ruslan osmanov

Qətərdə şirniyyatçı işləyən həmyerlimizlə şirin söhbət

Baxış sayı: 510

Müxtəlif məkanlarda əyləşir, fərqli təamlar dadırıq. Yediyiniz, içdiyiniz sizin olsun, gəlin, bu dəfə həmin təamları hazırlayan, heç vaxt üzünü görmədiyimiz, amma əlinin dadına az-çox bələd olduğumuz sənət sahiblərinin birindən danışaq.

Müsahibim hazırda Qətər “Four Season” oteldə şef şirniyyatçı işləyən Ruslan Osmanovdur. Ruslan əslən Ağstafadan olsa da, 1988-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirib əsgərliyə gedib və əsgərlikdən qayıtdıqdan sonra işləməyə başlayıb: “Həmin dönəmdə oxumağı, ali təhsil almağı çox istəyirdim. Hətta qiyabi də olsa, qəbul oldum, amma müəyyən səbəblərdən oxuya bilmədim. Əsgərliyə getdim, qayıdandan sonra həm həvəsim olmadı, həm də işləmək mənim üçün daha prioritet məsələ idi. Bir sənət öyrənib, peşə sahibi olmağı diplom sahibi olmaqdan üstün tutdum. Bu qərarımdan da qətiyyən peşman deyiləm. Ali təhsilə ayıracağım enerjini, vaxtı işimi peşəkar səviyyədə öyrənməyə ayırdım. Məncə, bu həyatımdakı ilk doğru qərarım idi (gülür)”.

“Əsl Şef bütün sahələrdə çalışmağı bacarmalıdır”

Ruslan əsgərlikdən sonrakı dönəmdə peşə seçimini necə etdiyindən də danışdı: “Hərbi xidmət dövrünü başa vurub gəldikdən sonra aktiv şəkildə iş axtarışına başladım. Çünki maddi baxımdan özümü təmin etmək üçün işə ehtiyacım vardı. Bir dostum işlədiyi yerdə aşpaz köməkçisinə ehtiyac olduğunu dedi. Mən də şansımı yoxlamaq istədim. Beləcə, 2008-ci ildən mətbəx işləri ilə tanışlığım başladı (gülür). İşin sirlərinə bələd olduqdan sonra sərbəst şəkildə aşpaz kimi işlədim. Daha sonra çalışdığım məkanların birində türk Şefim olan Savaş Özkılıç mənə şirniyyat sahəsinə keçməyi məsləhət gördü. “Əsl Şef bütün sahələrdə çalışmağı bacarmalıdır” dedi və beləliklə, 2015-ci ildən bu günə şirniyyatçı olaraq davam edirəm”.

“Bu sənət incə yanaşma tələb edir”

14 ildir ki, bu sahədə çalışan Ruslan deyir ki, illər necə keçib heç özü də hiss etməyib. İşi ilə məşğul olanda ətraf, aləmi unudub, tam olaraq işinə fokuslanır: “Sizi inandırım ki, 14 il necə keçdi özüm də anlamadım. Çünki desertlərə o qədər həvəslə yanaşıram ki, ətraf, aləm yaddan çıxır. Bütün diqqətimi işə verirəm. Uzun müddətdir bu sənətdəyəm, işimi çox sevirəm. Həm sevirəm, hə də peşəkar yanaşıram. Bu, elə bir sahədir ki, təqdim etdiyin yemək və ya şirniyyat qüsursuz olmalıdır. Müştəriyə təqdim olunan məhsul möhtəşəm görünməlidir. Xüsusilə də şirniyyatlara həssas yanaşmaq lazımdır. Şirniyyat əvvəlcə gözə xitab edir, sonra mədəyə. Görüntüsü xoşunuza gəlməyən heç bir şirniyyatı yemək istəmərsiniz. Ona görə də hazırda şef şirniyyatçı kimi çalışsam da özüm hazırlamadığım şirniyyat müştərinin önünə getmədən mütləq şəkildə mənim nəzarətimdən keçir, son toxunuşları da edirəm, sonra müştəriyə təqdim olunur. Bu sənət incə yanaşma tələb edir.

“At getsin, yeniden başla”

Həmsöhbətimizdən işə yeni başladığı dönəmlərdə hansı səhvləri etdiyini və indi onun yanında yeni işə başlayanların eyni səhvləri edəndə hansı reaksiyanı verdiyini soruşuruq: “Təbii ki, bütün işlər yeni başladığınız dönəmlərdə səhvsiz ötüşmür. Mənim də səhvlərim olub. İlk vaxtlar çox ərzaq və desert yandırıb atmışam. Ümid edirəm, müdirlər oxumaz (gülür). Yandırmağı saymasaq, məncə, elə də ciddi səhvlərim olmayıb. Yeni başlayanların səhvinə reaksiyamı isə yanımda çalışanlar deyə bilər. Amma belə qısa deyim ki, ilk 10 saniyə deyinirəm, növbəti 10 saniyə izah edirəm. Ən sonda at getsin, yenidən başla deyirəm (gülür).

“Azərbaycanda xarici iş təcrübəsinə çox üstünlük verirlər”

Bir az da müsahibimizin işlədiyi yerlərdən danışaq. Ruslan ölkəmizdə kifayət qədər məşhur olan otel və restoranlarda çalışıb: “Həmin yerlər mənim inkişafıma ciddi təsir göstəriblər. Amma səmimi demək lazımdır ki, Azərbaycanda xarici iş təcrübəsinə çox üstünlük verirlər. Ona görə də xarici təcrübə qazanmağın da inkişafa yol açdığını düşünürəm”.

Xarici təcrübənin əhəmiyyətindən danışan Ruslandan niyə bu təcrübə üçün Qətəri seçdiyini soruşuruq: “Sözün düzü, Qətər ən son getmək istədiyim ölkələr arasında idi. Lakin ən yaxşı maaş və şərait təklifini verən, istəklərimi qarşılayan ölkə bura oldu və ona görə də hazırda Qətədəyəm. Görünən odur ki, mən də onların seçim şərtlərinə uyğunam. Çünki bu işə seçilmək elə də asan olmadı. İşəgötürən tərəflə bir neçə dəfə onlayn görüşümüz oldu. Müəyyən sual-cavablardan sonra dəvət gəldi”.

Ruslan deyir ki, xaricdə işləmək üçün ingilis dili biliyi mütləqdir: “Mən ali təhsil almasam da, öz üzərimdə daim çalışmışam. Bilirdim ki, xaricdə iş təcrübəsi üçün ingilis dili əsas şərtdir. Ona görə müəyyən səviyyədə bu dili öyrənmişəm. Onlayn görüşlər ingilis dilində olurdu. Amma Qətərdəki ingilis dili bir az fərqlidir, daha çox Hindistan və Pakistan ləhcəsindədir. İşlədiyim yerdə 37 ölkədən işçi var. Hamısı fərqli düşüncəyə, psixologiyaya, mədəniyyətə, davranışa sahibdir. Amma hamımız ingilis dilində danışmağa çalışırıq və ya bir-birimizi necəsə başa düşürük (gülür).

“Bəylər bu mövzuda xanımların zövqünə güvənir”

Məncə, işdən bu qədər danışdıq bəsdir, bir az da şirniyyatlardan danışaq. Sosial media profillərinizdə paylaşdığınız şirniyyat şəkilləri həqiqətən həm iştahaçıcı, həm də gözoxşayandır: “Həmişə standartdan qaçmışam. Öncədən plan qurub desert bəzəmirəm. Bəzədikcə yeni ideya gəlir və tətbiq edirəm. Nəticələri isə göz önündədir”.

“Neçə ildir ki, bu sənətdəsiniz, müşahidə etmisinizmi xanımlar hansı şirniyyatları sevir, kişilər hansını?” deyə soruşuruq. Müsahibimiz deyir ki, xanımlar daha çox bəzəyə önəm verir:  “Gözəl görünürsə, dadlıdır deyirlər. Bəylər isə bu mövzuda xanımların zövqünə güvənir və seçimi onlara buraxırlar. Onu da deyim ki, ən çox pəhriz saxlayan da, ən çox desert yeyən də xanımlardır”.

Ruslan bildirir ki, şirniyyat çeşidinə görə ilk olaraq Fransa, sonra İtaliya fərqlənir. Bu ölkələr şirniyyatları ilə dünyaya meydan oxuyurlar.

Maraqlıdır, uzun müddətdir bu sahədə çalışan Ruslan yeni dadlar yaratmağı düşünürmü? “Mətbəx bir laboratoriyadır, müxtəlif dadları birləşdirib test etmək bu işin bir hissəsidir. Mən hər gün demək olar ki, nələrisə test edib, dadına baxıram. Ölkəmizdə işlədiyim dönəmlərdə də bir çox restoranda yeni dadlar yaratmışam və çox bəyənilib”.

Son olaraq gələcək planlarından danışan həmsöhbətim yenidən ölkəmizə qayıtmağı və öz şirniyyat mağazasını açıb, reseptinin yalnız ona aid olduğu desertləri satmağı düşünür.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir