imtahan

Qəbul imtahanındakı yeni model nə vəd edir?

Baxış sayı: 195

Buraxılış və qəbul imtahanlarına ediləcək dəyişikliklərlə bağlı məsələlər son günlərin daha çox müzakirə olunan mövzuları sırasında yer alıb. İmtahanlarının yeni model əsasında keçiriləcəyi xəbəri daha çox yuxarı siniflərdə təhsil alan şagirdləri, eləcə də onların valideynlərini narahat edir.

Təhsil eksperti Nadir İsrafilovun bildirdiyinə görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi və ümumi razılıq əldə edilməsi ilə bağlı rəsmi açıqlama heç də hamı tərəfindən birmənalı qarşılanmayıb: “Bu da təbiidir. Bununla belə, kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərin konkret olaraq nədən ibarət olması barədə narahatlığına, hesab edirəm ki, DİM sədri Məleykə Abbaszadə son açıqlamasında yığcam şəkildə olsa da, müəyyən aydınlıq gətirib. Yəni 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. Yeni modelə əsasən isə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun”.

İsrafilov qeyd edib ki, imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa lüzum yoxdur: “Əksinə, belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. Bu prosesə məzunların hazırlığı istiqamətində qabaqlayıcı tədbirlərin də görülməsini nəzərə alsaq, ümid etmək olar ki, bu istiqamətdə elə də narahatedici məqamlarla rastlaşılacağı gözlənilmir”.

Müsahibimizin dediyinə görə, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyada beş ildən artıq bir müddətdir ki, uğurla tətbiq olunur: “Hesab edirəm ki, əvvəlkinə nisbətən daha optimal və məqbul hesab ediləcək bu modelə keçilməsində biz hələ müəyyən qədər ləngimişik. Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini azaltmaqla təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Əlbəttə, tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar var ki, bunlarla əlaqədar növbəti həftə üçün vəd edilmiş geniş açıqlamadan sonra daha konkret fikir söyləmək olar. Bununla belə ilk nəticəyə gəldiyim fikir bundan ibarətdir ki, əvvəlki format ilə müqayisədə yeni model daha sadə, müasir və mütərəqqidir”.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov bildirir ki, qəbul və buraxılış imtahanlarında abituriyentlərə dil qaydalarından əzbər tipli-əvvəlki illərdə olduğu kimi faktoloji (və buna uyğun olaraq faktlara əsaslanan məntiqi, izahedici, müqayisə tipli və s.) test tapşırıqları təqdim edilməməlidir: “Yeni tədris poqramlarının (kurikulumları) tələblərinə görə Azərbaycan dili şagirddə dörd bacarıq (dinləmə, anlama, oxu, yazı) yaratmalıdır ki, dil qaydaları (təriflər və izahlar) məhz həmin bacarıqların daha yaxşı və səmərəli formalaşmasına şərait yaratmalıdır. Yəni şagird düzgün yaza, oxuya, danışa, fikir bildirə, fikrini əsaslandıra… bilirdisə, deməli, o, dövlət tələblərini yerinə yetirir. Bunun üçün abituriyentə təqdim olunmuş sual kitabçalarında dil qaydaları üzrə təriflərdən-əzbərçilikdən imtina edilməli, praktiki sualların çəki əmsalı artırılmalıdır. Və həmin modellər- hansı ki 2019-cu ildə qəbul və buraxılış imtahalarında istifadə olunacaq, bu ildən tam açıqlanmalıdır”.

Hal-hazırda ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qrupu üzrə həmən ixtisas qrupuna daxil olan 5 fəndən imtahan verirlər. “Və əlavə olaraq buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir ki, buna, hələ ki, bizim reallıq və məktəblərimiz hazır deyillər”.

Onun dediyinə görə, hal-hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır: “Azərbaycan Respublikası Prezindentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas quruplarında riyaziyyat fənninin olması anlaşılan və faydalı  deyil. Humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir. Tarixçinin, hüquqşunasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil” deyən ekspert hesab edir ki, bundan əlavə, orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılamsı üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq.

K.Əsədov bildirib ki, ali məktəblərə qəbul sadə olmalıdır: “Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi – bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu – DAEU (Diplome dTacces aux etudes universitaires) almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir”.
Əsədov vurğulayıb ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repititorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq: “Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır. Son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhili zamanı ortaya çox fərqli bir mənzərə çıxır. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. DİM tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir”.

Onun fikrincə, uşağın buraxılış imtahanı verib, bir ay sonra da qəbul imtahanında iştirak etməsi düzgün deyil: “Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stresinə, gərginliyinə salmaq olmaz. Amma burda bir sıra məsələləri yaddan çıxarmaq olmaz. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyillər. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir”.

Təhsil eksperti bildirir ki, hal-hazırda Qazaxıstanda ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanları vahid formada keçirilir və bu da abituriyentlərin ali məktəblərə qəbul zamanı yükünü azaldır: “Bundan başqa, Rusiyada vahid imtahanlar keçirilir. Azərbaycanda vahid imtahana keçid bir neçə ildən sonra mümkün olacaq”.

 

Dəyişən imtahan qaydaları əvvəlki ilin məzunlarına necə şamil olunacaq?

 

Təhsil sistemində edilən bu dəyişikliklər bəzi cavabsız suallar doğurur. Suallardan biri əvvəlki ilin məzunlarının  buraxılış imtahanı ilə bağlıdır.  Belə ki, vaxtilə 8 fəndən buraxılış imtahanı verən biri kimi bu xəbəri eşidən zaman çox sevindim. Təhsilə olan marağım daha artdı. Yenidən təhsil almaq, tələbə olmaq istədim. Amma bir məqam mənim üçün qaranlıq qaldı. Bəs mənim buraxılış imtahan nəticələrim necə müəyyən ediləcək?
Ümumiyyətlə bir neçə il əvvəl  orta məktəbi bitirmiş  şəxslərin imtahan nəticələri necə müəyyən ediləcək, bu mexanizm necə tətbiq olunacaq? Bu kimi suallara cavab tapmaq üçün aidiyyəti  qurumlar olan Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə, həmçinin təhsil üzrə ekspertə müraciət etdik.
Hər iki qurumdan – həm Təhsil Nazirliyindən, həm də Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hələ ki, bəzi məsələlərlə bağlı konkret bir açıqlama vermək mümkün deyil: “Yeni sistemlə bağlı müzakirələr  davam edir. Bəzi məsələlərlə bağlı konkret açıqlamalar bu  yaxınlarda olacaq. Ya  hər iki qurumun iştirakı ilə mətbuat konfransı keçiriləcək, ya da yazılı məlumat veriləcək. Amma hələ ki, dəqiq bir şey deyə bilmərik”.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, əvvəlki illərin məzunları və ya buraxılış imtahanı verməyənlər yenidən imtahanda iştirak edəcəklər: “Bu günə qədər buraxılış imtahanın nəticələri yalnız ixtisas seçimi zamanı qəbulda eyni bal toplayan abituriyentlər arasında seçim etmək üçün nəzərə alınırdı. Amma  2019-cu ildən etibarən təhsil sistemində edilən ən ciddi dəyişiklik ondan ibarətdir ki, ali məktəblərə qəbul zamanı buraxılış imtahanın nəticələri qəbul imtahanın nəticələri ilə toplanacaq. Təbii ki, siz də çox düzgün vurğuladınız ki, elə insan var buraxılış imtahanı verdiyi ildən uzun müddət keçib, eləsi də var ki, heç buraxılış imtahanı verməyib. Həmin şəxslər də eyni qaydada yenidən buraxılış imtahanı verəcəklər.  Bir misal deyim, artıq bir neçə ildir ki, orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanının nəticələri ilə həyata keçirilir. Yəni əgər kimsə buraxılış imtahanı verməyibsə və ya uzun müddətdir ki, buraxılış imtahanı verib, onlar da imtahana girəcək, eyni model testlərlə imtahan verəcəklər”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir