı nisbətən çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərin sayının az olmasına təsir edən amillərdən biri ola bilər”.

Bəs tələbələrin qəbul ballarına əsaslı təsir edən yeni model bizə nə verəcək? Yeni təhsil modeli üzərində təkmilləşdirilmə aparılmalıdırmı?

DİM sədri deyir ki, 3 abituriyentin nəticəsinə görə, qəbulla bağlı fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, nəticələr elan olunduqdan sonra onun üzərində il ərzində işlənilir və elmi tədqiqatlar aparılır: “Mütəxəssis olaraq qeyd edə bilərəm ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı fərqli fikirlər söyləməyə tərəddüd edirəm. Biz il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir gündə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi – bax bunu elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm. İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, razılıq olsa, I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu deyə bilərik. Yalnız bundan sonra kütləvi prosesi qiymətləndirmək olar”.

 

“İnqilabi dəyişiklik hesab etmirəm”

Təhsil eksperti Etibar Əliyev deyir ki, mərhələ-mərhələ bacarıqlara uyğun olaraq, qiymətləndirmə metodologiyası dəyişməlidir. Onun sözlərinə görə, bu, inqilabi dəyişiklik deyil: “Kurikulumlar 11-ci sinfi tam əhatə etdiyi üçün yeni imtahan modeli tətbiq olundu. DİM bu situasiyadan yayına bilməzdi. Mütləq kurikulumlarda qoyulan yeni bacarıqların ölçülməsi gərək idi. Bu baxımdan imtahanın modeli dəyişdirildi, buraxılış və qəbul imtahanlarının nəticəsi toplandı. Mən ekspert olaraq, bunu inqilabi dəyişiklik hesab etmirəm. Sadəcə olaraq, 30 ənənəvi qapalı tipli test tapşırıqlarının 8-i açıq tipli test tapşırıqlarına verildi. Açıq tipli test tapşırıqlarından irəli gələn bacarıqların qiymətləndirilməsi nəticəsində 700 bal toplayan olmadı. Əvvəlcədən də demişdik ki, 700 bal təhsilin keyfiyyətinin göstəricisi deyil və bu, 2006-cı ildən başlayaraq dəyişən rəqəmlərlə ifadə olunub. Ən pik həddi isə keçən il müşahidə olmuşdu. 29 abituriyent 700 bal topladı. Bu il isə 1 nəfər belə, 700-ü toplaya bilmədi. Bu, birmənalı şəkildə yeni bacarıqların qiymətləndirilməsindən qaynaqlandı. Məktəb, müəllimlər, repetitorlar, hazırlıq kursları dəyişməz olaraq qalıb. Sadəcə, sistem dəyişib. Nəticənin zəifliyini təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirmək düzgün deyil. Düzdür, 700 ballar olmadı, ancaq 3-cü ixtisas qrupunda 400 baldan 600 bala qədər toplayan abituriyentlərin sayı kəskin şəkildə dəyişdi. Ona görə də fikir verirsinizsə, üçüncü ixtisas qrupunda demək olar ki, boş yer qalmadı. Digər ixtisas qruplarında situasiya bir qədər fərqlidir”.

 

“Dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır”

Ekspert hesab edir ki, məktəb kurikulumla bağlı gələn yeni situasiyaları uşaqlara təlqin etməlidir və uşaqlar bu bacarıqları qazanmalıdırlar: “Əvvəlki təhsil sistemində sual belə qoyulurdu ki, “nəyi bilirik?”. İndi isə kurikulumun tələbi “nəyi bilirik” deyil, “nəyi bacarırıq”dır. Ona görə də artıq bacarıqların qazanılmasında müəllimlər və məktəb çox ciddi şəkildə çalışmalıdır. Bunun üçün çoxsaylı vəsaitlər də dərc olunmalı, dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır. Bu gün dərsliklərin demək olar ki, tam əksəriyyətində açıq tipli tapşırıqlara yer verilmir. Ona görə də bunun üzərində müəllimlər çalışmalıdırlar. Qarşılıqlı çalışmalar növbəti tədris ilində boşluğu aradan qaldıra bilər. Hesab edirəm ki, bu ilki qəbulda elə bir faciə baş verməyib. 700 bal olmasa belə,  600-dən 700-ə qədər bal toplayanların sayı ötən ilkindən o qədər də kəskin şəkildə fərqlənmir”.

 

Yeni model tələbələrin robotlaşmasının qarşısını alırmı?

Müsahibimizin fikrincə, növbəti tədris illərində mərhələ-mərhələ bacarıqları inkişaf etdirən açıq tipli tapşırıqların sayı artırılmalıdır: “Yəni istər məktəb, istərsə də müəllimlər, repititorlar, hazırlıq kursları bunu təlqin etməlidir. Bəli, haqlısınız, abituriyentlər qapalı tipli test tapşırıqlarına alışmışdılar və bunu çətinlik çəkmədən, müəyyən metodlarla həll edirdilər. Bu artıq vərdişə çevrilmişdi. Ancaq açıq tipli test tapşırıqları müəyyən dərəcədə düşüncə, məntiq tələb edir. Eyni zamanda, açıq tipli test tapşırıqlarının fəlsəfəsi fənlərin mövzular üzrə ardıcıl olaraq mənimsənilməsi faktorunu ortaya qoyur. Hesab edirəm ki, növbəti beş ildə qəbul prosesində hər hansı bir dəyişiklik olmasa, məktəb, müəllimlər, repititorlar və şagirdlər buna da adaptasiya olacaqlar. Bu gün dəyişən dünyanın başqa çağırışları var. Kurikulumlar dəyişən dünyanın çağırışlarına cavab verməlidir. Təhsil açıq bir sistemdir və biz istər təhsil keyfiyyətində, istərsə də qiymətləndirmə prosesində xarici təcrübələri öyrənməliyik”.

 

Sanki fəlakət baş verib…

Təhsil eksperti Nadir İsrafiov balların aşağı olmasını faciə adlandıranları qınayır. Ekspertin sözlərinə görə, test üsulu əzbərçilik yaratdığı üçün imtahana açıq sualların salınmasının tərəfdarıdır: “Son günlər 700 balın toplanmaması, ümumiyyətlə, balların aşağı olması ilə bağlı böyük ajiotaj yaranıb. Sanki fəlakət baş verib. Mən bunu belə qiymətləndirməzdim. Balın aşağı vaxtı da olur, yuxarı vaxtı da. Təəssüf edirəm ki, keçid balının azlığını təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirənlər var. Bu düzgün deyil. Təhsil bir ildə nə kəskin şəkildə aşağı düşə, nə də yüksələ bilər. Bunun üçün 10 illiklər tələb olunur. Balların bu il aşağı düşməsi yeni modelin tətbiqi ilə bağlıdır. Mən yeni modeli dəstəkləyirəm. 90-cı illərdə bizim cəmiyyətdə testə ifrat dərəcədə aludəçilik yarandı. Sonra məlum oldu ki, test məntiqi təfəkkürü azaldır və əzbərçilik yaradır. Məzunların yazı vərdişləri, şifahi nitq qabiliyyəti zəifləyib. Buna görə də bu məsələyə münasibət dəyişdi. Biz baloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə artıq şifahi, yazılı imtahanlar keçirilir. Burada da problem yaranır, çünki orta məktəbdə uşaqlarda yazılı və şifahi alışqanlığı yoxdur. Bu səbəbdən qəbul imtahanlarına açıq testlər salındı. Açıq testdə abituriyent hər hansı məsələnin həllini yazılı formada ifadə edir. Açıq testə alışmadıqları üçün məzunlarda problemlər yaranır. Aşağı bal toplamaq açıq suallara görədir. Ona görə də burada mənfi fikir söyləmək düzgün deyil. Bu il aşağı olar, gələn il yuxarı. Əsas odur ki, bu sahədə işlər inkişaf etdirilsin. Ötən illər biz 9-cu siniflərdə esse tətbiq elədik. Amma bir il keçmədən, göstəricilər aşağı olduğu üçün esseni ləğv etdik. Bu düzgün qərar deyildi. Hazırda da göstəricilərin aşağı düşməsini əsas gətirib, bu modeldən imtina etməyə ehtiyac yoxdur. Sadəcə, yeni model gələcəkdə təkmilləşdirilə bilər”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir