su

Qədim su terapiyalarının möcüzəvi faydaları

Baxış sayı: 1. 468

Belə bir formul mövcuddur – insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su içilməlidir. Digər formula görə – 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq – suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.

Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1-1,3 l qədər maye ifraz edir. Bundan əlavə, dərimiz, bağırsaqlarımız və ağciyərlərimiz vasitəsilə də ətraf mühitə maye ifraz olunur.

 

Bəzən köklükdən əziyyət çəkənlərə diyetoloqlar bol miqdarda su içməyi tövsiyə edirlər. Nəinki diyetoloqlar, həkimlər belə xəstələrinə hər zaman bol miqdarda maye, yəni su içməyi tövsiyə edir. Çünki su bədəndəki bütün zərərli maddələri təmizləyir. Ümumiyyətlə, ta qədim zamanlardan su ilə müalicə metodları mövcud olub. Bu metodlardan biri də hələ də istifadə edilən qədim tarixi olan yapon su terapiyasıdır. Yaponlara görə, su ilə bir çox xəstəliklərin yüz faiz müalicəsi mümkündür. Bu xəstəliklərin siyahısına baş ağrıları, piylənmə, ürək problemləri, astma, bronxit, qastrit, burun, boğaz, qulaq və gözlə bağlı müxtəlif xəstəliklər daxildir. Bu üsulun isə resepti çox sadədir. Yapon su terapiyasına görə, səhər oyanan kimi dişləri təmizləməmişdən əvvəl 4 stəkan su içilməlidir. Su qəbulundan sonra dişlərinizi təmizləyə bilərsiniz və 45 dəqiqədən sonra artıq səhər yeməyini yeyə bilərsiniz. Gün ərzində 3 dəfə qidalandıqdan 15 dəqiqə sonra 1 stəkan su içilməlidir və suyun qəbulundan sonra 2 saat heç bir qida və maye qəbul etmək olmaz. Digər qədim su müalicə üsullarından biri də hind terapiyasıdır. Bu terapiyada isə qaynadılmamış çiy sudan istifadə edilir. Təbii ki, bu, təmiz su olmalıdır. Düzdür, Azərbaycanda təmiz içməli suların varlığından danışmaq çətindir. Amma təmizlənmiş, sterilizə olunmuş sulardan istifadə etmək olar. Hind terapiyasına görə, hər gün 7 stəkan su (1,5 litr) içilməklə dərman qəbul etmədən, iynə vurdurmadan, müalicəyə sərf ediləcək xərclərdən xilas olmaq olar.

Qeyd edək ki, hər bir azərbaycanlı ailəsinin süfrəsində meyvə suları əskik olmur. Qonaqlıqlarda, yığıncaqlarda süfrəyə daha çox limonadlar, müxtəlif rəngli sular, meyvə suları qoyuruq. Nadir hallarda süfrədə adi suya rast gəlmək olar. Hər zaman düşünürük ki, meyvə suları xüsusən də uşaqlar üçün çox faydalıdır. Ancaq bu fikir tamamilə yanlışdır. Əslində isə meyvə suyunun uşaq üçün, eləcə də böyüklər üçün sadə su qədər xeyri yoxdur.

 

Həkim Vaqif Qarayev şirin içkilərin uşaqlar üçün ziyanlı olduğunu dedi: “Xüsusən də satışda olan rəngli içkiləri uşaqlara vermək olmaz. Su isə orqanizm üçün çox faydalıdır. Maddələr mübadiləsinin normal yaşaması üçün su mühüm faktordur. Elə insanlar var ki, bədəninin fiziki parametrlərindən asılı olaraq normadan iki dəfə çox su içə bilər. Amma bütövlükdə susuz qalmaq insanı ölümə aparır. Uşaqlarda mədə-bağırsaq pozğunluqları zamanı susuzlaşma gedərsə, bu çox təhlükəli vəziyyət hesab edilir. Bəzi xəstəliklər var ki, məsələn, ürək, böyrək xəstəlikləri zamanı həkim maye çox qəbul etməyi məsləhət görmür. Amma bu o demək deyil ki, orqanizm bütövlükdə susuz qalmalıdır. Su çirklidirsə, uşaqlara qaynadılmamış su vermək olmaz. Mən satışda olan suların normativlərə uyğun olduğuna inanmıram və onları təbii su hesab etmirəm. Əgər kiçik yaşlı uşaqlar suya çox meyl edir və çox su içirlərsə, o uşaqlar mütləq müayinə olunmalıdır. Diabet, şəkər və böyrək sidik yolları müayinə edilməlidir”.

 

Dahi Nizami Gəncəvi su haqqında belə bir kəlam demişdi: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da”. Bəli, suyun xeyirli tərəfləri nə qədər çox olsa da, bəzən həddən artıq su qəbulu sağlamlıq üçün zərərli ola bilir. Xüsusən də hazırda krantlardan gələn çirkli sular. Suyun tərkibində çoxlu sayda mikroorqanizmlər olur ki, bunların da bəziləri insanda qarın yatalağı, vəba, hepatit və ya qastroenterit kimi ağır xəstəliklər yaradır. Suyun çirklənməsi kimyəvi də ola bilər. Belə sudan istifadənin zərərli nəticələri həmin an və ya bir neçə il sonra büruzə verir. Eləcə də suyun dəfələrlə qızdırılması nəticəsində ərp yaranır ki, bu da sağlamlıq üçün ziyandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir