SONY DSC

Qabla gələn tədrici ölüm – ARAŞDIRMA

Baxış sayı: 2. 170

Yüngüldür, istifadəsi rahatdı, hər ölçüdə, hər rəngdə var. İlk baxışdan cəlbedici görünür, deyilmi? Məişətdə geninə-boluna istifadə etdiyimiz plastik qablarda isti yemək də saxlayırıq, uşaqlarımıza məktəbə yemək, su da qoyuruq, uzaq səfərlərə, işə də götürürük, hələ qış üçün tədarük də görürük. Hər kəs plastiklərin sağlamlığa zərərli olduğunu bilir, amma istifadədən də yayınmır. Qabla gələn tədrici ölüm isə hər halda öz işini görür….

Azərbaycan MDB-də yeganə ölkədir ki…

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlamasında deyib ki, bir çox ölkələrdə artıq bu plastik qabların istifadəsindən imtina edilib, amma Azərbaycan MDB məkanında yeganə ölkədir ki, plastik qablaşdırmadan, plastik torbalardan hələ də istifadə edilir: “Plastik qablarda ərzaqların qablaşdırılması məhdudlaşdırılmalıdır. Baxmayaraq ki, həmin plastik qablar ərzaq malları üçün xüsusi hazırlanıb, müəyyən gigiyenik tələblərə cavab verir, lakin onlardan düzgün istifadə edilmir. Plastik qab onda çox təhlükəli sayılır ki, qabın üzərində gözə görünməyən çatlar, əzilmələr olsun”.

E. Hüseynovun sözlərinə görə, polimerlərdən hazırlanmış plastik qablar qızdırılanda onun tərkibindəki kimyəvi maddələr qidanın tərkibinə keçir və zəhərlənməyə yol açır: “Bu qablardan istifadə, onlarda yeməklərin qızdırılması, isti yeməklərin saxlanması zamanı insanlarda tədrici zəhərlənmə baş verir. İnsanlar bunu hiss etmirlər. Bu zaman ətrafa zəhərli “oflatoksin” adlanan zəhərli qaz yayır. Bir sözlə, məhsulun tərkibində zəhərli qaz varsa, ondan istifadədən imtina edilməlidir. Əhali bundan məlumatsız olduğu üçün ömürlərini qısaldan amili görmürlər”.

Birliyin sədri əlavə edib ki, marketlərdə alınan ərzaqların qablaşdırılması üçün hələ də plastik torbalardan istifadə edilir: “Bu torbaların üzərində olan reklam materialları müəyyən rənglərdən istifadə edilərək yazılıb. İstifadə olunan rəngin tərkibində ağır metallar, qurğuşunlar var. Bunlar da insanların əlləri ilə digər orqanlarına keçir və zəhərlənmə əmələ gətirir. Təklif edirəm ki, birmənalı şəkildə marketlərdə plastik torbaların verilməsinə son qoyulsun. MDB məkanında olduğu kimi çox nazik, rəngsiz torbalardan istifadə edilsin. Məsələn, Fransa və Braziliyada rəngsiz və pulla satılan torbalardan istifadə edilir. Bazarlarda plastik butulkalara yığılmış və üzərinə kimyəvi aktiv maddə əlavə edilmiş üzüm yarpaqları satılır. Bu, yolverilməzdir. Əhali ev şəraitində də plastik qablarda qışa yarpaq saxlayır. Halbuki, bu, çox təhlükəlidir və tədrici zəhərlənməyə səbəb olur.

Rayonlarda plastik qabların sonluğuna əmzik keçirib körpələrə süni qida verirlər. Buna da yol vermək olmaz.

Marketlərdə plastik su butulkaları günəşin altında saxlanılır, sonra əhaliyə satılır. Belə halda plastik qabın tərkibində olan kimyəvi zəhərli maddələr suya inteqrasiya etmiş olur”.

E. Hüseynovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən 4 ildən çoxdur ki, plastik qabların yığılıb yenidən emalı üçün ayrıca Komissiya yaradılıb: “Komissiya ilə sonuncu görüşdə də ərzaq məhsullarının plastik qablarda qablaşdırılmasının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırdıq,  ancaq çox təəssüf ki, bu istiqamətdə hər hansı bir iş görülməyib.

Plastik qablarda ərzaq məhsulu istifadə edildikdən sonra həmin qab yararsız hala salınıb atılmalıdır, ikinci dəfə istifadə etmək olmaz. Əhalidən plastik qabları  pulla alıb yenidən istehsala göndərən qurumlar var ki, buna son qoyulmalıdır”.

Plastik qablarda yemək isitmək, isti yeməklər saxlamaq olmaz

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, polimer materiallar yeyinti sahəsində geniş istifadə olunur: “Plastik qablardan istifadə edərkən bu polimerlərin gələcəkdə insan orqanizminə zərər verməməsi üçün ehtiyatlı olmaq lazımdır.  Bunun üçün də o məhsullar öncədən yoxlanıldıqdan sonra istehsalata buraxılmalıdır”.

İ. Abdullayevin sözlərinə görə, plastik qablarda qidaların saxlanılmasında temperatur rejiminə mütləq əməl etmək lazımdır: “Məsələn, adi uşaq butulkalarına qaynar su töksək görəcəyik ki, yumşalır. Bu yumşalma o dərəcəyə çata bilər ki, plastikin tərkibindəki toksiki maddələr qidanın tərkibinə keçər. Ona görə də bu məhsullar istifadə edilmədən əvvəl içərisində saxlanılacaq qida məhsullarının temperaturu nəzərə alınmalıdır. Qidanı hansı temperaturda qablaşdırmaq lazım olduğunu dəqiq bilmək lazımdır. Qidaları isti-isti, yüksək temperaturda plastik qablara qablaşdırmaq və uzun müddət saxlamaq düzgün deyil. Qaynar halda duru yeməkləri belə qablara tökmək olmaz. Ancaq bu qabların istiyə davamlı olan və divarları qalın növləri də var”.

Qurum rəsmisi deyib ki, Azərbaycanda əsasən plastik butulka materialları istehsal olunur, digər plastik materialların əksəriyyəti isə xaricdən gətirilir: “Elə plastik məhsullar var ki, bunlar da polikarbonatdan hazırlanır, çox möhkəmdir, az toksiki tərkibə malikdir və uzunmüddətli məhsulun tərkibini qorumağa qadirdir. Amma bütün hallarda bu məhsulların hamısı əvvəlcədən tərkibində istifadə edilən xammala uyğun müayinə olunur, müayinələrə əsasən də onların istifadəsinə yol verilir. Aşılayıcı və sirkə kimi məhsulların polietlien qablarda saxlanılması məqsədəuyğun deyil.

Azərbaycanda bu kimi bəzi məhsulların polietilen materiallarda saxlanılmasını qadağan etmişik. Çünki onlar getdikcə aşılanmaya yol açır. Plastik məhsul istehsalçısı materialın hansı xammaldan hazırlandığını və hansı məqsəd üçün istifadə edilə biləcəyini mütləq məhsulun üzərində qeyd etməlidir”.

Plastik qabın təhlükəsiz olub-olmadığını necə anlamaq olar?

Bəs biz əlimizdəki plastik qabın təhlükəsiz olub-olmadığını necə anlaya bilərik? Ekspertlər deyir ki, bunun üçün məhsulun üzərində növünü göstərən işarəyə baxmaq kifayətdir. Əgər plastik məhsulun üzərində bu işarələrdən birini görməsəniz, qidalarınızdan uzaq tutmanız məsləhətdir. Çünki hansı xammaldan emal olunduğu bilinmir.

Plastikdə sağlamlıq üçün ən təhlükəli olan amil Bisphenol A ( BPA) adlı maddədir. Bu maddə polikarbonatı çox sərt və şüşə kimi parlaq hala gətirmək üçün istifadə edilir. Araşdırmalar bu maddənin xərçəng riskini artırdığını göstərir. Əgər plastikin üzərində 7 rəqəmi varsa,  həm sərt, həm də parlaqdırsa, böyük ehtimalla BPA tərkibli polikarbonatdır. Bu cür plastikləri mətbəxdən uzaq tutun.

PETE və ya PET (Polyethylene Terephthalate) – qidaların saxlanılması üçün cəmi bir dəfə istifadədə təhlükəsizdir. Dondurulmamalı, qabyuyan maşında yuyulmamalı, mikrodalğalı sobada istifadə edilməməlidir. İçində olan qida maddələrinə hər hansı bir zərərli maddə sızdırmaz. Ancaq yaxşı təmizlənmədiyindən yenidən istifadə edildiyində zərərli bakteriyalar yaradır. Bu məhsulun təkrar istifadəsini tərgidin.

HDPE (High-Density Polyethylene) – qidalarla istifadənin etibarlı olduğu qəbul edilir. BPA tərkibli deyil. Qabyuyan maşında yuyula bilər, mikrodalğalı sobada istifadə edilə bilər.

V və ya PVC PVC (Polyvinyl Chloride) – qida saxlamaq üçün istifadə edilməməlidir. İçərisindəki zərərli maddələri qidalara sızdırır.

LDPE ( Low-Density Polyethylene) – qida saxlamaq üçün istifadə edilə, maşında yuyula, mikrodalğalı sobada istifadə oluna bilər.

PP və ya PE (Polietilen) – Ən etibarlı plastik növüdür. İçərisində saxladığınız qidalara sızdıra biləcək hər hansı bir zərərli maddə yoxdur. Qabyuyan maşında yuyula,  mikrodalğalı sobada istifadə edilə bilər.

PS (Polystyrene)-  Çay və qəhvə üçün istifadə edilən plastik stəkanlar, toyuq məhsullarının qablaşdırıldığı sarı qablar bu plastikdən hazırlanıb. “Benzen” deyilən bir maddədən emal edilir. “Benzen” insan üçün kanserogen maddə sayılır. Mətbəxdən qətiyyətlə uzaq tutun.

7 nömrəli plastiklər – müəyyən bir plastik növünə aid deyil. İlk 6 növdən başqa yerdə qalan bütün plastiklər 7 nömrə altında qeyd edilir. BPA adlı zərərli maddə tərkiblidir. Plastik məhsul şüşə kimi parlaq və sərtdirsə, bu, BPA tərkibli olduğunu göstərir.

Xərçəng riski! – BPA-nın zərərləri nədir?

BPA hormon sistemini pozan bir maddədir. Qadın seks tiroid hormonlarının təsirini azaldır. BPA-dan istifadə edilməkdə istehsal olan fabriklərdə çalışan kişilərdə cinsi istəksizlik problemi olur.

Öyrənmə qabiliyyətini çətinləşdirir.

Piylənmə, şəkər, astma, ürək-damar xəstəlikləri və qaraciyər fəsadı yaradır. Qadınlarda süd vəzi, kişilərdə prostat xərçəngi riskini artırır.

Bundan başqa, restoranlarda plastik qablarda servis edilən yeməklərə, içkilərə və mikrodalğalı sobada isidilən plastik qablardakı yeməklərə “dioksin” maddəsi bulaşır. “Dioksin” bir dəfə bədənə girdisə, bayıra atılmaz. Buna görə heç doğuş etməmiş qadınlarda döş xərçəngi riski yüksək olur. Ana körpəsini əmizdirərkən xəbərsiz olaraq dioksini körpəsinə ötürür.

Mütəxəssislərin fikrincə, əslində bu plastik qablar heç istifadə edilməməlidir. Polimer istiyə məruz qaldığında  monimerlərlə ayrılır ki, bunlar da çox təhlükəli kanserogen maddələrdir.

“Çörəyi polietilen torbalarda qoymaq belə qadağan olunub”

Polimer Materialları İnstitutunun Elmi İşlər üzrə müavini, AMEA-nın müxbir üzvü Valeh Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, plastik qabların təhlükəli olub-olmadığı onun hansı xammaldan hazırlandığından asılıdır: “İnkişaf etmiş ölkələrdə artıq çörəyi polietilen sellofanlarda qoymaq belə qadağan olunub. Ümumiyyətlə, sintetik polimerlərin insan orqanizminə az və ya çox təsiri var. Ona görə əhaliyə “100% təhlükəsizdir, rahatlıqla istifadə etmək olar, narahat olmayın” demək düzgün olmaz. Polimer məhsulun hansı xammaldan alındığını bilmək mütləqdir. Məsələn, polietilendən, polipropilendən əldə olan plastik qablar digər qablara nisbətən az ziyanlıdır. Ancaq elə şeylər var ki, onu biz bilmirik. Məsələn, valideynlər xaricdən gətirilən plastik oyuncaqları körpə uşaqlara oynamağa verirlər. Təhlükəlidir”.

V.Cəfərov bildirib ki, Azərbaycanda plastik qabların istehsalı ilə məşğul olacaq iri zavodlar yoxdur: “ Sadəcə xırda sexlər bu qabların istehsalı ilə məşğul olur. Bu sexlərdə istehsal olunan məhsulların bir qorxulu tərəfi var ki, işlənmiş materialdan yenisini istehsal edirlər. Polimer tullantıları atılandan sonra nə əriyir, nə çürüyür, nə də yox olur, yığılıb qalır. Bu sexlər də həmin tullantıları yenidən emal edirlər, ancaq həmin məhsulun üzərinə mütləq “ Ancaq texniki məqsədlər üçün istifadə edilməlidir!” qeydi yazılmalıdır. Çünki yenidən emal olunan həmin plastik məhsulu su qabı, çörək sellofanı kimi istifadə etmək olmaz, qadağandır”.

V.Cəfərovun sözlərinə görə, polimerlərin məişətdə qidaların saxlanılması məqsədi ilə istifadə olunmasına müəyyən sərhəd qoymaq lazımdır: “Tərkibində xlorlu, azotlu birləşmələr olan plastik qablar var ki, onlar istiyə məruz qalanda daxildə kimyəvi reaksiyalar gedir. Ehtiyatlı olmaq  və əvvəlcədən bu polimer məhsulun texnologiyaya uyğun hazırlanıb hazırlanmadığını, hansı xammaldan əldə olunduğunu dəqiqləşdirmək lazımdır. Hər şeyin qədəri var. Qabların üzərində mütləq mənşəyi qeyd olunmalıdır”.

Plastik qablar hansı standartlara cavab verməlidir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, yeməklərin saxlanması və daşınması üçün məişətdə istifadə edilən plastik kütlədən hazırlanan məmulatlar (polimer tara) əsasən İran, Çin, Türkiyə və Polşa Respublikalarından idxal edilir.

Azərbaycan Respublikasının ərazisində “Bakı Tələbat Qabları” ASC yeyinti məhsullarının saxlanması və daşınması üçün plastik kütlədən hazırlanan məmulatların (polimer tara)istehsalı ilə məşğuldur. Həmçinin daha bir müəssisə tərəfindən plastik qablar və stəkanların istehsalı ilə bağlı sertifikatlaşdırma orqanından uyğunluq sertifikatı alıb.

Məlumatda qeyd olunur ki, yeməklərin saxlanması və daşınması üçün məişətdə istifadə edilən plastik kütlədən hazırlanan məmulatların istehsalı AZS 333-2009 “Yeyinti məhsullarının qablaşdırılması üçün polimer istehlak tarası” milli standartı ilə tənzimlənir. Bu standart yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan, polimer materiallardan hazırlanan istehlak tarasına (butulka, qutu, stəkan və s.) şamil edilir. Standarta əsasən temperaturu -15 dərəcə olan hava kamerasında 2 saat ərzində saxlandıqdan sonra qab deformasiya və çat verməməlidir, mexaniki xassələrini saxlamalıdır.

Qablar 1 faizli sirkə turşusu məhlulunun təsirinə davamlı olmalıdır.

Qabların istehsalında təkrar xammalın istifadəsinə icazə verilmir.

Standarta əsasən, qida məhsulları ilə kontaktda olan məmulatların istehsalında tətbiqinə icazə verilən aşağıdakı polimer materiallardan istifadə edilir:

QOST 16337 üzrə yüksək təzyiqli polietilen; QOST 16338 üzrə aşağı təzyiqli polietilen; QOST 26996 üzrə polipropilen və propilen sopolimerləri;

QOST 20282 üzrə ümumi təyinatlı polistrol;

QOST 28250 üzrə zərbəyədavamlı polistrol;

QOST R 51695 üzrə polietilentereftalat.

Standartın təhlükəsizlik tələblərində qeyd olunur ki, polietilen, polipropilen, polistrol, polietilentereftalat və digər polimer materiallardan hazırlanan taradan otaq temperaturunda toksiki maddələr ayrılmır və bilavasitə kontakt zamanı insan orqanizminə zərərli təsir göstərmir.

Komitədən bildirilib ki, yeməklərin saxlanması və daşınması üçün məişətdə istifadə edilən plastik kütlədən hazırlanan məmulatlarla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə indiyə qədər şikayət daxil olmayıb.

AZS 333-2009 “Yeyinti məhsullarının qablaşdırılması üçün polimer istehlak tarası” milli standartına əsasən yeməklərin saxlanması və daşınması üçün məişətdə istifadə edilən plastik kütlənin (polimer taranın) tətbiqinin təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən aparılan ekspertiza ilə təmin edilməlidir. Plastik qabların təhlükəli olmasını orqanoleptik nəzarət və sınaqlar nəticəsində müəyyənləşdirmək olar.

(70±5) °C

İqtisadiyyat Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda müxtəlif növ qablaşdırma məhsulları istehsal edilir. Yerli müəssisələrdə plastik polimer istehlak taralarından başqa kağız, taxta, karton və digər məmulatlardan hazırlanan qablar istehlakçılara təklif edilir. Qablaşdırma məhsullarının keyfiyyət və təhlükəsizlik baxımından mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahədə fəaliyyət göstərən istehsal müəssisələrində qabaqcıl texnologiyalar tətbiq edilir. Məlumatda deyilir ki, polimer istehlak tarasının istehsalı xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə aid deyil. Sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən və (ya) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alındıqdan sonra polimer istehlak tarasının istehsalı ilə məşğul ola bilərlər.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı qeyri-qanuni olaraq polimer istehlak tarası istehsalı ilə məşğul olan təsərrüfat subyektləri, eləcə də keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən polimer istehlak taraları aşkar edilməyib.

Yeyinti məhsullarının, dərman vasitələrinin, parfümeriya-kosmetikanın, məişət kimyası mallarının, lakrəngləyici materialların, eləcə də texniki yağların və sürtgü yağlarının qablaşdırılması üçün istifadə edilən polimer istehlakçı tarasına qoyulan tələblər qanunvericiliklə müəyyən edilib. Bundan başqa normativ texniki sənədlərdə “Polimer istehlakçı tarası. Ümumi texniki şərtlər” standartı ilə, yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan, polimer materiallardan hazırlanan istehlak tarasına (butulka, qutu, stəkan) qoyulan tələblər müəyyən olunub. Qeyd olunmuş standartlara əsasən, istehlakçı tarasının istehsalında polietilen tereftalat, yüksək və aşağı təzyiqli polietilen, polivinilxlorid, polipropilen, polistirol və digər kombinə olunmuş polimer materiallardan istifadə edilə bilər. O cümlədən yeyinti məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş istehlak tarasının istehsalında yüksək və aşağı təzyiqli polietilen, polipropilen və propilen sopolimerləri, ümumi təyinatlı polistirol, zərbəyədavamlı polistirol, polietilentereftelat polimer materialların istifadəsinə yol verilir.

Polimer materiallardan hazırlanan istehlak tarası temperaturu (70±5) °C olan suyun təsirindən deformasiya olmamalı, xarici görünüşünü qoruyub saxlamalıdır. Temperaturu (mənfi 25±2) °C və (40±3)°C olan hava kameralarında 2 saat ərzində saxlandıqda tara çat verməməli, deformasiyaya uğramamalı, xarici görünüşünü, rəngini, ölçülərini və mexaniki xassələrini qoruyub saxlamalıdır. Kimyəvi malların, o cümlədən məişət kimyası və kosmetik vasitələrin qablaşdırılması üçün istifadə edilən polimer istehlakçı tarası qablaşdırılan məhsula qarşı davamlı olmalıdır. Polimer materiallardan hazırlanan taradan otaq temperaturunda toksiki maddələr ayrılmır və bilavasitə təmas zamanı insan orqanizminə zərərli təsir göstərmir.

Nələrə diqqət etmək lazımdır?

Plastik qablarda evə alınan sular tez bir zamanda mütləq ayrı qaba boşaldılmalıdır. Bu plastik qablar günəşin altında saxlanılmamalıdır.

Plastik su qablarını buzluğa qoymaq, dondurmaq olmaz. Donduranda plastik içərisindəki dioksini açığa çıxarır. Bu maddə də xərçəngə, xüsusilə döş xərçənginə yol açır.

Avtomobildə saxlanılan plastik şüşələrdən su içmək olmaz.

Şüşə uşaq butulkalarına (biberon) üstünlük verilməlidir. İsti, qaynar südü və ya suyu yeməkləri plastik biberonlara boşaltmaq olmaz.

Plastik qablar mikrodalğalı sobada qızdırılmamalı, yeməklər polikarbonat qablarda isidilməməlidir. Bu qablara isti yeməklər tökmək olmaz. (Lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir