ev isleri

Qadın ev işlərini görməyə məcburdurmu?!

Baxış sayı: 1. 388

“Ailədə ikimiz də – mən də, həyat yoldaşım da işləyir. Bəzən elə eyni vaxtda evə qayıdırıq. Mən nə qədər yorğun olsam da, gərək dincəlmədən dərhal işə başlayım, süfrə düzəldim, ərimə çay verim. Evdə olan xörəyi bəyənməyəndə isə nə qədər yorğun olsam da, onun üçün təzədən xörək bişirməli oluram“.

 

Qadın niyə yemək bişirməlidir?  

Yəqin düşünəcəksiniz ki, məişətdə baş verən adi bir hadisədən niyə söz açıram. Qadının ev təmizləməsi, yemək bişirməsində qəribə heç nə yoxdur, bu işləri görmək onun borcudur. Amma həmsöhbətim Aynur belə hesab etmir. Soruşur ki, axı hansı qanunda yazılıb ki, mütləq qadın bu işləri görməlidir? “Bir də görürsən ki, ərim oturub və ayağa qalxıb 3 addım atıb, duzu götürməyə ərinir. Əvəzində məni paltar yuduğum halda hamamdan çağırtdırır. Bu tipli yüzlərlə misal çəkərəm. Hərdən bezəndə onunla mübahisə edirəm ki, niyə bu işi mən görməliyəm? Niyə qadın xəstə olsa da, yorğun olsa da, əhvalı olmasa belə ev işlərini görməlidir, xörək bişirməlidir?”.

Belə mübahisələrdə Aynurun həyat yoldaşı heç bir tutarlı səbəb tapmadan yalnız bir arqument gətirir – qayda belədir, mentalitet bunu tələb edir.   İxtisasca hüquqşünas olan Aynur Talıbova onlarla insana, daha çox da qadınlara hüquqlarının müdafiəsində yardımçı olur. Amma deyir ki, hər gün evdə özünün elementar hüquqları pozulur və buna qarşı necə mübarizə aparacağını bilmir: “Bu barədə nə qədər söhbət etmişik. Həyat yoldaşım da ali təhsillidir, müasir insandır. Demək olmaz ki, geridə qalmış təfəkkürə malikdir. Amma məhz bu məsələdə mənim haqlı olduğumu heç cür etiraf etmir. Deyir ki, belə şeyi qəbul edə bilməz. O, elə fikirləşir ki, kişi nə qədər bekar olsa da, ev işlərinin ağırlığı altında çapalayan xanımına əl uzada bilməz. Çünki bu, kişi işi deyil”.

 ev isleri

Kişi nə iş görməlidir, qadın nə?  

Əslində, qanunlarımız “kişi və qadın işi” kimi hansısa peşə və ya ixtisasa fərq qoymur. “Gender bərabərliyi haqqında” qanuna görə, hətta hər hansı işə girəndə şəxsə məhz qadın, ya da kişi olduğuna görə etiraz edilməsi qanun pozuntusu sayılır və buna görə işə götürənlər məsuliyyət daşıyırlar.

 

Mentalitet niyə ev işlərini qadının üstünə atır?  

Mentalitetə gəlincə, nəyə görəsə Azərbaycan ailələrində belə bir fikir kök salıb ki, qadın mütləq ev işləri ilə məşğul olmalıdır. Amma zəmanə dəyişdikcə, baxışlar da müasirləşir. Artıq çoxları etiraf edir ki, həmin fikir qədim dövrlərdə  – kişilərin pul dalınca qaçdığı, qadınların isə evdə oturduğu vaxtlara daha çox uyğun gəlirdi. Təbii, evdə oturan adamın onun səliqə-sahmanına riayət etməsi daha ağlabatan olardı.   İndi isə Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə qadınlar da özəl və dövlət müəssisələrində çalışır, evə çörəkpulu gətirirlər. Onlar da güclü cins nümayəndələri kimi səhər evdən çıxıb axşam əzgin, yorğun halda öz ocaqlarına qayıdırlar. Buna baxmayaraq, əksər xanımlar evdə də dincələ bilmirlər: müəllimələr tələbə hazırlaşdırır, həkimlər xəstə qəbul edir, tibb bacıları iynə vurur, dizaynerlər eskizlər hazırlayır və s.  Belə olan təqdirdə, qadınların artıq ikiqat deyil, hətta üçqat yüklənməsi, bundan sonra da kişinin evə gəlib xörəyin bir qədər duzlu olması, çayın yaxşı dəm almamasına görə söz-söhbət salması ən azından haqsız görünür.

 

Evdar qadın 138095 dollar maaş almalıdır

Ev xanımlarının hüquqları hətta ən demokratik və müasir ölkə kimi tanınan Amerikada da pozulur. Amerikanın Salary.com Inc. tədqiqat mərkəzinin ekspertlərinin hesablamalarına görə, əgər evdar qadınların əməyi pulla ödənilsəydi, o zaman onların maaşı səylə çalışan ərlərinin əmək haqqından xeyli yüksək olardı. Çünki evdar qadın həftənin 91 saatını işləyir və eyni vaxtda müxtəlif işlər görür – ev yığışdırır, xörək bişirir, uşaqların dərsləri, tərbiyəsi ilə məşğul olur və s. Amerikalı ekspertlər evdar qadının gördüyü 10 peşənin maaşını hesablayıblar və maraqlı qənaətə gəliblər. Onlar dəqiqləşdiriblər ki, ev qulluqçusu, aşbaz, uşaq tərbiyəçisi, paltaryuyan, sürücü, texniki assistent, süpürgəçi, kompüter operatoru, baş direktor və psixoloq peşəsinin öhdəsindən gələn qadınlar bunun müqabilində ildə 138 mimin 95 dollar maaş ala bilərlər. Bu göstərici ötən illə müqayisədə 3 faiz artıb…

Image result for çingiz qənizadə

“Kişi paltar yumamalıdır”

Hüquq müdafiəçisi Çingiz Qənizadə bu qənaətdədir ki, işləyən qadının üzərinə çox yük düşür: “Qadın işdən tələsik evə gəlir, iş-güc görür, ərinə, uşaqlara qulluq edir. Təbii ki, qadın daha çox fiziki və mənəvi əziyyət çəkir. Bu əziyyətlər zaman-zaman qadının vaxtından tez qocalmasına, səhhətində problemlərin yaranmasına gətirib çıxarır. Mən onun tərəfdarı deyiləm ki, kişi evdə paltar yusun, ev süpürsün. Amma qadının əziyyətinin azaldılması üçün nə isə tədbir görməlidir”.

 

İslama görəsə – kişi qadının xidmətçisi olmalıdır  

Maraqlısı odur ki, çoxlarının gerilik kimi qiymətləndirdiyi İslam dinində bu məsələlərə tamamilə fərqli baxış var. Dini ekspert Mircəfər Əyyubov deyir ki, İslama görə qadının istəyi olmadan kəsilən kəbin batildir. Əgər ata qızını zorla kiməsə ərə verərsə (indi Azərbaycanda hər gün belə halların şahidi olmaq mümkündür) onda həmin evlilik qanuni sayılmır, bu əlaqə zina kimi qiymətləndirilir.

Ekspert iddia edir ki, indi İslamın qaydaları ilə Azərbaycandakı adət-ənənələr qarışıq salınır. Çox vaxt kişilər öz rahatlığı üçün dini bəhanə gətirirlər. Halbuki, İslam qadınlara çox geniş hüquqlar verir: “İslama görə, kişinin haqqı yoxdur qadından paltar yumağı, yemək bişirməyi tələb etsin. Əksinə, kişi qadının xidmətçisi olmalıdır – onun ruzisini qazanmalıdır, qayğısına qalmalıdır. Hətta doğulan uşaq üçün də sonradan məsuliyyəti kişi daşıyır. Qadın körpəyə süd verdiyi üçün ərindən pul tələb edə bilər. Bu, onun haqqıdır. Qadının borcu deyil körpəni tək saxlasın. O, ərindən dayə tutulmasını istəyə bilər”.

 ev isleri

İslam qadına daha çox hüquq verir  

Müasir hüquqa nisbətdə İslam qadına boşanan zaman daha böyük hüquqlar verir. İndiki nikah müqaviləsini – qədimdə mehriyyə tələbini misal çəkmək olar. Mircəfər Əyyubovun sözlərinə görə, qadın ailə qurarkən kişinin qarşısında şərt qoya, yüksək məbləğdə mehriyyə (boşananda qadına ödənilən məbləğ) tələb edə bilər: “Dəfələrlə elə olur ki, evlənən zaman qadınlara mehriyyə tələbi qoymağı təklif eXi1J!Pa} xanımlar romantik hisslərə üstünlük verirlər, heç nə istəmirlər. Axırda özümüz məcbur olub hansısa simvolik rəqəm yazırıq. Bir də görürsən hansısa xarici vətəndaş gəlib burda ailə quranda yüksək məbləğli mehriyyəyə razı olur. Amma bizim qadınlar bunu istəmirlər. İslama görə qadın hətta kişinin icazəsi olmadan da ondan boşana bilər. Allah-təalanın ən nifrət etdiyi halal iş qadınla kişinin boşanmasıdır. Amma buna maneçilik törətmək də düzgün deyil. İslamda qadın həmişə möhtərəmdir. İstər dul olsun, istər bakirə, istərsə də 5 dəfə ərə getmiş olsun. Amma bizim cəmiyyətdə qadın bir dəfə ərə gedib boşandısa, vəssalam, ona pis yanaşırlar”.   Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə bu məsələlərdə İslam tələblərinə əhəmiyyət verilmədiyindən təəssüflənir: “Heyf ki, evlənəndə İslamı qabağa çəkirlər, guya din azyaşlı qızların ərə verilməsinə icazə verir. Amma boşananda qadını heç nəsiz buraxırlar, uşaqların taleyi ilə maraqlanmırlar. Təəssüf ki, bu gün kişilər islamın özlərinə sərf edən tərəfindən yararlanırlar. Özlərinə sərf etməyən məsələlərin isə İslamda yazılmasını unudurlar”.

 ev isleri

Kişi bazarlıq eləsin, qadın ev yığışdırsın  

Səhərdən axşama kimi dayanmadan işləyən qadın nə etməlidir? Axı onun da gündə heç olmasa 1 saat dincəlməyə haqqı çatır. Hər gün əri tərəfindən hüquqları pozulan qadın bu vəziyyətdən necə çıxış yolu əldə etməlidir?  Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı kişinin yaxasına önlük bağlayıb, mətbəxdə qab yuyub, paltar ütüləməsinin tərəfdarı deyil. Amma… “Əgər həm kişi, həm də qadın eyni saatda evdən çıxıb, axşam da eyni vaxtda evə gəlirlərsə, onda işləri bölüşdürməlidirlər. Məsələn, bazarlığı, işıq, qaz və s. bu kimi sahələrdə yaranan problemləri kişi həll edə, ev işlərini isə qadın görə bilər”.

Aynur xanım deyir ki, Azərbaycan türk kişilərində ev işləri görmək ənənəsi yoxdur və yaxın illərdə formalaşacağı da gözlənilmir: “Amma çox maraqlıdır ki, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizdə qadına yüksək münasibət var. Mən dəfələrlə xarici ölkələrdə cənublu soydaşlarımızın evində qonaq olmuşam. Təsəvvür eləyin, evdə qadın əyləşib, qonaqlara evin kişisi qulluq edir. Görün, qadına necə yüksək münasibət bəsləyirlər?! Sadəcə olaraq, biz buna alışmamışıq”.   Yeri gəlmişkən, qonşu Rusiyada çoxuşaqlı evdar qadınlara maaş verilməsi haqda qanun layihəsi hazırlanır. Maaşın məbləği hələ müəyyənləşdirilməyib. Bu layihə qüvvəyə minəndən sonra evdar qadınların əmək stajı da hesablanacaq. Onlar hər ay əmək haqlarından Təqaüd Fonduna da pul köçürəcəklər…

 

Ülviyyə Sabirqızı  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir