imtahan

Qəbul imtahanında viktoruna sualları – DİM-in abituriyentlərə “tələ”lər qurması

Baxış sayı: 446

Bir neçə ildir Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün təşkil etdiyi imtahanlarda yol verilən əyintilər, pozuntular, gənclərə qurulan “tələ”lər barədə silsilə məqalələr yazılır.

Əvvəllər heç vaxt belə şey olmazdı. Heç kəs testlə qəbulun faydalılığına şübhə etməzdi. Ölkədə ən ideal, ən dürüst, ən halal mexanizm məhz tələbə qəbulundaydı. Hələ də elədir, amma ciddi əmmalar əmələ gəlib.

Artıq 30 ildən çoxdur ki, ölkədə şərti adını “qəbul mafiyası” qoya biləcəyimiz kontingentin hökmranlığına, ali məktəblərə qəbulda bərbər preyskurantı kimi qiymət cədvəli tətbiq edilən mütəşəkkil cinayətkarlığa son qoyulub. Son 3-4 ilə qədər universitetlərə qəbul maksimum şəffaf və qanuni aparılıb.

Ancaq 3-4 ildir ki, vəziyyət dəyişib. Əyintilər, neqativ hallar artıb, pis niyyətli işbazların öz məkrli məqsədlərini addım-addım həyata keçirdikləri açıq-aşkar hiss olunur. Belə getsə, daha bir-iki ildən sonra dövriyyəyə “test üsulu ləğv olunsun, çünki abituryentlərin biliyinin ölçülməsi işinə yaramır” tələbləri səslənəcək və günlərin birində bu qayda “keçmişin qalığı” kimi ləğv olunacaq.

Ondan sonra abituriyentlər sovet dövründə olduğu kimi imtahanlarda keçib professorların, dosentlərin masasının qabağında əsə-əsə oturacaqlar. Hələ ondan qabaq “imtahana düşən müəllimlər” korpusu yaranacaq. Onlar bu imtiyazı böyük rüşvətlər, “yuxarıdan tapşırıq”lar hesabına əldə edəcəklər və verdikləri rüşvəti bir ilin içində on qat artıqlaması ilə çıxaracaq, yuxarıdan tapşıranların etimadını doğruldacaqlar.

Sonra savadlı və adi ailədən olan abituriyentlər müsabiqədən keçə bilməyəcək, “bala, get, gələn il gələrsən, hələ nə yaşın var” təsəlli-tövsiyəsi eşidəcəklər. Yaxşı universitetlərin yaxşı fakültələrinə yalnız imkanlı ailələrin övladları qəbul olunacaq. BDU-nun hüquq və ya Tibb Universitetinin müalicə-profilaktikə fakültələrinin tələbəsi olmaq üçün fantastik məbləğlər ödəniləcək. Varlı ailələrin övladlarının canı attestatla Dərbənddə, Mahaç-qalada, Kiyevdə, Giresunda, Bursada “kitayski” univrsitetlərə daxil olmaqdan qurtaracaq.

Bunlar fantaziya məhsulu deyil, 31 il əvvəl beləydi, ali məktəblərə qəbul işinə baxanların son illərdə yeritdiyi siyasət isə məhz geridönüşə hesablanmış kimi görünür.

Kasıb və ortabab ailələrin övladlarının 650-700 bal toplayaraq universitetlərin ən yaxşı fakültələrinin ən prestijli ixtisaslarını “qapazlaması” artıq neçə illər idi bir sıra adamların gözünə xor görünürdü. Sanki onlar kimlərinsə yerini tuturdular və haqsız rəqabət yaradırdılar. Neçə-neçə pullu adamın test imtahanlarında 100-150 bal toplayan züryətləri xarici ölkələrdə hansısa “universitet”ə daxil olur, sonradan böyük pullar müqabilində öz univeritetlərimizin “yaxşı fakültə”lərinə “perevod” (köçürmə) olunurdular. Bu işin əziyyəti və xərci çox idi.

Bir də var, hər şey asan və “qanuni” yolla, öz ölkəndə, daxili imkanlar hesabına başa gəlsin və dağa-daşa düşmək lazım gəlməsin.

Budur, sosial şəbəkələrdə test imtahanına salınmış bir səfeh sualın skrin-şotu yayılıb və ictimaiyyət arasında geniş müzakirə olunmaqdadır.

348424835_276740564704388_8276630436929955949_n.jpg (41 KB)

Sual belədir: “Kitabi Dədə Qorqud” dastanında Dəli Dondazın əmisinin bibisioğlu kimdir?” Verilən variantlar: “a) Uruz; b) Qaragünə; c) Qarabudaq; d) Basat; e) Alp Ərən”.

Bu cür əhəmiyyətsiz və olduqca qəliz suallar hələlik çox olmasa da, test suallarının arasında var və onlar məhz abituriyentlər üçün tələdir. Dəli Dondazın əmisinin bibisioğlunun kimliyi nə böyük tarixi və ya bədii əhəmiyyətə malikdir ki, 17-18 yaşlı gənc minlərlə vacib detalı bir kənara qoyub, bunu yadda saxlamağa, buna diqqət yetirməyə çalışsın?

Deyəcəklər, abituryent diqqətli olmağa borcludur. Düzdür. Amma yaxşı olar ki, o başını, diqqətini fundamental biliklərə işlətsin, qarpızın kal və ya yetişmiş olmasını məhsulu sıxaraq, çırtmalayaraq təyin etməyə yox.

Belə əhəmiyyətsiz, bilik səciyyəsi daşımayan, viktorina tapmacasına oxşayan suallar isə istedadlı gənclərə badalaq vurmaq, onların topladığı balları süni şəkildə aşağı salmaq, test üsuluyla imtahanı gözdən salmaq məqsədi daşıyır.

Test qaydası elə bir imtahan növüdür ki, orada vicdansız insan faktorunun zərəri minimaldır, demək olar ki, yoxdur, amma müəllimlərlə keçirilən üzbəüz imtahanlarda bu əmsal 80-90 faizdir. Xüsusilə korrupsiya və rüşvətxorluğun normaya çevrildiyi ölkələrdə bu qədər məsuliyyətli və taleyüklü bir prosesi insanların vicdanına buraxmaq olmaz. Elə mexanizmlər olmalıdır ki, orada vicdansız insanlar prosesə zərər vura, mənfəət güdə bilməsinlər.

1992-ci ildən bəri tətbiq edilən test qaydasıyla imtahan məhz belə bir mexanizmləri olan sistemdir. Onun hesabına aztəminatlı və ya ortabab təminatı olan ailələrin yüz minlərlə övladı ali təhsil alıb, cəmiyyətdə mövqe qazanıblar.

Nə qədər gec deyil, xalqımızın gələcəyini düşünən insanlar DİM-i son illər abituriyentlərin “xışını kötüyə ilişdirmək” taktikasından əl çəkməyə, test suallarının arasına basdırdıqları “mina”ları təmizləməyə çağırmalıdırlar.

 

Xalid Kazımlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir