Qadina zorakiliq

Qadın hüququ qadın həyatı qədər qiymətlidir – zorakılıq və qətllər o vaxt durdurula bilər ki…

Baxış sayı: 566

Qadınlara qarşı zorakılıq mövzusu medianın, sosial şəbəkənin gündəmindən düşmür. Vaxtaşırı qadın qətlləri, zorakılıq barədə acı xəbərlər yayılır. Məişət zəminində baş verən ailə mübahisələri bəzən bədbəxt sonluqla bitir. Ər-arvad davalarında biri məzara, digəri həbsxanaya gedir. Uşaqlar isə başsız qalır.

Bəzən isə qadınlar son çarəni özlərinə qəsd etməkdə görürlər. Biləsuvar rayon sakini, Reyhan Hacıyeva kimi… Yadınızdadısa, bir neçə gün öncə özünü övladı ilə birgə su kanalına atmışdı. Ananı xilas etdilər, oğlu isə boğularaq vəfat etmişdi.

Baş Prokurorluğun yaydığı statistika mövzunu yenidən gündəmə gətirib. Açıqlamada deyilir ki, bu ilin I yarım ili ərzində 33 qadın cinayət qurbanı olub. 33 qadının həyatı bu və ya digər səbəbdən yarıda qalıb. Psixi problemi olan, spirtli içki və ya narkotik aludəçisi olan kişilərin psixi, fiziki zorakılığına məruz qalan 33 zərif cinsin nümayəndəsi… Hərçənd, müasir dövrdə bu ifadəyə də birmənalı yanaşılmır, amma mövzudan yayınmayaq.

Bir çox cinayətlər adət-ənənə, mental dəyərlər pərdəsi arxasında gizlədilir. Susmağı çarə kimi görən qadınlar nəticədə əbədi susdurulur. Bəs qadınlar niyə susur? Güman ki, təhsilsizlik faktoru önə çıxacaq. Lakin heç də sirr deyil ki, hətta təhsilli xanımlar da məişət zorakılığının qurbanı olur. Bir məqamı vurğulamaq yerinə düşər ki, təhsilli xanımın məsələyə yanaşması bir qədər fərqli ola bilər. Məsələn, o, psixi problemi olan, zərərli vərdişlərin aludəçisinə çevrilmiş yaxınını (atası, qardaşı, həyat yoldaşı) psixoloqa yönləndirə bilər. Və yalnız qarşı tərəf bununla razılaşsa, faciənin qarşısı alına bilər. Amma razılaşsa…

Zorakılığa məruz qalmış şəxslərin heç də hamısı hüquq-mühafizə və digər icraedici orqanlara müraciət etməyə cəsarət etmir. Səbəblər müxtəlifdir. Mental dəyərlər, “bəlkə peşman olar?” ümidi və s. Düşdüyü vəziyyətdən çıxmağa çalışanların bir çoxu isə hüquqlarını bilmir. Hara, hansı formada müraciət etmək lazımdır?  

Əgər Azərbaycanda hansısa qadının hüququ tapdalanıbsa...” – Hafiz Hacıyev etiraz etdi - Pia.az

Qadın hüquqları ilə bağlı aksiyalarda İstanbul Konvensiyasına qoşulmağın vacibliyi vurğulanır. İstanbul Konvensiyası təkcə qadınlara qarşı yox, ümumiyyətlə, ailədaxili zorakılığa qarşı Avropa Şurasının razılaşmasıdır. Sənəd 10 ildir qüvvədədir. Gender bərabərliyi, şiddətin qarşısını almaq üçün mübarizə aparmağa hazır olan dövlətlər bu Konvensiyaya qoşula bilərlər. 46 ölkə və Avropa İttifaqı tərəfindən imzalanan Konvensiya 34 ölkədə ratifikasiya edilib.

Real duruma baxsaq, mövcud qanunvericiliyə görə, məişət zorakılığına məruz qalmış şəxsin müraciəti əsasında öncə tərəflərlə hüquqşünas və psixoloq söhbəti olur. Əgər bunun müsbət nəticəsi olmazsa, zərərçəkmiş mühafizə ordeni ilə təmin olunur. Bu orden zərərçəkmişə qarşı narahatedici hərəkətləri qadağan edir. Bundan əlavə, zərərçəkmişlərin yardım mərkəzləri ilə təmin edilmə hüququ var. Yeri gəlmişkən, ötən ay  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi açılıb. 30 nəfər üçün nəzərdə tutulan şöbədə sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.

Hüquq müdafiəçisi Günel Səfərova qadınlara qarşı zorakılıq halları ilə mübarizədə qanunvericilik aktlarının olduğunu, lakin icraatda boşluqlar olduğuna diqqət çəkir:

“Ümumiyyətlə, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olsa da, təəssüf  ki, statistika düzgün aparılmır. Qadınların çoxu zorakılığın müxtəlif formalarına məruz qalsalar da, bu haqda susurlar. Qanunvericilik bərabərlik prinsipinə əməl edir amma qoruma mexanizmlərimiz qanunda və icrada olduqca zəifdir. Məsələn, fiziki zorakılığa məruz qalan qadın hüquq mühafizə orqanlarına müraciət etdikdə reaksiya hər zaman adekvat və ya hüquqi çərçivədə olmur. Deyək ki, bu instansiyada daha effektli iş gördü və məsələ zorakılıq törədənin uzaqlaşdırılması ilə nəticələndi.

Günel Səfərova icraçı direktor təyin edildi

Günel Səfərova: “Qadınların çoxu zorakılığın müxtəlif formalarına məruz qalsalar da, bu haqda susurlar”

Praktikada görünən odur ki, qısa müddətli və ya uzun müddətli mühafizə orderinin verilməsi dərhal baş vermir və bu müddət ərzində qurbanı qoruma mexanizmi demək olar ki, yoxdur . Sığınacaq yoxdur və qadının sosial problemlərini həll edən normal dəstək paketimiz yoxdur. Eyni zamanda zorakılıq törədənlə sosial, psixoloji iş aparılmır. İşlək mexanizmlərin, preventiv qoruma metodların tətbiq olunması mütləqdir. Hər halda dövlətimiz bu sahədə 2023-cü ilə kimi qəbul edilmiş milli fəaliyyət planına ciddi əməl etməli və koordinasiyanı gücləndirməlidir”.

Mövzu ilə bağlı psixoloq rəyi almaq da yerinə düşər. Gülər Məmmədova təcrübəsindən gəldiyi qənaətə görə bildirir ki, ailə zorakılığının ən geniş yayılmış forması fiziki zorakılıqdır. Kişilər kiçik səbəblərə görə də qadına qarşı zor tətbiq edə bilir:

Gülər Məmmədova | Gənc Ailə

Gülər Məmmədova: “Kişilərin zorakılığa əl atmasının səbəbi ilk növbədə ailə tərbiyəsi ilə bağlıdır”

“Qəddarlıq qadın üzərində gücünü göstərmək vasitəsidir. Bu, ailədə böhrana gətirib çıxarır. Konfliktlər ya ölümlə nəticələnir, ya da boşanma ilə. Kişilərin zorakılığa əl atmasının səbəbi ilk növbədə ailə tərbiyəsi ilə bağlıdır. Atasının anasını döydüyünü görən oğlan uşağı gələcəkdə belə qəddarlığı xanımına tətbiq edir. Qadını qorxutmağı özünü təsdiq üçün bir vasitə hesab edir. Qadınların bir çoxu kiçik zorakılıq əməllərini bağışlayır, evliliyin ilk dönəmində normal hal kimi, keçici davranış kimi  qəbul edirlər. Praktikadan gəldiyimiz nəticə budur ki, zorakılığa məruz qalan şəxs haqqını tələb etmir. Psixoloji-emosional zorakılıq da geniş yayılmış haldır-alçaltma, təhqirlər, tənqidlər… Yaxşı olar ki, qadınlar vaxtında müvafiq qurumlara və ya şəxslərə müraciət etsinlər. ”

Qeyd etmək yerinə düşər ki, 2020-ci il 1 dekabr tarixindən etibarən Azərbaycanda gender əsaslı zorakılıqla bağlı yeni QAYNAR XƏTT fəaliyyətə başlayıb. 

Gender balansının stimullaşdırılmasında medianın rolu … - Modern.Az Azərbaycan və dünya xəbərləri

Gender əsaslı zorakılığa məruz qalmış şəxslər, xüsusilə zorakılıqla üzləşmiş qadın və qızların müraciəti üçün nəzərdə tutulmuş qaynar xəttin nömrəsi 860-dır.

Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür.

Qaynar xəttə müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. 

860 qaynar xətti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNFPA (BMT-nin Əhali Fondunun)  birgə əməkdaşlığı ilə yaradılıb.

Nigar HƏSƏNLİ,




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir