su

Qablaşdırılmış su alarkən nələrə diqqət yetirmək lazımdır?

Baxış sayı: 402

Su – insan orqanizminin normal fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Gündəlik müəyyən miqdarda su qəbulunun bütün yaş qruplarından olan insanlar üçün mühüm önəmi var. Çünki orqanizmin optimal fəaliyyətini təmin etmək üçün bədəndə maye balansını qorumaq vacibdir. Əks təqdirdə, əzələ zəifliyi, yorğunluq kimi problemlər baş qaldıra bilər. Orqanizmdə su çatışmazlığı yaranarsa, bu insanın fiziki fəaliyyətlə məşğul olma qabiliyyətini poza, böyrək və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər. Hədsiz su itkisi başağrısı, başgicəllənməsi və ya həzm problemlərinə də yol açır.

Bu simptomları aradan qaldırmaq üçün yenidən müəyyən miqdarda su qəbulu kifayət edir, ancaq içilən suyun keyfiyyəti də nəzərə alınmalıdır.

İstehlak edilən suyun tərkibində Ca, Na, K, Cl, Mg, Fe, Zn, Cu, Cr, I, Co, Mo və Se kimi elementlərin olması orqanizm üçün vacibdir. Ümumilikdə, içməli su ilə birlikdə orqanizmin daha çox aldığı mikroelementlər kalsium və maqneziumdur. Tələb olunan gündəlik su qəbulu ilə bədən bu elementlərin 20 %-nə qədərini təmin edə bilər.

Suyun pH göstəricisi də onun keyfiyyətini müəyyən edə bilmək üçün mühüm ölçü vahidi sayılır. İçməli suyun təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Suyun optimal pH göstəricisi 6.5-8.5 arasında dəyişir. Bu, dəyişiklik suyun tərkibi və paylama sistemində istifadə olunan materialların (boruların) xüsusiyyətindən asılıdır. Həmin göstəricinin aşağı olması (pH 7 və ya daha az) orqanizmə aşındırıcı təsir göstərə bilər.

Plastik materiallardan hazırlanmış qablaşdırma məmulatlarının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət birbaşa təmasda olduqda onlardan suyun və ya qidanın tərkibinə zərərli maddələrin keçməsi mümkündür. Odur ki, hər bir istehlakçı su alarkən qablaşdırmanın üzərindəki işarələrə diqqət yetirməlidir.

Su və qida məhsullarının qablaşdırılmasında istifadə olunan bəzi materialların təkrar istifadəsi qadağandır:

– PETE – Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik butulkalardır. Təkrar istifadəsi zamanı onların içərisindəki mayeyə ağır kimyəvi maddələr qarışa bilər.

– HDP və ya HDPE – Bu plastik demək olar ki, heç bir zərərli maddə yaymır. Suyu məhz bu plastik qablarda almaq məsləhət görülür.

– PVC və ya V – Bu materialdan hazırlanan qabdan azı 2 təhlükəli kimyəvi maddə ayrılır. Həmin maddələr orqanizmin hormonal balansına mənfi təsir göstərir.

– LDPE – Həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Yalnız su konteynerləri üçün təhlükəsiz sayılır, bu materialdan hazırlanmış qablarda ərzaq məhsulu almaq məsləhət görülmür.

– PP – Qatıq və digər süd məhsullarının qablaşdırılmasında istifadə edilir. İsidilən zaman ərimir və demək olar ki, təhlükəsizdir.

– PS – Kofe stəkanları və fastfud konteynerlərinin hazırlanmasında istifadə olunur. Yalnız isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.

– PC və ya xüsusi işarələri olmayan plastiklər – Plastikin ən təhlükəli növüdür. Belə plastik qablarda su və ərzaq məhsulu almaq tövsiyə olunmur.

Bundan başqa, məhsulun etiketində istehsal tarixi və yararlılıq müddəti, saxlanma şəraiti, qablaşdırılma yeri, mineral tərkibi, pH (mühit) göstəricisi, duzların ümumi miqdarı kimi bir çox məlumatlar da öz əksini tapmalıdır.

Məhsulun etiketində qeyd edilmiş markanın adı ilə qapağın üzərindəki ad eyni olmalıdır. Qapağın möhkəm bağlanıb-bağlanmamasına da xüsusi diqqət etmək lazımdır.

İstənilən qida məhsulu kimi, qablaşdırılmış sular da düzgün temperaturda və şəraitdə (sərin, təmiz, quru və qoxusuz yerdə) saxlanılmalıdır, günəşlə təmasa və istiliyə məruz qalmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir