su

Qablaşdırılmış su alarkən nəyə diqqət etməliyik?

Baxış sayı: 170

İçməli su problemindən çox yazmışıq, çox demişik. Əhali bu problemdən həmişə əziyyət çəkib. Bu səbəbdən də daha çox mağazalarda qablaşdırılmış şəkildə satılan 10-20 litrlik sulara üstünlük veririk. Amma bu suların necə istehsal olunduğu, hansı şəraitdə saxlanmasına o qədər də əhəmiyyət vermirik.
Su mühəndisi Əsgər Nəsiblinin sözlərinə görə, son dövrlərdə  saxta su istehsal edən firmaların sayı günbəgün artmaqdadır.  Bununla yanaşı su istehsal edən bir çox firmalar eyni qablardan dəfələrlə istifadə edirlər. “Onlar qabların içini təkrarən kimyəvi maddələrlə təmizləməyə çalışsalar da, buna  tam nail olmaq mümkün deyil. Bu da istehlakçıda sonradan bir çox sağlamlıq problemlərinin yaranmasına gətirib çıxarır”.

Müsahibimiz bildirir ki, bir qabdan 65 dəfə istifadə etmək olar. Sonra plastik qab köhnəlir və tərkibindəki zərərli maddələri suya buraxmağa başlayır. Buna görə də qablaşdırılmış su istifadə etmək və ya qabda suyu günlərlə saxlamaq sağlamlıq üçün təhlükəlidir. “Su alındıqdan və ağzı açıldıqdan sonra 15 saat müddətində istifadə edilməlidir. Ancaq bizdə mağazalarda su aylarla qalır. Bütün bunlarla yanaşı suları istifadə etdikdən sonra qabları atırıq. Müxtəlif zibilliklərdə qalan bu qablar sonra bəzi sexlər tərəfinfən yığılır və kifayət qədər təmizlənmədən yenidən doldurularaq satışa çıxarılır. Bu da müəyyən xəstəliklərin yayılmasına səbəb olur”,-deyən Nəsibli əhalini qablaşdırılmış su alan zaman ən azından tanınmış firmaların məhsullarına üstünlük verməyə çağırır.

Dediyinə görə, qablaşdırılan sular günəş və hava ilə təmasda olduğu zaman ağır xəstəliklərə səbəb olan mikrobların yaranmasına yol açır. Onun bildirdiyinə görə, ən təmiz su şüşə qabda saxlanılan sudur. “Buna görə də, qabda su aldığınız zaman istifadə etdiyiniz müddətdə şüşə qablarda saxlayın”.
Bəs qablaşdırılmış su alan zaman nəyə fikir vermək lazımdır? Ə.Nəsiblinin sözlərinə görə, plastik qablarda su alan zaman  birinci növbədə qaba fikir vermək lazımdır. Plastik qab  təmiz, şəffaf və yeni olmalıdır. Su bulanıq olmamalı, içində yosun və üzən parçacıqlar olmamalıdır.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, həyatda hər şeydən çox istifadə edildiyi zaman o, öz fəsadını  göstərir: “İndiki dövrdə hər şey zərərlidir, hətta su da. Bəzən üzərində vitamin və minerallarla zəngin olduğu qeyd edilən suyun insan orqanizmi üçün nə qədər zərərli olduğu sonradan məlum olur. “Təəssüf olsun ki, hazırda suyu belə saxtalaşdırırlar. Bəzən adi krant suyunu, quyu suyunu mineral su adı ilə satırlar”.

Müsahibimiz deyir ki, əgər dünyada hər kəs təmiz su içsəydi,  nə bir xəstəlik mövcud olardı, nə də peyvəndlərə, dərmanlara ehtiyac qalardı. “Buna görə də insanlar təmiz su içmək üçün krant suyuna deyil, qablaşdırılmış sulara üstünlük verir. Amma qablaşdırılan suyun tərkibini, keyfiyyətini və zərərlərini bilmirik”.

Həkimin dediyinə görə, su qaynadıldığı zaman içində olan kalsium, maqnezium və karbonat əhəngə çevrilir və mineral tərkibini itirir. “İnsan orqanizminin 70 faizi sudur. Tərlə və nəfəslə gün ərzində 2 litrə yaxın su itiririk. Bunun yarım litri qəbul etdiyimiz qidalardan alına bilər. Amma gün ərzində mütləq ən azı 1,5 litr su içmək lazımdır”.

Su İstehlakçıları Birliyinin sədri Dövlət Məmmədovun sözlərinə görə, Azərbaycanda istehsal olunan suyun tərkibi çox yüksəkdir. Ölkənin regionlarında su zavodları Sovet hökumətinin dövründə tikilsə də, müasir avadanlıqlarla tam təmin olunub və keyfiyyətli su istehsal edirlər. “Hazırda Naxçıvan Muxtar Respublikasında, Gədəbəydə, Qazaxda, Qəbələdə, Qaxda və başqa yerlərdə su istehsalı müəssisələrində istehsal olunan sular Bakı və Sumqayıt kimi böyük şəhərlərə gətirilərək əhaliyə çatdırılır. Bu zavodlarda istehsal olunan suların keyfiyyəti Azərbaycana başqa ölkələrdən gələn suların keyfiyyətindən daha yüksəkdir. Regionlarda istehsal olunan yerli sular təkcə daxili tələbatı ödəmir. Bu gün regionlardakı su zavodlarımız Ərəb ölkələrinə, Qətərə, Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkiyəyə və başqa ölkələrə su satır. Yerli məhsullarımız  həmin ölkələrdə yüksək alıcılıq qabiliyyətinə malikdir”.
Onun sözlərinə görə, Azərbaycanda su istehsalının yüksək səviyyədə olmasına baxmayaraq, digər ölkələrdən – Rusiyadan, Gürcüstandan, Ukraynadan, Fransadan, Almaniyadan su gətirilir: “Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir.  Gürcüstandan ölkəyə gətirilən sular gizli sexlərdə qablaşdırılır. Bu suların tərkibində alüminiumun miqdarı yüksəkdir. Bu da insan orqanizminə çox ziyandır, hətta böyrəklərdə daş əmələ gətirmə təhlükəsi də yaradır. Rusiya istehsalı olduğu iddia edilən bəzi suların keyfiyyətsiz olduğu müəyyənləşib”.
Məmmədovun bildirdiyinə görə, ölkəyə gətirilən sular istənilən səviyyədə yoxlanılmır, birbaşa ticarət obyektlərinə paylanılır. Bu da, təbii ki, istehlakçıların sağlamlığı üçün zərərlidir.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir