cimerlik

Qadın və kişilər üçün ayrıca çimərlik olmalıdırmı? – DİNİ YANAŞMA

Baxış sayı: 550

Baş Prokurorluq internet resurslarında bir-birini təhqir edən şəxslərə xəbərdarlıq edib. Bu barədə prokurorluğun məlumatında deyilir. Bildirilib ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılması halları baş verir.

Sənəddə vurğulanır ki, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslərin barəsində kəskin və təhqiramiz ifadələr işlədib.

Bunun davamı olaraq baş verən müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb. Sənədə görə, bununla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub. Prokurorluqda həmin şəxslərlə aparılan söhbət zamanı belə yazıların yanlış olduğunu dərk etdiklərini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onlara xəbərdarlıq elan edilib. Xatırladaq ki, Təyyar Hüseynli çimərliklərə öz xanımları ilə gələn kişiləri qınayıb və təhqir edib. O, gender prinsipi üzrə ayrı-ayrı çimərliklərin yaradılmasını təklif edib.

 

Qanunun tələbləri öz yerində, bəs dinimizin belə məsələlərə yanaşması necədir?

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı aşağıdakıları dedi: “Hər kəs fərdi davranış tərzini özü seçir. Allah bu rəftarlarda haramdan çəkinməyə görə cəza, savab əməllərinə görə mükafat vəd edir. Allah insanı faili-muxtar olaraq yaradıb və iradəsi öz ixtiyarında olan bir insanın davranışına başqasının qarışması da yolverilməzdir. ”Quran-Kərim” insanların həm Allah qarşısında, həm də insanlara münasibətdə davranışlarını tənzimləməyi buyuran əxlaqi vəzifələrini yerinə yetirməyə dəvət edir. İnsanla Allah arasındakı rabitə sevgi və itaətə əsaslanır. Dinimiz eyni zamanda insanların yaşadıqları cəmiyyətdəki fərdlərlə münasibətlərini tənzimləyən mesajlar verir.

 

Rəsul Mirhəşimli: “Öz ixtiyarında olan bir insanın davranışına başqasının qarışması yolverilməzdir”

Bütün səmavi dinlərin mahiyyəti insanlığı yanlış düşüncə və davranışlardan xilas etmək, fəzilətli fərdlər yetişdirmək və belə şəxslərin formalaşdıracağı cəmiyyətlər yaratmaqdır. “Quran-Kərim” də buna nail olmaq üçün əvvəlcə imana əsaslanan bir infrastruktur yaradıb, bunun üzərinə insanların dini, şəxsi, ailə və ictimai həyatlarında əməl etməli olduqları əxlaqi prinsipləri ehtiva edən əmr və qadağalar qurub. İnsan öz varlığını nizamlı şəkildə davam etdirmək üçün bir cəmiyyətdə yaşamalıdır. O cəmiyyətdə insanların birlikdə dinc yaşaması üçün müəyyən qaydalara əməl olunmalıdır. İctimai həyatı tənzimləyəcək ünsürlər arasında ilk sırada hüquq və əxlaq gəlir. Allah “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” ayəsinin hikməti ilə insanı əxlaqını gözəllişdirməklə bütün yaradılmışlardan üstün olmağa çalışmanın vacibliyini bəyan edir.

“Qurani-Kərim” yaxşı işlər görənlərin mükafatını “Nəhl” surəsinin 97-ci ayəsində bu şəkildə açıqlayır: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)”. Bir sözlə, müsəlman olanın (kişi, yaxud qadın fərqi olmadan) vəzifəsi haramdan uzaqlaşmaq, günahlardan qorunmaqdır”

Dərsliklərə dini mövzular salarkən çox ehtiyatlı olmalıyıq – Ekspert rəyləri

Kənan Rövşənoğlu:  “Kimsə inancına görə qadın-kişi ayrı olan çimərliyə getmək istəyirsə, onlara bu haqq tanınmalıdır”

Dini ekspert Kənan Rövşənoğlu da mövzu ilə bağlı bunları bildirdi: “Mən açığı, Təyyar Hüseynlinin yazısını oxumamışam. Yalnız sosial şəbəkələrdə bir cümlə görmüşəm. Əlbəttə, bir ilahiyyatçının insanları təhqir etməsi doğru deyil. İlahiyyatçının işi nəsihət və gözəl sözlərlə insanları dinə dəvət etmək, onlara dinin olar-olmazını başa salmaqdır. Bu məsələdə onunla həmfikir olmaq mümkün deyil. O ki qaldı qadınlar və kişilərin eyni çimərlikdən istifadə etməsinə qarşı olması və ayrıca qadın-kişi çimərliyinin olması fikrinə, burada o haqlıdır. Bu mənada ki, İslam dininin bu mövzuda yanaşmasını ifadə edib. İslam dini bunu birmənalı olaraq qəbul etmir və dinə əsasən bu mümkün deyil. Sadəcə belə desək, ifadə tərzi uyğun olmayıb. Amma ümumilikdə yanaşması dini baxımdan doğrudur.

İndiyə qədər bir çoxları bu təklifi irəli sürüb. Məsələn, Türkiyədə artıq müsəlman qaydalarında hotellər, çimərliklər fəaliyyət göstərir. Müsəlman ölkəsi olaraq seçim imkanı tanınması yaxşı olardı. Yəni kimsə ümumi çimərliyə istəyirsə, gedə bilər, kimsə inancına görə qadın-kişi ayrı olan çimərliyə getmək istəyirsə, onlara da bu haqq tanınmalıdır. Burada bir problem yoxdur, əksinə, inanclı vətəndaşların haqları nəzərə alınmış olar”.

Yada salaq ki, ilahiyyatçı Hacı Təyyar mediaya açıqlamasında, “arvadının alt paltarının rənginədək hamı görürsə, belə namuslu ailə olur? Üzr istəyirəm, sənin həyat yoldaşını sən görmək istədiyin tərzdə hamı artıq görüb”, – deyə bildirib. O, qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən bunu deyib: “Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar? Kişi ilə qadının fərqi çoxdur. Bu fərq Allahdan yaradılıb. Bütün sahələrdə qadınlarla kişilər fərqlənirlər. Onları istər bioloji, fizioloji və digər cəhətdən maksimal dərəcədə fərqləndirmək lazımdır”.

Hacı Təyyar onu da  bildirib ki, qadınla kişi çimərliyinin bir yerdə olması, onların bir çimməsi sovet dövründən qalıb: “Qadınla kişi hamamı, saunası eyni olur? Əlbəttə, xeyr! Artıq camaat lütdür. Afrikadakı insanlarda açıq-aşkar utanmaq hissi yoxdur. Hər yerin öz forması var. Bütün yerlər üzrə geyim var. Kişi və qadın çimərlikləri sauna və hamamlar kimi ayrı olmalıdır”.

İlahiyyatçının sözlərinə dəstək verənlər olsa da, onu qınayanlar, qadınlar haqda kobud və təhqir dolu ifadələrdən istifadə etdiyini deyənlər də az olmayıb…

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir